“İşğal müddətində erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış Ağdam yeni quruculuq mərhələsinə qədəm qoyub. Artıq rayonunun Baş Planı təsdiq olunub və Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov ”Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə işğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub:
MÖVZU İLƏ BAĞLI:
Ağdamın azad edilməsindən 1 il ötür – 27 il sonrakı AZADLIQ
“Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur”.
Deputat böyük turizm potensialına malik olan Ağdam rayonunun təbiəti və tarixi abidələrinin turist cəlb etmək baxımından üstünlüyə malik olduğunu da vurğulayıb:
“Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Şəhər istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istehsal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb.
Alçina Amilqızı, Bizim.Media