Xəbər verildiyi kimi fevralda televiziya və radiolarda səslənən mətnlərdəki səhvlərlə bağlı monitorinqin nəticəsi təqdim ediləcək. Bundan sonra efirdə qeydə alınan qüsurlara görə cərimələr tətbiq olunacaq.
Maraqlıdır, eyni cəza növü yazılı və sosial mediaya da tətbiq edilə bilərmi? Ümumiyyətlə, dil normalarının pozulması ilə bağlı cərimə tətbiqi doğrudurmu?
Bizim.Media mövzunu Əməkdar jurnalist, professor Qulu Məhərrəmli ilə müzakirə edib.
MÖVZU İLƏ BAĞLI:
Qulu Məhərrəmli: “Siyasi partiyaların mediası azad ola bilməz”
Professor dil normalarının pozulmasına görə cərimə təbiqini yalnış yanaşma adlandırıb:
“Ana dilimizin doğru-düzgün işlənməsinə, ədəbi dilimizin qaydalarının qorunmasına xidmət edən hansı addımlar atılırsa, bunları dəstəkləyirik. Amma cərimə məsələsində bir qədər fərqli fikirdıyəm. Hesab edirəm ki, Azərbaycan dilinin işlənməsi ilə bağlı hər hansı cərimənin tətbiq edilməsi vaxtından çox tezdir. Biz Fransa kimi bir dil polisi yarada bilmərik. Yaxud Baltikyanı ölkələrdə olduğu kimi dilə həssaslıqla bağlı tədbirlər kerçəkləşdirə, o cümlədən cərimələr tətbiq edə bilmərik”.
Qulu Məhərrəmli qeyd edib ki, jurnalistlərin hər hansı materialları işləyərkən, yerində olmayan söz, məna, üslub səhvinə, yaxud dilin öz sözü ola-ola alınma ifadələrdən istifadəsinə görə medianın cərimələnməsi absurddur:
“Belə yanaşma doğru deyil. İkinci bir tərəfdən cərimələrin tətbiq olunmasının çətinliyi var. Yəni hansı qayda pozulanda cərimə tətbiq olunacaq. Bu, üslub səhvimi olacaq, yoxsa fonetik və orfoepik nöqsanlar olacaq? Yazılı mediada, yaxud radio və televiziyada bu necə olacaq?
“Youtube” kanallarını bu, əhatə edəcəkmi? Bir sözlə xeyli suallar var? Bu baxımdan sözügedən məsələ ilə bağlı düzgün, aydın mənzərə və mexanizm olmalıdır. Fikrimcə, hansısa ədəbi redaktə və ya üslub səhvləri yaradan nöqsanları aradan qaldırmaq üçün media orqanlarında xüsusi üslubiyyətçi redaktor, böyük redaktor və ya prodüserlər var ki, onlar buna yol verməməlidirlər. Digər tərəfdən bu, sırf yaradıcılıq məsələsidir. Adamların bir qisminin dil duyğusu yüksəkdir, bir qism yazarınkı isə çox zəifdir. Əlbəttə söhbət kobud, dil qaydalarına zidd olan nöqsanlardan gedir. Məhz bunlarla bağlı addımlar atılmalıdır”.
Professor hesab edir ki, indiki halda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi media üçün müəyyən yaddaş kitabçaları hazırlamalıdır:
“Ən ciddi problemimizdən biri həm orfoqrafiyamızda, həm də orfoepiyamızda son dövrlərdə qəbul olunan bu qaydalarda müəyyən nöqsanların olmasıdır. Onların özlərini ilk növbədə aradan qaldırmaq lazımdır. Tutaq ki, şifahi nitqdə indiyədək “fəaliyyət” yazıb, “faliyət”, “teatr” yazıb, “tiyatır” deyirdik.
Dilçilik İnstitutunun sonuncu qaydalarına görə bu və bu kimi bir sıra sözlər yazıldığı kimi deyilməlidir. Bu, tamamilə yalnış yanaşmadır. Cərimələrə keçməzdən əvvəl ciddi maarifçilik aparılmalıdır. 2013-cü ildə ölkə prezidentinin imzaladığı Dövlət Proqramı var.
O proqramın konkret maddələrindən birində radio, televiziya və medida dilin işlənməsi, transkripsiya məsələlərinin həll olunması, ana dilinin təbliğ olunması əks olunub. Bunları həll edəndən sonra, nə vaxtsa cərimələrə keçmək olar. Cərimə məsələsi hazırda effektli və səmərəli görünmür. Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu gələndən gedənə kimi elə cərimədən danışdı. Dil üçün az faydalı işlər gördülər, orfoqrafiya islahatı adı altında müəyyən dolaşıqlıqlar yaratdılar. Bunların hamısı dili yaraladı. O yaralar sağalmalıdır ki, biz dilimizin düzgün işlənməsi ilə bağlı addımlarımızı davam etdirək”.
Alçina Amilqızı, Bizim.Media