Dəmir çarpayıda keçən ÖMÜR – Erməni həkimin əlil qoyduğu Nəbi Rzayevin İZİ İLƏ - FOTO

Dəmir çarpayıda keçən ÖMÜR – Erməni həkimin əlil qoyduğu Nəbi Rzayevin İZİ İLƏ - FOTO

Hazırda oxunan: Dəmir çarpayıda keçən ÖMÜR – Erməni həkimin əlil qoyduğu Nəbi Rzayevin İZİ İLƏ - FOTO

574617

Bu gün Qusar şəhərində mənəvi dəyərlərlə yoğrulmuş, həzin xatirələrlə dolu yaddaş tədbiri keçirilib. Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbir mərhum jurnalist-publisist, Həsənqala kənd sakini Nəbi Rzayevin əziz xatirəsinə həsr olunub. Tədbir “Bir ülfətin işığında” adlanırdı — adını isə mərhum şairə Kəmalə Ağayevanın eyni adlı şeirindən almışdı. Şeir Nəbinin himayədarı olmuş professor Zemfira Verdiyevaya ithaf edilib.

Çıxışçılar 15 yaşında onurğa sütunundan əməliyyat zamanı erməni həkim Sveta Baçanyanın səhvi nəticəsində ömürlük yatağa məhkum edilən, lakin bu ağır taleyə rəğmən peşəkar ali təhsil alaraq jurnalist kimi fəaliyyət göstərən Nəbi Rzayevin çətin həyat yolundan və nümunəvi mübarizəsindən danışıblar.

Tədbirin ilk çıxışçısı Azərbaycan Dövlət Televiziyasının proqram direktoru Bəxtiyar Qaraca olub.

O, Nəbi Rzayevin həyatını 1993-cü ildə çəkdiyi “Bu Vətən sənindir” adlı sənədli filmdə işıqlandırdığını qeyd edib. Bəxtiyar Qaraca deyib ki, uşaq yaşlarında təsadüfən yıxılan Nəbi, Bakıda əməliyyat zamanı erməni həkimin səhvi nəticəsində əlil olsa da, bu hal onun yaşamaq eşqini azaldan deyil, daha da artıran səbəbə çevrilib.
 

Rejissor eyni zamanda 2019-cu ildə, 25 ildən sonra, Nəbinin həyat yoldaşı Nazilə Rzayevanın xahişi ilə “Yaşamaqdan doymayanlar” adlı ikinci sənədli film çəkdiyini bildirib. O vurğulayıb ki, Nəbi Rzayev yaşamaq istəyi və iradəsi ilə çoxlarına nümunə olub.


Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Zeynalova da çıxış edərək nənəsinin ailəvi şəkildə Nəbigilə baş çəkməsindən və mərhum sənətkarın Nəbiyə hər zaman dərin hörmət göstərməsindən danışıb.

Daha sonra YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, sədr müavini və Nəbinin tələbə yoldaşı Neva Aydəmirova, jurnalist Kəmalə Mirzəyeva, Həsənqala kəndinin ziyalıları — məktəb direktorları Şöhran Hacəliyev və Babacan Zəkiyev çıxış edərək mərhum jurnalistlə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Çıxışlarda xüsusilə vurğulanıb ki, Nəbinin ali jurnalistika təhsili alması üçün 1986-cı ildə Qusar rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuş Ramazan Bədirov və həmin dövrdə Azərbaycan Xarici Dillər İnstitutunun rektoru olmuş professor Zemfira Verdiyeva mühüm rol oynayıblar. Zemfira xanım Nəbini oğlu kimi sevib və ömrünün sonuna qədər onu unutmayıb.

Tədbirdə məktəblilər mərhum jurnalist Nəbi Rzayevin şeirlərini səsləndirib, onun və Zemfira Verdiyevanın obrazlarını səhnələşdirməyə çalışıblar.

Sonda mərhum jurnalist haqqında çəkilən sənədli filmin nümayişi olub. Ardınca Nəbinin həyat yoldaşı Nazilə Rzayeva tədbirin təşkilinə görə təşəkkür edib, xüsusi olaraq Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun dəstəyini yüksək qiymətləndirib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO