Noyabr ayında dünyaya gələnlər üçün bu ilin ən böyük hədiyyəsi QARABAĞDIR. 60 illik yubliyarımız Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı üçün də belə oldu.
Bizim.Media olaraq yubliyarla ad günü ərəfəsində görüşməyimiz təsadüf olmadı. Fəaliyyətinin 30 ilini Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, Xocalı soyqırımı faktlarını dünyanın və türk millətinin diqqətində saxlmaq kimi digər milli mənəvi dəyərləri özündə birləşdirən mübarizəyə həsr edib. Biz də istədik ki, onun zəfər sevincinə şərik olaq.
- Zahirən və xaraktercə sərt bir xanıma bənzəyirsiz? Bizimlə razısız?
- Bilirsiz necə görünməyindən aslı olmayaraq insan gərək, vicdanlı, mərhəmətli, və faydalı olsun. Bəli, mən möhkəm adamam. Amma heç vaxt mərhəmət hissimi unutmuram. Bir söz deyim, mənim türk qızı olan Şahnisə nənəm var idi. O mənim məktəbim olub. Çox bilgiləri ondan öyrənmişəm. Elə mərhəmətli olmağı da.
O deyirdi ki, birinə yaxşılıq edəndə, o yaxşılığı unut. Deyirdim niyə? O da deyirdi ki, insan övladıdır, çiy süd əmib. Bir gün sənə naxələflik etsə, etdiyin yaxşılıq səni yandırmasın. Kim naxələf çıxar özü bilər. Gərək adam xırdalanmasın. Bir də görərsən ki, səndən heçnə qalmayıb! İndi Aylamələk adlı nəvəm var. O da mənə oxşayır. Ona görə də necə görünməyimizə deyil, necə insan olmağa baxmaq lazımdır.
- Bəs Tənzilə Rüstəmxanlı üçün xalq şairinin həyat yoldaşı olmaq çətindir?
- Çətin deməzdim, məsuliyyətdir. Sabir Rüstəmxanlı mənim üçün bir dəyərdir. O dəyəri qorumaq isə məsuliyyət tələb edir. Mən onun təfəkkürünü, millətçiliyini, ideologiyasını sevmişəm. Sabir bəy mənim üçün millətimin dəyəridir. Siz onun Vətən şeirini bilirsiz də...
Sabir bəy o şeirdə Azərbaycan adlı vətənin dəyərini göstərib. Bu şeiri yazanda onun cəmi 19 yaşı var idi. Belə insanı necə sevməmək olar? Bir də evin bəyinə sadəcə evinə çörək gətirəcək insan kimi baxmaq düzgün deyil. Çiyindaşın kimi baxsan, heç bir problem qalmır. Sabir bəylə biz həyat dostuyuq. Bəzən xanımı olmağım onun haqqında danışmağıma mane olur. Belə olmasaydı, Sabir Rüstəmxanlı haqda 10 kitab yazardım.
- Özünüzü xalq şairinin ən yaxşı oxucusu hesab edirsiz?
- Məncə elə ən yaxşı oxucusu mənəm.Sabir bəyi tənqid edəndə səmimi olduğum üçün özümü ən yaxşı tənqidçisi və oxucusu hesab edirəm.
- Şair sevgisi bir başqa olur. Şairi hər kəs sevir. Bu sevgiləri qısqanmırsız?
- Bilirsiniz onlar olub, keçib. Heç vaxt bu mövzuları müzakirə etməmişəm. Sabir bəyə məktublar yazılanda o gizlədirdi. Bilənlər bilir, Sabir bəyin 60 illik yubleyində ona yazılan gizli məktubları kitab halına salıb nəşr etdirdim və ona hədiyyə verdim.
Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi türkçülük idealogiyasını, özünüdərki, milli kimliyimizi təbliğ etmək müsahibimin fəaliyyətinin əsas hissəsi olub. Həmçinin, Azərbaycan xalqının tarixi faciələri, torpaqlarımızın parçalanması nəticəsində milyonlarla soydaşımızın müxtəlif dövlətlərin tərkibində yaşaması və onlar arasında mənəvi, mədəni dəyərlərin inkişaf etdirilməsi də Tənzilə Rüstəmxanlının fəaliyyətinin özəyini təşkil edir. Buna görə də müsahibimlə ictimai-siyasi mövzuları müzakirə etməyə bilməzdik. Tənizlə xanım 30 illik savaş mübarizəsindən də söz açır.
- 60 illik ömrümün 30 ilini Qarabağ mübarizəsinə həsr etdim. Və bundan sonra da edəcəyəm. Azəri-Türk Qadınlar Cəmiyyəti olaraq yüzlərlə konfranslarda çıxış etdik. Acımızı, həqiqətlərimizi,Türk dünyasının üzərindən yaydıq. Bilirsiniz iştirak etdiyim konfranslarda mənə nə deyirdilər? Niyə savaşmırsınız? Onu da deyirdilər ki, sizin yerinizə kimsə gəlib savaşmayacaq. Və mən onlara həqiqəti izah edirdim ki, dünya əlimizi qolumuzu bağladı.
Qarabağın sülh yolu ilə həll olunacağına dair vədlər verdilər. Ancaq bu vədlər icra olunmadı. ATƏTİN Minsk Qrupu ona görə yaradılmışdır ki, əslində Qarabağı unutdursunlar. BMT – nin Təhülkəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, ermənilər buna da əməl etmirdilər. Və digər həqiqətləri də anladırdım. Mənim millətimin qızları ermənilərin əlinə düşməsin deyə Kəlbəcərin sıldırım qayalarından özlərini atıblar.
Qarabağ savaşının ən ağır günlərini görən və el obasından didərgin düşmüş biri kimi bu zəfər sevincini gərək yaşayasan ki,onun nə demək olduğunu biləsən. İllər öncə Qafqazda onun-bunun maşası olan ölkənin əlində aciz qalmışdıq. Torpaqlarımızın işğalda olması ilə Azərbaycan xalqının alnına qara ləkə vuruldu. Bu qalibiyyət zəfəri o ləkəni bu xalqın taleyindən sildi, millətimin qürurunu dirçəltdi. Siz baxın, dünya savaş tarixində Şuşa kimi hadisələr çox az-az baş verir. Mən artıq, 44 günlük böyük bir zəfərə imza atan millətin qadınıyam, anasıyam. Mən sözdə yox, həqiqətən oğlunun tabutunu çiynində daşıyan bir millətin anasının qürurunu yaşayıram.
- Bu zəfər yaralarınızı sarıya bildimi?
- Qarabağ zəfəri mənə qazi olan qardaşımın vəfatını unutdurdu. Amma çox arzu edərdim ki, o bu qalibiyyəti görərdi. I Qarabağ savaşında Ağdam döyüşlərində iştirak etmişdi. İnfaktdan dünyasını dəyişdi.
Ədalətsiz bir dünya ilə üz-üzə qalmışdıq. Buna görə Qarabağın qayıtmasına ümidlərim azalmışdı. O qədər narahat idim ki… Bizim dədə-baba torpaqlarımıza - Qərbi Azərbaycana, ermənilər sahib çıxdılar. Qarabağ savaşı uzandı. Düşünürdüm ki, bu savaş həllini gec tapar. Şuşa azad olundu deyəndə mən bağıraraq ağladım. Sabir bəy də divanda əyləşmişdi, onun isə gözlərindən sakitcə yaş axırdı.
- Qarabağ savaşında açıq formada Türkiyə, Pakistan, İsrailin Azərbaycana dəstəyini gördük. Ümumilikdə bəs Türkdilli ölkələrin dəstəyi sizi qanu etdimi?
- Xeyr etmədi. Türkiyə bizə mənəvi və siyasi dəstək verdi. İsrail bizim yerimizə kimisə göndərmədi ki, burada savaşsın. Biz onun siyasi dəstəyini aldıq. Pakistan hər zaman dedi ki, Azərbaycanın yanındayıq. Türkdilli ölkələr isə susdular, hələ də tərəddüd içindədirlər, onlar Ermənistanın işğalçı mövqeyini pisləyən bir münasibət göstərməliydilər. Çox təəssüf edirəm...
- Laçın alınanda Türk ordusu gəlməzsə bu barışıq uzunmüddətli olmaz dediniz, Sizdəmi narahat idiniz və niyə?
- Yəqin ki,Kəlbəcərdən ermənilər çıxanda münaqişəni xatırlayırsınız. Erməni və ruslar arasında insident oldu. Siz inanın, orada türk ordusu olsa idi, deyəcəklərdi ki, türklər bizə soyqırım edir. Ona görə də Türk ordusu indi burdadır. Və Türkiyə Qarabağda olmalıdır. Türkiyə bu regionda olarsa, Azərbaycan güvənc altında olacaq.
- Azəri-Türk Qadınlar Cəmiyyəti olaraq savaşdan sonrakı fəaliyyətinizi necə planlaşdırırsınız?
- Pandemiya bitsin, biz yəqin ki, Qarabağ zəfərini qeyd edəcəyik.Türkiyənin və dünyanın dördbir yanından elm adamları dəvət olunacaq. Simpozumlar hazırlayacağıq. Bu ZƏFƏR tarixinin şərəfinə çox dastanlar qoşulacaq, haqqında uzun illər danışılacaq.
Gülşanə Mustafayeva, Bizim.Media