“Xocahəsən qəsəbəsində hazırda metropolitenin nəzdində elektrik deposu inşa olunur. Deponun inşası 3 mərhələyə bölünüb bu da xəttin inkişafı ilə bağlıdır. İnşanın ilkin mərhələsi bu ilin sonuna qədər tamamlanacaq”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Cəfər Cabbarlı” - “Xətai” metro tunelində təmir nə vaxt başa çatır? - RƏSMİ
Onun sözlərinə görə, tikinti işləri tam sürətlə davam edir:
“Artıq gecə xidmət göstərən sahələrin işinin təşkilində əsas rol oynayan təsərrüfat qatarının istifadəyə verilməsində zərurət yaranıb və inşaatın son tamamlama mərhələsinə qədəm qoyulub. Hazırda bənövşəyi xətt üzrə əsas diqqət Xocahəsən elektrik deposu və onun tərkibində olacaq “Bakmil” tipli yerüstü stansiyasına yönəlib. Bu istiqamətdə işlər davam edir.
Həmçinin hərəkətin təşkili ilə bağlı mərkəzləşmə məntəqəsinin inşaasında da son tamamlama mərhələsi aparılır. Stansiyanın elektrik təchizatı ilə təmin olunması üçün artıq avadanlıqların quraşdırılması və sazlanması işləri görülür”.
Qurum rəsmisi həmçinin yerüstü stansiyaların inşasının zəruriliyini və fərqli tərəflərini diqqətə çatdırıb:
“Elektrik deposunda yerüstü stansiyanın də inşasına da zərurət var. Çünki Xocahəsən yaşayış baxımından sıx olan qəsəbədir. Buna görə də metropolitenin 2-ci yerüstü metrostansiyası olacaq.
Stansiyanın binasının inşaasında da son tamamlama işləri aparılır. Vestübüldə, keçidlərində, kassa zalı hissəsində artıq döşəmə və divarların üzlükləri vurulub. Hazırda həmin işlər platforma səviyyəsində davam etdirilir. Stansiyanın özündə “Bakmil”dən fərqli bir neçə məsələlər var. Birinci fərq budur ki, stansiya xəttin sonunda inşa ediləcək. Bununla da intervalı “Bakmil”dən fərqli olan, intensiv hərəkət təşkil etmək olacaq.
İkincisi isə bənövşəyi xəttimiz 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub və platforma 144 metr uzunluğunda inşa olunur.
3-cü isə sərnişinlərin stansiyaya qalxıb-düşməsi üçün 2 eskalator quraşdırılır. Ümumi olaraq gedən işləri nəzərə alsaq, pandemiya maneələri olmasa ilin sonuna qədər elektrik deposunun 1-ci mərhələsi, həm də stansiyanın istifadəyə verilməsi gözlənilir”.
Səkinə Yusibli, Bizim.Media