Bölgədə sabitlik noyabrın 16-sı axşam saatlarında Rusiyanın vasitəçiliyi ilə təmin olunub. Sonuncu rəsmi ifadə belədir.
Bəs Ermənistanın sərhəddə təxribatlarına tamamilə son qoyuldumu? Bu təxribatlarda kimdir müqəssir?
Ermənistanda hökm sürən daxili qeyri-stabillik səbəbindən təxribatların kimin başının altından çıxdığı ilə bağlı fikirlər heç də birmənalı deyil. Eyni zamanda İrəvanda toqquşan xarici maraqlar günahkarı tapmağı daha da çətinləşdirən digər bir amildir.
MÖVZU İLƏ BAĞLI:
“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” – Politoloqdan ÖZƏL
Versiyalar nədən ibarətdir?
1. Paşinyan hökuməti. Rəsmi İrəvan sülh prosesinə əngəl törətmək üçün bu cür təxribatlara əl ata bilər. Xüsusilə də, 9 noyabrda baş tutması planlaşdırılan görüşün Ermənistan tərəfinin yayınması səbəbindən baş tutmaması variantı bu ehtimalı daha da gücləndirir. Bu isə, həm sərhədlərin delimitasiyası, həm də Zəngəzur dəhlizinin açılmasına ciddi əngəl törədir. Sabotajlara imza atmaqda Paşinyanın üç əsas məqsədi ola bilər:
- Münaqişənin başa çatmadığını nümayiş etdirməklə Minsk qrupunun fəaliyyətini bərpa etmək
- Qarabağın statusu məsələsini masaya yenidən qaytarmaq
- Erməni xalqına qazandığı “uğur” təqdim edərək, radikal müxalifət qarşısında hakimiyyətini möhkəmləndirmək
2. “Qarabağ klanı”. Paşinyanı qaralamaq üçün heç bir fürsəti boşa verməyən koçaryanlar və sarkisyanlar isə, ordudakı nüfuzlarından və Moskvadakı dəstəkçilərinin yardımlarından bu məqsədlə istifadə edə bilərlər. Son nəticə olaraq isə revanşist klan erməni xislətində olan türk düşmənçiliyi ideyalarına arxalanaraq, “Ermənistanın suverenliyi” mübarizəsi adı ilə öz mövqelərini gücləndirərək Paşinyanı kreslodan salmağı hədəfləyir.
3. Xarici aktorlar. Onların da Ermənistan daxilindəki qüvvələrlə, dolayısıyla təxribatlarla əlaqəsinin olması üçün də müxtəlif səbəblər mövcuddur.
Qərb münaqişənin davam etdiyini nümayiş etdirməklə, Rusiyanın vasitəçiliyini gözdən salmaq və Minsk qrupunun həmsədrləri insitutunun fəaliyyətini yenidən bərpa etmək məqsədi ilə Paşinyanı təxribatlar törətməyə vadar edə bilər.
Rusiya isə, Ermənistan hökumətindəki Qərbyönümlü adamları cəzalandırmaq üçün təxribatın baş verməsinə şərait yarada bilər. Çünki, xüsusilə də son dövrlərdə Paşinyan hökumətinin danışıqlar masasından qaçmaq və Rusiya üçün böyük önəmə malik Zəngəzur dəhlizinin açılmasını əngəlləmək istiqamətində addımları daha qabarıq şəkildə nəzərə çarpır.
Hazırda analitiklərin üzərində dayandığı ən birinci versiya sonuncu sadaladığımızdan ibarətdir.
Rusiya danışıqlara gəlməkdən yayınan Paşinyanı məcbur edir və ermənilərə bundan başqa yolun olmadığını diqqətlərinə çatdırır. Çünki bu addımla Paşinyanın əli bərkimiş olur, çünki onun xalqı da elə özü kimi ancaq güc dilindən anlayır.
Sonuncu xəbərdarlıqdan sonra İrəvanın danışıqlar masasından yayınmağa çalışması artıq real görünmür - ekpertlər belə düşünür.
Murad Əhmədov, Bizim.Media