Sənə doğru gəlirik əziz, Qarabağ – Bizim.Media Qarabağda - FOTO

Sənə doğru gəlirik əziz, Qarabağ – Bizim.Media Qarabağda - FOTO

Hazırda oxunan: Sənə doğru gəlirik əziz, Qarabağ – Bizim.Media Qarabağda - FOTO

45123

Bu gecə səhəri diri gözlə açıram. Yatdığım 10 dəqiqəlik zamanda isə yuxuda müharibə görürəm, hər tərəfdə silahlar partlayır, mən isə əlim-üzüm qanlı kələ-kötür yollarla hey qaçıram.

Gördüyüm yuxunun vahiməsi məni ayıldır. Tez yarıyuxulu beynimlə düşünürəm, anidən yadıma düşən hadisə mənə şərbət kimi şirin gəlir. Bu gün yolum Qarabağadır...

Saatın əqrəbləri irəlilədikcə mən o yola daha da yaxınlaşıram.



Artıq avtomobildəyik, istiqamətimiz isə Qarabağdır. Yolboyu o torpaqları görmək arzusu məndə çatacağımız mənzilin həsrətini daha da böyüdür. Bizi müşayiət edən Dövlət Sərhəd Xidmətinin əməkdaşından Vətən müharibəsi haqqında maraqlı faktlar öyrənirəm, təəssüratlarımı bir az da genişləndirirəm. 

Artıq Horadiz keçid məntəqəsindəyik, saatın əqrəbləri isə 17.00 göstərir. Avtomobildən o tərəfə, azad olunmuş torpaqlarımıza tərəf boylanıram, düşünəndə ki, o torpaq bir addımlığımdadır, həyacan məni daha da bürüyür. 

Daxili İşlər Nazirliyinin əməkdaşlarının ciddi yoxlanışından keçdikdən sonra avtomobilimiz 1 il bundan əvvəl öz azadlığına qovuşan torpaqlara daxil olur. Sanki bir anlıq bu dünyadan ayrılıb bir paralel sivilizasiyaya ayaq basıram. Adını eşidib heç vaxt görmədiyim ərazilər uzaqdan məni salamlayır.

“Qoxuna, suyuna, havana həsrət qaldığımız Qarabağ. Biz qayıtdıq, biz bizə mənsub olan öz tarixi torpaqlarımıza qayıtdıq. Xoş gəldik, Qarabağ!”. 

Beynimdə xırdaladığım bu kəlmələr məni kövrəldir, ağuşuna alıb həsrət nəğməsinə qucaq açır. Budur, Cəbrayıl torpağına daxil oluruq. Ayaq basdığım torpaqda Arazın axan sakit suyunun səsini, Xudafərinin həsrət qoxan ətrini duyuram.



Yolboyu erməni separatçıları tərəfindən dağıdılan binalar, xarabaya çevrilən evlər məndə təəssüf, kədər hissi aşılasa da igid əsgərlərimizin böyük sahələri düşmən tapdağından azad etməsi eyni zamanda fəxr, qürur hissi yaradırdı. Gözümüzə dəyən bir mənzərə isə bizi yaman kövrəldir. Uzaqdan dağılmış bir ev görürük.

Evin bir divarı salamat qaldığından üzüm tənəyi özünə yol taparaq divar boyu öz budaqlarını sarıyıb ta yuxarıya qədər uzanırdı. Bir anlıq bu mənzərə qarşısında donub qalıram, sən demə təbiətdə Azərbaycanın gəlişini gözləyirmiş. Burada anlayıram ki, təkcə biz o torpaqlara həsrət qalmamışıq, 28 ildə bizim də yolumuzu həsrətlə gözləyən olub.



Avtomobil şütüdükcə ətrafdakı üzüm bağları, minalanmış sahələri, uzaqdan isə Lələtəpə zirvəsində dalğalanan Azərbaycan bayrağını görürəm. Qələbəmizin ilk fəth olunan zirvəsi – Lələtəpə yüksəkliyi. İndi o ermənilərin təhdidindən kilometrlərlə uzaqdadır. Buna Azərbaycan əsgəri nail olub. O, bizim üçün bu gün Qələbəmizin rəmzlərindən biri kimi əzizdir.

Bizi müşayiət edən Dövlət Sərhəd Xidmətinin əsgəri uzaqdan görünən ermənilərin ön səddini göstərir. Ermənilərin hər zaman fəxrlə, bağıra-bağıra Azərbaycana  hədə-qorxu gələrək göstərdikləri Ohanyan səddi.

Elə həmin  gün 27 sentyabrda Azərbaycan Ordusunun yarıb əks-hücuma keçdiyi bu səddin yanından keçəndə sanki bir anlıq irəliləyən rəşadətli Azərbaycan əsgəri gözümün qarşında canlanır. 

Gecə dincəlmək üçün Zəngilanda qalmalı oluruq. Bu gün mən ilk dəfə Qarabağın qoxusunu ciyərlərimə çəkib, gecənin qaranlığında uyuyub, günəşi orada qarşılayacaqdım.



Səhəri ilk olaraq, səfərimizi Zəngilanın Vejnəli kəndindən salırıq. Bu gün Vejnəli dumanlı və yağışlıdır. Buna baxmayaraq, sakit havada uzaqdan oxuyan quşların səsi insana rahatlıq, bir hüzur bəxş edirdi.  Burada öyrənirəm ki, müharibənin ən qızğın döyüşləri məhz bu ərazilərdə, Vejnəlidə gedib. Dövlət Sərhəd Qoşunlarının igid əsgərlərinin yara-yara hücuma keçdiyi ərazilərdə onların göstərdikləri qəhrəmanlıqları haqqında məlumat alıram. 

Yavaş-yavaş Azərbaycanın milli sərvətini talan edilən yerlərindən biri Vejnəli qızıl yatağına yaxınlaşırıq. Zavodun uçulmuş binası, dağıdılmış ətrafını gördükdə erməni vəhşiliyinin bir daha canlı şahidi oluruq.

Vejnəli qızıl emalı zavodunun divarlarında, tavanında olan güllə, qəlpə izləri bir daha amansız döyüşlərdən xəbər verirdi.

Ətrafı gəzdikcə, müharibənin amansız izlərini görməkdə davam edirik. İgid əsgərlərimiz danışırlar ki, illərlə taladıqları qızıl zavodunu təslim etməmək üçün məğlub olduqdan sonra erməni silahlı qüvvələri bura  əks-hücum təşkil ediblər, igid sərhədçilər onların bütün cəhdlərini dəf edərək, erməniləri birdəfəlik buradan qovublar. 



Vejnəlidən qayıdıb, yolumuzu yenidən Cəbrayıla salırıq. Yolumuz Xudafərinədir.

Düz 28 il yolumuzu gözləyən Xudafərin körpüsü. O tayda qardaş nəfəsi, bu tayda həsrət nəğməsi ilə dolub daşan Araz çayı, Xan Arazı. 27 illik həsrətdən sonra öz doğma insanlarına qovuşan, həsrəti bağrına basan Xudafərin körpüsü. İllərlə erməni tapdağı altında qalan Xudafərin bizi qələbə, zəfərlə qarşılayır.

İndi Xudafərin yenidən ona doğma olan insanları bağrına basır, onun həsrətinin bir hissəsini Araz yuyub aparır. Xudafərinin üzərində dalğalanan Azərbaycan bayrağı isə insana böyük bir fəxarət hissi yaşadır. 



Xudafərin sərhəd zastavasının əməkdaşlarının müşayəti ilə avtomobillə daşlı yollarla körpüyə enirik. Uzaqdan Xudafərinin qədim görünüşü insanı sanki sehirli bir aləmə aparır. Bu möhtəşəm məkan bizi öz ağuşuna alır. Xudafərin səfərimiz zamanı yağışlı havaya düşsək də, çiskin Xudafərinin görüntüsünə sanki daha da möhtəşəmlik qatırdı.

Artıq qəhrəman sərhədçilərimiz azad olunan torpaqlarımız boyunca əlavə 132 kilometr sərhədimizi uzadaraq öz qorumaları altına alıblar.

İndi Xudafərin daha əzmkar, qürurlu görünür. Sən necə də gözəlsən, Xudafərin! Arazın şaqraq axan suyunda əllərimi yuyuram, su ürəyimdə olan nisgili, həsrəti yuyub aparır. 

Bu torpaqlara ayaq basdığımız bu gün şəhidləri sayğıyla anırıq. Bizim arzularımızı gerçəkləşdirən hər bir Azərbaycan əsgəri qarşınızda baş əyirik. Bu əsərin minlərlə bilinməyən qəhrəmanları var, qəhrəmanlıq dastanı yazan əsgərlərimizə sonsuz təşəkkürlərlə. Bizə zəfəri siz qazandırdınız.



Qələbə Qarabağa yaraşır. Evinə xoş gəlmisən, Qarabağ, Cəbrayıl, Laçın, Zəngilan, Ağdam, Füzuli, Kəlbəcər, Şuşa.

Biz artıq qayıdırıq, avtomobilimizin istiqaməti Bakıyadır. İndi mən Bakıya başqa hisslərlə qayıdıram. 

Ciyərlərimdə Qarabağ qoxusu, ürəyimdə isə sona çatan həsrət nəğməm ilə. 
Qələbə bizə necə də yaraşır...

Zəfər Bayramın mübarək, Azərbaycan!!!

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.

Vüsalə Balayeva, Zəngilan, Cəbrayıl




























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO