Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdən olan bu qurultayın 100 illik yubileyi, əhəmiyyəti və qarşıda duran vəzifələrlə bağlı dilçi alim, akademik Nizami Cəfərov Bizim.Media-ya müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Nizami müəllim, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın Bakıda təşkili o dövr üçün hansı siyasi və mədəni məna daşıyırdı?
- Bu qurultay digər ölkələrdə, Orta Asiyanın şəhərlərində də keçirilə bilərdi. Amma Bakı o zaman universiteti, elmi-tədqiqat mərkəzləri olan, mədəni mühiti formalaşmış, türk dünyasına yayılan ədəbi-publisistik nəşrləri olan bir şəhər idi. Bundan başqa yeni əlifbaya keçid məhz Azərbaycanda başlamışdı. 1922-ci ildə yaradılan Ümumittifaq Əlifba Komissiyası Bakıda yerləşirdi və onun rəhbəri Səmədağa Ağamalıoğlu da azərbaycanlı idi, əlbəttə bu məsələdə onun da böyük xidməti vardı.
Qurultayın əsas məramlarırndan biri də elə əlifba məsələsi idi, ona görə də bu, qurultayın keçirilmə məkanına öz təsirini göstərmişdi. Bakının coğrafi yerləşməsi də əlverişli sayılırdı, qonşu ölkələrdən gələn iştirakçılara ciddi nəqliyyat problemi doğurmurdu. Bakı həm də – Türkiyəyə, İrana bir qapı idi, türk xalqları ilə əlaqələr vardı.
- Sovet İttifaqının türkçülüklə bağlı belə bir mötəbər tədbir keçirməsində nə marağı vardı?
- Sovet İttifaqının bu qurultayın təşkilində məqsədi dünya kommunist hərəkatının yayılmasına xidmət etmək idi. Bütün dünyaya göstərmək istəyirdi ki, Sovet İttifaqı öz tərkibində yaşayan xalqlara necə böyük hörmət edir – onların mədəniyyətinin inkişafı, kütləvi savadlanma üçün nələr edir. Şərq xalqlarını da kommunizmə cəlb etmək istəyirdi. Çünki bundan 4 il əvvəl Nəriman Nərimanovun rəhbərliyi ilə Şərq Xalqlarının Simpoziumu baş tutmuşdu. Yəni bu həm də ümumi Kommunist İnternasionalizminin bir faktı idi.
“Dildə, fikirdə, işdə birlik”
- Türk xalqlarının birliyi baxımından bu qurultayın tarixi rolu nədən ibarətdir?
- Bu qurultay göstərdi ki, türk xalqları bir yerə yığılıb bu və ya digər ideologiyanın təsirindən asılı olmayaraq öz problemlərini müzakirə etmək iqtidarındadır. Bunlar elə böyük məsələlər idi ki, onları türk xalqları ayrı-ayrı müzakirə edib bir nəticəyə gələ bilməzdilər.

Qurultay İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” deyimi simvola çevrildi. Əsas məsələ yeni əlifba və orfoqrafiya yaratmaq idi. Ümumtürk terminologiyasını hazırlamağı məqsəd qoymuşdular. İstər-istəməz müzakirələrin gedişatı türk xalqlarının daha da birliyinə gətirib çıxarırdı. Bu müzakirələrin nəticəsi olaraq yeni latın əlifbasına keçid olundu.
- 1926-cı ildən bu günə qədər türkoloji elmin inkişafında bu qurultayın təsiri necə hiss olunur?
- Çox təəssüf ki, türk dünyasının böyük adlarından olan Oljas Süleymenov bildirirdi ki, Birinci Türkoloji Qurultayda heç bir elmi məsələ qaldırılmayıb. Yəni qurultayın elə bir elmi əhəmiyyəti olmayıb. Bu haqsız, bir az da insafsız yanaşmadır. Qurultayda ən müxtəlif məsələlər – türk xalqlarının tarixindən, etnoqrafiyasından, türk dilinin dünya dilləri arasında yerindən, qədim türk yazılı abidələrindən başlamış müasir dildə türk dilinin, ədəbiyyatının vəziyyəti, etnoqrafik problemlər – bütün bunlar olduqca yüksək səviyyədə müzakirəyə çıxarılmışdı. Həm də dövrün ən məşhur alimləri orada iştirak ediblər.
Sadəcə ilk qurultaydan nəsə böyük akademik işlər gözləmək düzgün deyil. Bu qurultay elmi-praktik məqsəd daşıyıb. Həmin qurultayı haqlı olaraq bir tükologiya dərsliyi adlandırırlar.
İkinci qurultaya ehtiyac olmadı
- Müasir türkologiyada Birinci Qurultayın hansı qərarları hələ də aktualdır?
- Həmin qurultayda türk ədəbi dili məsələsi ilk dəfə qaldırıldı. Hansı dil ortaq ünsiyyətə xidmət etməlidir? Bax bu məsələ bu günə qədər həll olunmamış qalır. Hələ də onun mübahisəsi və müzakirəsi gedir. Bundan başqa Birinci Qurultayda ciddi tarixi nöqsanlara da yol verilib.
Məsələn, akademik Bartold türk xalqlarını köçəri adlandırıb. Türk tayfalarından danışıb, halbuki türklərin nəhəng imperiyaları olub. Yaxud türkoloq Sergey Malov da heç bir sübut gətirmədən qədim türk yazılı abidələrinin İran mənşəli olduğunu deyib. Əlbəttə, bütün nöqsanlarla yanaşı unutmaq olmaz ki, Birinci Türrkoloji Qurultayın türk dünyasında böyük yeri və əhəmiyyəti olub. Bu qurultay öz vəzifəsini o qədər gözəl yerinə yetirdi ki, ondan sonra heç ikinci qurultaya ehtiyac olmadı.
- O dövrdə qəbul olunan ideyaların bu gün türk dövlətləri fəaliyyətində əksi varmı?
- 1930-cu illərdə qurultayın qərarlarının çoxunun həyata keçməsinə maneə törədildi. 1960-cı illərdən etibarən Sovet İttifaqının sərt siyasəti nisbətən yumşalandan sonra türk xalqları ilə müəyyən əlaqələr formalaşdı, qarşılıqlı əməkdaşlıq başladı. Türkiyədə dəfələrlə ümumtürkoloji simpoziumlar keçirirldi. 70-ci illərdə “Sovetskaya türkologiya” jurnalı çap olunmağa başladı.
Bunların hamısı qururltayda səslənən ideyaların sovet rejiminin verdiyi imkanlar çərçivəsində inkişafı idi. Cəmi 20-30 il unutdura bildilər. Sonra tarix yenə öz keçmişinə üz tutmağa başladı. İndi də biz illərdir o qurultayın yubileylərini qeyd edirik və bu, həmin ideyaların türk dövlətlərinin fəaliyyətində yaşadılması deməkdir.
- O zamanın ideyalarını bu gün həyata keçirməyin qarşısında hansı çətinliklər var? Məsələn ortaq əlifba, ortaq dil, ortaq terminologiya və tədris-metodika kimi...
- Çətinliklər indi azdır. Mədəni və intellektual baxımdan türk xalqları olaraq o problemləri həll etməyə hazırıq. Mövcud problemlər ortaya çıxır, müxtəlif müzakirələr aparılır. O problemləri həll etmək bizim imkanımız daxilindədir. Bu gün bir çox türk xalqlarının yeni əlifbaya keçməyinə imperialist maraqlar mane olur. Məsələn Rusiyada, Çində yəni öz tarixi torpaqlarında yaşayan türklərin latın əlifbasına keçməsinə süni əngəllər yaradılır. Bu xalqların yeni əlifbaya keçməsinə texniki imkanları var, lakin beynəlxalq, imperialist qüvvələr buna imkan vermir. Yəni birinci şərt həyata keçsə, bütün türk xalqları latın qrafikasın keçid alsa, sonrakı prrosesdə hər xalqa uyğunlaşdırılma prosesi də asanlaşar.
- 100 illik yubiley çərçivəsində digər beynəlxalq və yerli tədbirlərin təşkili planlaşdırılırmı?
- Cənab Prezidentin bununla əlaqədar sərəncamından da görünür ki, qurultayın vətəni olan Azərbaycanda çox ciddi işlər planlaşdırılır. AMEA-da artıq biz bu məsələ ilə bağlı bir neçə tədbirlər, görüşlər, müzakirələr keçirmişik. AMEA prezidenti İsa Həbibbəyli elm adamlarımızın qurultayın təhlili və təbliği sahəsində görülməli işlərlə bağlı geniş planları olduğunu qeyd edib.

Qurultayın keçirilməsi ilə bağlı Türk Dil Qurumunun da xüsusi xidmətləri var. Qurumun başqanı Osman Mərd dəfələrlə tədbirlərin təşkili bağlı Azərbaycana gəlib. Digər türk qurumları və mərkəzlərinin də çox böyük planları var və düşünürəm ki, bizi çox möhtəşəm bir yubiley gözləyir. Vaxtilə bu qurultayı bizə unutdurmaq istədikləri üçün biz bunun əvəzini çıxmalıyıq, qurultay barədə çox geniş, dərin düşünməliyik: türk dövlətlərində və türkologiya elmində onun rolunu qiymətləndirəcək işlər görməliyik.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 28.10.2025
“Türk xalqlarının yeni əlifbaya keçməyinə imperialist maraqlar mane olur” – Nizami Cəfərovla MÜSAHİBƏ
Hazırda oxunan: “Türk xalqlarının yeni əlifbaya keçməyinə imperialist maraqlar mane olur” – Nizami Cəfərovla MÜSAHİBƏ
Hazırda oxunan: “Türk xalqlarının yeni əlifbaya keçməyinə imperialist maraqlar mane olur” – Nizami Cəfərovla MÜSAHİBƏ
577506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































