Tədqiqatçılar bildirirlər ki, balıq yağı kapsulları qəbul etmək və ya yağlı balıq yemək uşaqların yuxu keyfiyyətini yaxşılaşdırır. Yağlı balıqlarda olan omega-3 yağ turşularının səviyyəsinin artırılması uşaqların daha uzun müddət yatmasına və gecə daha az oyanmasına kömək edir.
Bizim.Media xəbər verir ki, Oksford Universitetinin tədqiqatçıları 7–9 yaş arası 352 uşaq arasında araşdırma aparıblar.
Valideynlər tərəfindən doldurulan sorğuların qiymətləndirilməsindən sonra məlum olub ki, hər on uşaqdan dördü müntəzəm yuxu problemlərindən əziyyət çəkir.
Tədqiqat müddətində iştirakçılara balıq yağı kapsulları və plasebo verilib.
Hərəkətləri izləmək üçün 43 uşağın biləyinə sensorlar quraşdırılıb və beş gecə boyunca hərəkətləri müşahidə olunub.
Nəticələr göstərib ki, gündə balıq yağı kapsulu qəbul edən uşaqlar plasebo qəbul edənlərə nisbətən 58 dəqiqə daha uzun yatıblar və gecə ərzində yeddi dəfə daha az oyanıblar.
Həmçinin tədqiqat komandası əvvəllər diqqətini məktəbdə cəmləşdirə bilməyən uşaqların qanında omega-3 yağ turşularının səviyyəsinin aşağı olduğunu aşkarlamışdı.
“Omega-3 və omega-6 yağ turşularını əhatə edən müxtəlif maddələr yuxunun tənzimlənməsində əsas rol oynayır.
Məsələn, dokosaheksaen turşusunun nisbəti aşağı olduqda melatonin səviyyəsi də aşağı olur ki, bu da bizim nəticələrimizlə üst-üstə düşür:
qanında turşu səviyyəsi aşağı olan uşaqlarda yuxu problemləri müşahidə olunur”, - deyə Oksford Universitetinin professoru, tədqiqatın aparıcı müəllifi Pol Montqomeri bildirib.
Omega-3 yağ turşularının ən faydalı xüsusiyyətlərindən biri dokosaheksaen turşusudur ki, bu da sinir hüceyrələrinin qarşılıqlı əlaqəsini dəstəkləyir.
Odur ki, uşaqlara və böyüklərə həftədə ən azı iki dəfə, o cümlədən bir porsiya yağlı balıq, məsələn, losos yemək tövsiyə olunur.
Bizim.Media
































































































