Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin Göyçədəki möhtəşəm məzarı dağıdılıb və qəbirüstü abidəsi oğurlanıb.
Bu barədə Bizim.Media-ya Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli bildirib. Onun sözlərinə görə el sənəntkarının məzarının erməni vəhşiləri tərəfindən yerlə-yeksan edilməsi illərdir ki, yadigarlarının mənəvi rahatlığını pozub. Bununla bağlı çağırışlar və müraciətlər edilsə də, məsələnin çıxış yolu tapılmır.
“Aşıq Ələsgərin qəbirüstü abidəsi götürülüb və harasa aparılıb. Amma məzar yerində qalır. Bilmirəm bəlkə abidənin üzərindəki adı dəyişdiriləcək, yaxud daş kimi istifadə ediblər, bilmirəm. Bununla bağlı Moskvada yaşayan ermənilər videogörüntü çəkmişdilər. Biz də həmin videoya baxmışdıq. Məzarı yalnız tanıyanlar ayırd edə bilər”.
MÖVZU İLƏ BAĞLI:
Aşıq Ələsgərin yubiley tədbiri keçirildi
Xətai Ələsgərlinin sözlərinə görə ulu babasının məzarını ziyarət etmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb:
“Çox istəyirdik ki, sülhməramlıların vasitəsilə məzarını ziyarət edək və tədbir keçirək. Bir iki deputat bu məsələdə bizə köməklik edəcəklərinə də söz vermişdilər. Amma alınmadı. Hesab edirəm ki, dədə-baba yurdumuzda bu ziyarət baş tuta bilər.
Necə ola bilir ki, ermənilər öz abidələrini gəlib ziyarət edə bilirlər. Halbuki heç nə onlara aid deyil. Aşıq Ələsgərin 150 illiyində erməni şairi babamıın avtobioqrafiyasından danışarkən onun Göyçə mahalında anadan olduğunu qeyd etmişdi.
Sözügedən ziyarət dövlət səviyyəsində baş tutsa, çox sevinərdik. Bu durumdan çox narahatıq və onun ruhunun şad olması üçün məzarının rahatlığı vacibdir”.
Xətai Ələsgərli Aşıq Ələsgərin məzarının Göyçə mahalından Bakıya köçürülüb Fəxri Xiyabanda dəfn edilməsi məsələsinə də münasibət bildirib:
Bir müddət əvvəl rəsmilərimiz də bu məsələ ilə yaxından maraqlanacaqlarını söyləmişdilər. Amma səs-soraq çıxmadı. Reallaşsa, çox gözəl addım olar”.
Xatırladaq ki, bu il Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur və bununla bağlı mərasimlər təkcə Bakıda, Azərbaycanda deyil, Avropada, Türkiyədə, eləcə də dünyanın müxtəlif yerlərində yüksək səviyyədə qeyd olunacaq.
Ölkə başçısı İlham Əliyev bu ilin fevralında Mədəniyyət Nazirliyinə ustad sənətkarın yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanmasını tapşırıb. Aşıq Ələsgərin 150 illik yubiley mərasimi zamanı onun əzəli torpaqlarımız olan n qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılıb.
Onu da qeyd edək ki, Aşıq Ələsgərin məzarının köçürülərək Azərbaycanda dəfn olunması təklifi ilə ilk dəfə Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edib. Daha sonra onun təklifinə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da dəstək verib.
Alçina Amilqızı, Bizim.Media