Dekabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xbər verir ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
MÖVZU İLƏ BAĞLI:
Pakistan şirkətləri Qarabağdakı layihələrə qatılacaq – Mikayıl Cabbarov
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbədən sonra azad edilən ərazilərdə görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Pakistanın müdafiə istehsalatı naziri xanım Z.Cəlal öz növbəsində Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Nazir Vətən müharibəsində, eləcə də noyabrın 30-da baş vermiş helikopter qəzası nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyib.
Xanım Z.Cəlal bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini vurğulayıb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pakistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlər müzakirə olunub.
Bizim.Media