30 ildir həll olunmayan yataqxana PROBLEMİ – “Universitetlər Bakıdan köçürülmə qərarını gözləyir”

30 ildir həll olunmayan yataqxana PROBLEMİ – “Universitetlər Bakıdan köçürülmə qərarını gözləyir”

Hazırda oxunan: 30 ildir həll olunmayan yataqxana PROBLEMİ – “Universitetlər Bakıdan köçürülmə qərarını gözləyir”

51019

Azərbaycanda tələbə yataqxanası ilə bağlı məsələ aktual olaraq qalır. Bu gün ali və orta ixtisas məktəblərində 160 min nəfərdən artıq tələbə təhsil alsa da, onların heç yarısı yataqxana ilə təchiz olunmur. Tələbələrin əsas qayğılarından olan yataqxana problemi 30 ildir çözülmür. 

Yeni qanun layihəsi işləyirmi?
 

Qeyd edək ki, bu günlərdə Milli Məclisin Elm və təhsil komitəsi yanında işçi qrupu tərəfindən “Ali təhsil haqqında” qanun layihəsi hazırlandı və müzakirəyə çıxarıldı.


Qanun layihəsində ali təhsil müəssisəsi təsis edilərkən yataqxana fondunun olması zəruri şərt kimi öz əksini tapdı. Layihəyə əsasən, ali təhsil müəssisələri, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq yaşayış yerinə ehtiyacı olan tələbələri yataqxanada yerləşdirməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həssas kateqoriyadan olan tələbələr isə ilk növbədə yataqxanalarda yaşayış yeri ilə təmin edilməlidirlər. 

Mövcud durum isə əksini deyir. Regionlardan paytaxta təhsil almağa gələn kifayət qədər tələbə var ki, ya qohumu və doğmalarının evində, ya da kirayə mənzillərdə yaşayış yeri ilə təmin olunurlar. Ucuz kirayə mənzili isə tapmaq çətin olduğundan tələbələrin xərcləri birə-beş artır. 

İki ildən çoxdur ki, davam edən pandemiya paytaxtda kirayə mənzillərin qiymətinə təsir edib. Hazırda paytaxtda ən ucuz kirayə mənzil 350 manatdır. Universitetlərin yataqxanaları isə, tələbələr üçün əlçatan və əlverişli deyil.

Ötən il tədris onlayn şəkildə aparıldığı üçün yataqxanalara və kirayə evlərə bir o qədər ehtiyac yaranmadı. Bu il isə təhsilin əyani formada aparılacağı sentyabr ayında açıqlandığı üçün tələbələrin Bakıya gəlib, dərhal ev tapmalarında çətinlik oldu...

Yataqxanaların hazırki mənzərəsi?

Məsələn, Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində hələ də iş gedir. Universitetin yalnız 225 nəfərlik yataqxanası təmir olunub və lazımi vəsaitlərlə təmin olunub. Amma təxminən 20 minlik tələbəsi olan universitet üçün bir yataqxananın və 225 nəfərlik yerin olması çox azdır. 

Tibb Universitetinin 4 yataqxanası var. Biri təmirdə olduğu üçün hazırda 3-də tələbələr qalır. Burada qiymətlər 60-90 manat arasında dəyişir.

Müharibə iştirakçılarının, qazi və şəhid övladlarına üstünlük verilir, onlar üçün ödəniş tələb edilmir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası isə, əcnəbilər üçün nəzərdə tutulub. Burada otağın qiyməti 100 manatdır, amma otaqda neçə nəfər qalırsa, həmin pulu aralarında bölə bilirlər. Yataqxana 320 nəfərlikdir.

Azərbaycan Dövlət Pedaqoji universitetin yataqxanası isə  244 nəfərlikdir. Qiymət, burada 70 manatdır. Yataqxanalarda qiymətlər münasib olsa da, yerlər yetərli qədər deyil.

“Yataqxana problemi təhsilin keyfiyyətinə təsir edir”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarovun sözlərinə görə ölkə tələbələrinin sayı yataqxanaların sayına adekvat deyil:
 

“Hazırda yataqxanası yaxşı olan ali təhsil ocağı Gəncə Aqrar Universitetidir. Demək olar ki, tələbələrini yarıdan çoxu yataqxana ilə təmin olunub. Digər ali məktəblərdə isə bu rəqəmi deyə bilmirik. Xüsusilə də Bakı şəhərində tələbələrin böyük əksəriyyəti kirayələrdə qalırlar.


Nəticə etibarilə kirayə qiymətlərinin baha olması, ali məktəblərin uzaqda yerləşməsi, bu səbədən tələbələrin bir neçə ictimai nəqliyyatdan istifadə etməsi onların ailələrinin sosial durumunun çətinləşməsi deməkdir. Halbuki dövlət universitetlərə yataqxana şəraitinə keçilməsini təşviq edir.

Bununla bağlı minimal məbləğli kreditlər də verilir. Üstəlik dövlət universitetlərində ödənişli təhsil xidmətlərindən böyük miqdarda vəsait əldə edirlər. Amma təssüf ki, bu məsələ hələ də ali təhsil ocaqlarının qarşısında prioritet kimi dayanmır. Yataqxana problemi həm də təhsilin keyfiyyətinə təsir edir. Əgər təhsilalanın məişət şəraitini qura bilmiriksə, təbii ki, problem onların tədris prosesinə hazırlığına təsir göstərir”.

Universitetlər paytaxtdan köçürüləcəkmi?
 

Ekspert əlavə edib ki, ola bilsin ki, ali təhsil müəsissələri univrsitetlərin Bakıdan kənara köçülməsi qərarını gözlədikləri üçün yataqxana problemini həll etmir:


“Hesab edirəm ki, addım atılmalı və dövlətin də yataqxana məsələsində dəstəyi olmalıdır. Əlbəttə ki, ilk olaraq universitetlərin paytaxtdan köçürülməsi məsələsi reallaşmalıdır. Çünki ətraf ərazilərdə və regionlarda həm universitet, həm də yataqxanası üçün yer daha genişdir. Bu Bakıdakı sıxlığa da son qoyacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO