Polis rəisi Gəncəyə gedən iki ölüm qatarını yarıyolda dayandırdı – ÖZƏL TƏFƏRRÜAT

Polis rəisi Gəncəyə gedən iki ölüm qatarını yarıyolda dayandırdı – ÖZƏL TƏFƏRRÜAT

Hazırda oxunan: Polis rəisi Gəncəyə gedən iki ölüm qatarını yarıyolda dayandırdı – ÖZƏL TƏFƏRRÜAT

56170

1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Sovet ordusu Bakıdakı qətliamlarla eyni vaxtda Gəncəni də qırğına məruz qoymaq niyyətindəydi.

Bizim.Media xəbər verir ki, Qorbaçovun imzaladığı fərmanla Bakı, Gəncə şəhərində və digər iri yaşayış məntəqələrində qadağa (komendant) saatı və digər sərt tədbirlərin görülməsinə göstəriş verilmişdi. 

20 Yanvarın Gəncə ssenarisi

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də xalq ayağa qalxmış, sanki Azadlıq meydanına əqidə birliyi nümayiş etdirərək, müstəqillik yolunda dönməz addımlar atırdı. Məqsəd sovetlər birliyindən tezliklə qurtulmaq, müstəqil bir dövlət qurmaq üçün dinc mübarizə olub. Bakının və Gəncənin ətrafına Sovet ordusu hissələri gətirildi. Onlar əsasən azərbaycanlılara qarşı nifrət hissi aşılanmış, vəhşiliklər törətməkdə təsrübəsi olan peşəkarlardan,  habelə erməni hərbçilərdən və ehtiyatda olan zabitlərdən ibarət idi. 

Kreml Bakıya və Gəncəyə eyni vaxtda hücum etməyi planlaşdırırdı

Bolşevik-daşnak birləşmələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədə də qətliam törətmək istəyirdilər. Amma qəhrəman, fədakar oğullarımız və qızlarımızın sayəsində bu planı həyata keçirməyə müyəssər ola bilmədilər. 

Gəncəyə gələn əcəlin Kürdəmir-Ucar dayanacağı

Həmin dövrlərin canlı şahidlərindən biri, hazırda Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədovdur. O dəhşətli günlərdə polkovnik-leytenant Məmmədov Gəncə dəmiryol stansiyasının polis şöbəsində SƏDM (OBXSS üzrə) bölmə rəisi işləyirdi. Şəhər ziyalıları və sakinlərin mərkəzi meydanda etiraz aksiyalarının qarşısının alınması üçün Sovet qoşun hissələrinin bir dəstəsinin Gəncə aeroportunda qərarlaşdığı haqqında məlumat artıq var idi.
 

Onlar Moskvadan Gəncəyə əlavə qüvvə-əsgər, zabit, habelə silah-sursat, hərbi texnika gətirən iki hərbi sursatla dolu qatarı səbirsizliklə gözləyirdilər. Qatarlar axşamüstü Gəncəyə çatmalı və dərhal şəhərə hücum başlanmalı idi.


Lakin həmin qatarlar mənzil başına çata bilmədi. Gəncəyə xalqı qırmaq üçün nəzərdə tutulan ölüm yükü gətirən bu qatarlar üç gün – yanvarın 19-dan 21-dək Kürdəmir və Ucar stansiyalarında saxlanıldı: 


“Moskvadan gələn 2674-2614 nömrəli qatarların Bakı-Gəncə istiqaməti ilə hərəkət etməsi barədə xəbər tutan kimi, özümü təcili Ucar dəmiryolu stansiyasına çatdırdım. Həmin vaxt o stansiyanın rəisi işləyən Namiq Rəhimovla görüşərək Ucardan keçəcək 2674 saylı qatarın saxlanılmasını tələb etdim. Əlbəttə N.Rəhimov qərarın arzuolunmaz nəticəsini xatırladaraq bunun hər kəsə, xüsusən də Ucar  əhalisinə böyük problemlər yaradacağını bildirdi. Mən bölmə rəisi kimi bu məsuliyyəti öz üzərimə götürdüm və qatar saxlanıldı. Şəraitdən istifadə edib özüm elektrovozun kabinəsinə qalxaraq maşinistdən aparılan yükün sənədlərini tələb etdim”. 

Sənədlərdə "St.Kirovabad” yazılmışdı” deyə Yusif müəllim xatırlayır. Bu təlimatdan xəbərdar olan Y.Məmmədov başa düşüb ki,  hərbi sursat ancaq "Zazalı” stansiyasında boşaldıla bilər. Beləliklə, 2674 saylı ölüm qatarı dayandırıldı. 

Ancaq 2614 saylı qatar isə hərəkətdə idi 

Həmin qatar da dayandırılmalıydı. Bu məqsədlə Y.Məmmədov təcili Kürdəmirə üz tutur. Birbaşa Kürdəmir Dəmir Yolu stansiyasının rəisi Allahverdi Bədəlovun kabinetinə girərək, vəziyyətdən onu agah edib və qəti şəkildə bildirib ki,  bu qatarın hərəkəti dayandırılmalıdır. Rəislə danışdıqdan sonra Yusif Məmmədov onu səbirsizliklə gözləyən camaatın qarşısına çıxaraq vəziyyət barədə məlumat verib. Bu xəbəri eşidən camaat dəhşətə gəlib. 

Relslərin üzərinə uzanmaqla 2614 saylı qatarın hərəkətini əngəlləyiblər  

Qatarlar saxlanıldıqdan sonra Yusif Məmmədov Gəncə aeroportunun o zamankı rəisi Adil Mövsümovla və onun müavini Valeri Kozinlə telefon əlaqəsi saxlayıb. Onlara bildirib ki, bu qatarlar Gəncəyə gəlməyəcək. Bir neçə gündən sonra Gəncə aeroportunda yerləşdirilən qoşun hissələri də geriyə - Moskvaya qayıdıb. 

Beləliklə, Gəncədə törədiləcək qırğının qarşısı alınıb. Gəncəni xilasına çalışanlar barədə isə Yusif Məmmədov söhbətini davam etdirir: 

“Gəncə Partiya Komitəsinin Birinci katibi Süleyman Məmmədov, Gəncə aeroportunun o zamanki rəisi Adil Mövsümov, rəis müavini Valeriy Kozin xalqla birlikdə həmin günlər Moskvadan xüsusi reyslə Gəncəyə göndərilən ordunun şəhərə girməyinin qarşısını aldılar. Qan tökülməsin deyə sovet hərbçilərinin rəhbərləri ilə danışıqlar aparıldı.
 

Gəncədə yaşayan ruslar V.Kozin, İ. Konev, İ.Kalaşnikova, Gəncə Partiya Komitəsinin 3-cü katibi Qennadiy Jarkov o vaxtkı Sovetlər Birliyinin rəhbərliyinə yazılı müraciətlər ünvanladılar. Hamımız əl-ələ verib Gəncədə Yanvar qırğınının qabağını aldıq”.


Onu da qeyd edək ki, Yusif Məmmədov qatarları Ucarda saxladığına görə, daha sonra ona minnətdarlıq əvəzinə cinayət işi açıblar.

Sovet ittifaqı dağıldığı üçün xoşbəxtlikdən bu cinayət işi də qapanıb. Qəhrəmanımız həmin günlər barədə qürurlandığı başqa hadisə də var:


“Hadisələrdən sonra jurnalistlərdən biri o zamanki SSRİ müdafiə naziri Yazova “Qatarlar o vaxt niyə gedib öz ünvanına çata bilmədi?” sualına Yazovun cavabı məni qürurlandırır: “Gəncəyə göndərdiyimiz eşalonu Gəncə Dəmiryol Polisinin əməkdaşı yarı yola saxlatdırmışdı”.

Bəlkə də adi səslənən bu cümlə 1990-cı ildə Qanlı 20 Yanvar hadisələrinin Gəncədə baş verməməsinin əsas səbəblərindəndir. 


Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO