Bu gün Bakı Metropoliteninin “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə baş verən dəhşətli qəzadan 26 il ötür.
Bizim.Media hadisənin xronoloji tarixinə nəzər salır.
Hadisə izi ilə...
Bakı, 1995-ci il
Bakı metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində rəsmi məlumatlara görə 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, lakin sonradan xəstəxanada da ağır yaralıların olduğu üçün bu say 300 -ə qədər yüksəlib. Dəhşətli hadisə zamanı 270 nəfər yüngül və ağır xəsarətlər alıb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə əlaqələndirilir. Qəzanın əsas səbəbi kimi isə köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilib.
Hadisə şahidlərin gözü ilə...
28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nəriman Nərimanov” metrostansiyaları arasında hərəkət edən qatarda baş vermiş dəhşətli partlayışla bağlı mətbuta danışan Metropoliten əməkdaşı Şaiq Heydərov o günü belə xatırlayır:
“1995-ci il axşam saatları təxminən saat 5-6 olardı. 27-ci marşrut idi, gəldi, stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürdü və tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi, ardınca alışma başladı, yanğın oldu.
Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı. Həmin vaxt əvvəlcə tez gərginliyi çıxardıq. Dəhşətli hadisə idi, ancaq özümüzü itirməmək üçün həmin yerə qaçıb sərnişnləri xilas etməyə başladıq.
Tunelə də düşdük ki, vaqonda qalan sərnişinləri də çıxara bilərik. Hadisə baş verəndən sonra stansiyada heç kəs qalmamışdı. Partlayışın səsindən, yanğından hamı çıxıb qaçmışdı bayıra”.
Ölən və yaralı o qədər idi ki…
Ş.Heydərov hadisədən sonra psixoloji travma alıb və uzun müddət buna görə müalicə olunub:
“Ölən və yaralı o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Yanğın baş verdiyindən qatı tüstü var idi. Mən özüm hadisə zamanı zəhərlənmişdim. Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. Hadisənin əsas şahidi bu gün bircə mənəm. Hadisəni bu gün də olduğu kimi xatırlayıram. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə”.
Faciənin qiymətləndirilməsi və səbəbi...
Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanin sırf səhlənkarlıqdan baş verdiyini açıqlayıb.
Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. İnsanlar havalandırma sistemi pis olduğundan tuneldəkilər oksigen çatışmazlığından və ayaq altında qalaraq həlak olublar.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılıb. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
3 günlük matəm və “Ginnes”in kitabı
Hadisə zamanı ölənlərin xatirəsinə ölkədə 3 gün matəm elan olunub.
Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu cür faciəvi, bu qədər itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na “Ən dəhşətli metro qəzası” kimi düşüb.
Milli qəhrəman Çingiz Babayev...
Qatarda sərnişinlərdən biri olan Çingiz Babayev yanğın zamanı onlarla insanı xilas etsə də, özü şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Ç. Babayev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin baş leytenantı idi.
Bakı Metropoliteni isə...
“Hazırda mən bir neçə metropoliten əməkdaşı ilə Çingiz Babayevin abidəsini ziyarət edirik. Onların xatirəsi bizim daima yaddaşımızda qalacaq. Pandemiya səbəbilə biz bu gün xüsusi tədbir keçirə bilmədik, növbəti illərdə xatirə tədbirlərimiz davam edəcək. Bu bizim üçün vacib olan bir tarixdir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O, qeyd edib ki, bu gün bü cür halların yaşanmaması üçün Metropolitendə daima təhlükəsizlik tədbirləri həyata keçirilir.
“Bu gün metropoliten ən son texnologiyalarla, qatarlarla təchiz olunub. Metropoliten ölkəxaricindən gətirilən avadanlıqlarla, yeni sistemlər üzərində qurulub.
Qatarlarla bağlı xüsusi qeyd edə bilərik onların təmirləri onların növlərindən asılı olmayaraq, mütləq şəkildə bütün texnoloji tələbləri nəzərə alınaraq, qatarın təhlükəsizlik tərəfləri ən yüksək səviyyədə olmaqla həyata keçirilir. Ümumiyyətlə, bütün bu cür hadisələrin baş verməsinə səbəb olan qatarların hərəkət mexanizmləri, nizamlayan sistemlər, avadanlıqlar bütün metro infrastrukturu baxımından təhlükəsizliyi, o cümlədən yanğın təhlükəsizliyi tam təmin edilir”.
Vüsalə Balayeva, Bizim.Media