Firudin Cəlilov: “20 ildir təhsildən uzaq düşsəm də...”

Firudin Cəlilov: “20 ildir təhsildən uzaq düşsəm də...”

Hazırda oxunan: Firudin Cəlilov: “20 ildir təhsildən uzaq düşsəm də...”

57111

Keçmiş təhsil naziri, istiqlalçı deputat, görkəmli ziyalı Firudin Cəlilov Moderator.az vasitəsilə ölkə müəllimlərini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edərək ötənlərə qısa ekskurs edib, qarşıda duran vəzifələr barədə fikirlərini paylaşıb:

"Mən Azərbaycanın ən cəfakeş peşə sahibləri olan bütün müəllimlərimizi təbrik edirəm. Amma bu bayram ovqatını pozmamaq şərtilə bir-iki cümlə əlavə fikir də bildirmək istərdim. Vaxtilə Atatürkə müraciət ediblər ki, millət vəkillərinin, məmurların maaşını nə qədər yazaq? Bircə cümlə ilə deyib ki, elə edin müəllimlərdən yuxarı olmasın. Yəni inkişaf etmək istəyən cəmiyyətdə müəllimə münasibət belə olmalıdır. Çünki bütün cəmiyyət müəllimin əlindən gəlib keçir. O adam yoxdur ki, onun həyatında, taleyində hansısa məqamda müəllimin yeri olmasın. Bir sözlə, müəllimin əlləri sanki cəmiyyəti hazırlayan bir sistem rolunu oynayır. Əgər bu əllər çirklidirsə, təbii ki, həmin əllərdən çıxan cəmiyyətdə də çirkab xirtdəyəcən olacaq. Ona görə də bu sahəni xilas etmək üçün birinci müəllimin əllərini təmizləmək lazımdır. Onun da bu günədək bəlli olan və sınaqdan keçən yolları var. Yəni yaxşı müəllimlə ortabab və ya pis müəllimi bir-birindən seçən çox ciddi kriteriyalar olmalıdır. Tutaq ki, biri 300 manat alırsa, o birisi bundan 10 dəfə savadlıdırsa və yaxşı şagird hazırlayırsa, uşaqlarda vətənpərvərlik aşılaya bilirsə, sağlam gənclik yetişdimək iqtidarında və təşəbbüsündədirsə, heç olmasa ona da 3 dəfə artıq-900 manat məvacib verilməlidir. Təbii ki, qeyd etdiyim rəqəmlər şərtidir. Sözümün canı idur ki, qiymətləndirmədə elə kriteriyalar işlənilməlidir ki, yaxşıyla pis auditoriyada da, cəmiyyətdə də fərqlənsin. O zaman artıq daxili bir senzor mexanizmi yaranacaq ki, nisbətən zəif müəllimlər çalışaraq yüksək kateqoriyaya düşmək üçün üzərində işləməyə məcbur olacaq. Buna nail ola bilməyənlərsə bir neçə il işləyib sonda pisikərək özü ərizəsini yazmağa məcbur olacaq. Bu bir çıxış yoludur. Təbii ki, digər müxtəlif yollar da var. Cəmiyyətdə həmişə müəllim üstün mövqedə olmalıdır. Etiraf edək ki, sovet dönəmində bir müddət belə olub. Ötən əsrin 40-50-ci illərində bir kəndə qonaq gələndə məktəbin direktorunun evini soruşarmışlar. Gedib ona qonaq olarmışlar. Çünki kənddə ən hörmətli adam direktor sayılırdı. 60-70-ci illərdə isə kəndə qonaq gedən kolxoz sədri və ya sovxoz direktorunun evinin yerini soruşardı. Sovetlərin çöküşünədək bu proses davam etdi və müstəqilliyimizin ilk illərində də ölkə təhsilində çox böyük geriləmələr başladı. Amma biz bir ilin içərisində təhsil sahəsində o qədər böyük reformalar həyata keçirdik ki, bu sistemi tənəzzüldən xilas edərək ciddi inkişaf xəttinə yönəldə bildik. Son 20 ildə jurnalistlər də əsasən təhsillə bağlı mənə sual vermələrindən belə çıxır ki, cəmisi bir il təhsil naziri olsaq da adımızı təhsil tarixinə yazdıra bilmişik və bu sistemdə inqilabi islahatlar həyata keçirməyə nail olmuşuq. Halbuki məndən qabaq da onlarla nazir olub və sonra da bir neçə nazir dəyişib. Bunlar heç yada da düşmür. Biz bir ilin içində gözəl bir təhsil qanunu hazırladıq, test imtahanlarını Azərbaycana gətirdik, şagirdlərin sinifdə sayını ikiqat azaldaraq müəllimlərin dərs yükünü 2-3 dəfə azaltdıq ki, əlavə dərs deyərək daha çox qazanmaq imkanı olsun. Yaqub Məmmədovun vaxtında orta məktəb müəllimlərinin maaşını 3 dəfə artırdıq. 91-92-ci illəri yadınıza salın, o zamanlar elə bir  dövr idi ki, kişi müəllimlər maaş azlığından məktəblərdən baş götürüb gedirdilər. Bu vəziyyət bir müddət də davam etsəydi demək olar ki, təhsil sistemi tamamilə dağılacaqdı. Bunun qarşısını almaq üçün oturub Yaqub müəllimlə məsləhətləşdik, orta məktəb müəllimlərinin maaşını birdən-birə 300 faiz artırdıq. Nəticədə ərizə yazıb məktəbdən gedən kişi müəllimlərin ən azı yarısı geri qayıtdı. Təhsil hər bir dövlətin strateji sahəsidir, ona görə də bu sahəyə həmişə həm qayğı, həm də nəzarət olmalıdır. Cəmiyyət müasir dünyanın sürətli dəyişilmələriylə ayaqlaşmağa çalışsa da təhsil sistemimiz çox vaxt geridə qalır. Biz bu gün bir çox orta məktəblərdə keçən əsrin 50-ci illərindən qalma proqramlarla şagird və tələbə hazırlamalı oluruq. Bunun nəticəsidir ki, təhsil sistemimizdə çox böyük fəsadlar var və bu gedişlə də vəziyyət yaxın vaxtlarda düzələnə oxşamır. Mən 20 ildir təhsildən uzaq düşsəm də kənardan müşahidələrim mənə belə bir bədbin proqnozla çıxış etmək imkanı verir. Əvvəla, proqramlar və dərsliklər tamamilə dəyişməlidir. Sonra tədris sistemi dəyişməlidir. Biz artıq 92-ci ildə təhsilin bakalavr və magistr pillələrini qanuna qoymuşduq. Bu Boloniya sisteminin bir parçasıdır. Amma bizim Təhsil Naziriliyi az qala bundan 10 il sonra Boloniya sisteminə qoşuldu. İnamla və sürətlə başlayıb həyata keçirdiyimiz islahatlar öz bəhrəsini verməyə başlayanda isə hakimiyyət dəyişdi və məni o sistemdən uzaqlaşdırdılar, ona görə də bütün bu işlərin hamısı yarımçıq qaldı. Bir şey də deyim ki, hər şey dərslikdən başlayır. Biz bir ilin içində 80 yeni dərslik yazıb hazırladıq. Bu tarixdə olmayan bir inqilabi addım idi. Yəni birdən-birə 15-20 yeni dərslik hazırlanırsa bu artıq inqilabdır. Amma biz bir ilin içində 80 dərsliyi hazırlayıb redaktə etdirdirərək çap etdirdik. Təsəvvür edin ki, o vaxt ölkədə çap imkanları yox idi. Ölkədə müharibə gedirdi və büdcədə pul yox idi. Sabir Rüstəmxanlı o vaxt mətbuat və informasiya naziri idi. O dedi ki, bizim mətbəə gücümüz uzaqbaşı 10 adda dərslik çap etməyə çatar. O vaxt Ədalət Tahirzadə mənim müavinim kimi bu işlərə baxırdı. Onu Rusiyaya göndərdik getdi orda danışıqlar apardı və həmin dərslikləri Rusiyada çap etdirib gətirdik. Yəni məsələlərə o dövrün prizmasından yanaşanda gerçəkdən inqilab idi. İndiki imkanlar və texnologiyalar daxilində bunu etməyə nə var ki?

Bu bayram günündə həmin çatışmayan cəhətlərimizi də demək lazımdır ki, müəllim adının itmiş nüfuzunu geri qaytara bilək. Ancaq bayaq dediyim kimi, deyəsən bu nüfuzu asanlıqla qaytarmaq mümkün olmayacaq və hələ xeyli gözləməli olacağıq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO