Sumqayıt avtobuslarından sökülən validatorlara nə qədər XƏRC çəkilib? – Şirkətdən AÇIQLAMA

Sumqayıt avtobuslarından sökülən validatorlara nə qədər XƏRC çəkilib? – Şirkətdən AÇIQLAMA

Hazırda oxunan: Sumqayıt avtobuslarından sökülən validatorlara nə qədər XƏRC çəkilib? – Şirkətdən AÇIQLAMA

47775

Sumqayıt şəhərində ictimai nəqliyyatın validator aparatlarının nasazlığı ucbatından yenidən nağd ödənişə qaytarılması ilə bağlı xəbər dərc etmişdik. Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov saytımıza açıqlamasında  ümumi 206 avtobus üçün 210 validator alındığını, amma bir müddət sonra aparatların normal işləmədiyini bildirmişdi.

Amma ümumilikdə aparatlara nə qədər pul xərcləndiyi və gətiriləcək yeni validatorların neçəyə başa gələcəyi ilə bağlı bilgilərinin olmadığını demişdi. 

Bizim.Media 206 avtobusdan sökülən aparatların aqibəti və onlara nə qədər xərc çəkilməsini araşdırmağa çalışıb. 

Məlumat üçün bildirək ki, Sumqayıt avtobuslarına quraşdırılması üçün validator aparatları Çindən "Sumqayıt Nəqliyyat” MMC tərəfindən gətirilib.  Şirkətin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq  bu ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda validatorlar quraşdırılıb.  Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib. Tətbiqə başladığı gündən isə sərnişinlərə problem yaradıb və aparatların ömrü cəmi 55 gün çəkib. Bu günlərdə isə həmin aparatlar avtobuslardan sökülərək, kənarlaşdırılıb. 

Maraqlıdır, nasaz aparatlar alındığı şirkətə geri qaytarılacaq, yoxsa yararsız olaraq tullantıya çevriləcək?

Nəzərə alsaq ki, Sumqayıtın 358 mindən çox əhalisi var. Onların təxminən 200 mininin hər biri dəyəri 2 manata olan gediş kartı alıbsa, təkcə bu məbləğ yarım milyona yaxın vəsait edir. Üstəlik 210 ədəd validator aparatına və onun quraşdırılmasına çəkilən xərci demirik. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda ictimai nəqliyyatda kartla ödəniş DAYANDIRILDI – SƏBƏB


Bəs, bu xərci kim qarşılayacaq? İctimai nəqliyyatın kart sisteminə keçməsi üçün çəkilən milyonlarla vəsaitin batması, əlavə xərcin yaranmasına cavabdeh olanlar barədə hansı addımlar atılacaq?

“Sumqayıt Nəqliyyat” MMC-nin Yaşar adlı rəsmisi Bizim.Media-ya açıqlamasında sözügedən validator aparatlarına nə qədər vəsait xərcləndiyini açıqlamaqdan yayınıb:

“Əvvəlki validator aparatlarını biz aldıq. Amma nasaz çıxdı və yığışdırdıq. Nə qədər xərc çəkildiyini deyə bilmərəm. Yanvar ayında isə yeni aparatlar gətiriləcək”, - deyə şirkət sözçüsü söhbəti yarıda kəsib və sonrakı zənglərimizə cavab verməyib. 

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov  isə sökülən validatorların aqibəti barədə məlumatsız olduğunu deyib:

“O aparatlar tullanacaq, ya geri qaytarılacaq, bunu yalnız sahibkar bilər. Mənim bu məsələ barədə heç bir bilgim yoxdur. Biz sadəcə aparatların nasazlığını ortaya çıxartdıq və sərnişinlərin rahatlığını təmin etmək üçün hərəkətə keçdik. Digər məsələlərə cavabdeh deyiləm”.

Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə yaratmaq isə mümkün olmayıb.  

Qeyd edək ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşımanın balansında ümumilikdə 250-yə yaxın sərnişin avtobusu var. “BakıKart” vahid ödəmə sistemlərinin də tətbiqi ilə bağlı müqavilə imzalanması üçün danışıqlar gedir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO