“Rusiyanın Volqoqrad şəhərinin Mərkəzi rayonunda, Lenin prospektinin bulvar səmtindəki köhnə fəvvarə bərpa ediləcək. Onun yerində müasir görkəmli “oxuyan” fəvvarə quraşdırılacaq.
Bu isə Volqoqrad vilayəti hökuməti ilə Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu xeyriyyə təşkilatının əməkdaşlığının nəticəsinin daha bir bariz nümunəsi olacaq”.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın PolitRUS portalı yazıb.
Məlumatda deyilir ki, vilayətin sənaye və ticarət naziri Roman Bekov yeni fəvvarənin olacağı ərazidə olub, orada hətta səyyar müşavirə keçirib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçilərinin, Volqoqrad şəhər administrasiyasının rəhbəri İrina Qusevanın, şəhər meri Aleksandr Çunakov, Mərkəzi rayonun başçısı Valeri Kromanın da iştirak etdiyi müşavirədə qərara alınıb ki, Heydər Əliyev Fondunun maliyyələşdirdiyi “oxuyan”, musiqili fəvvarənin ətrafı abadlaşdırılsın, orada yaşıllıq zolağı salınsın və arxitektura ansamblı yaradılsın. Bundan əlavə, Azərbaycan tərəfinin Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovla imzaladığı imzaladığı sazişə görə, Heydər Əliyev Fondu burada 150 yerlik müasir uşaq bağçası da tikəcək.
Xatırladaq ki, Heydər Əliyev Fondu ötən ilin sonunda Volqoqrad sakinlərinə Volqoqrad-Bakı dostluq parkı və 3 saylı gimnaziya üçün müasir üslubda idman meydançası hədiyyə edib. Fondun vitse-prezidenti Leyla Əliyeva həmin sosial-mədəni obyektlərin açılışında iştirak etmişdi.































































































