Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.
Pərviz Həşimli: “Əli Nağıyevi tanımamışam...”
Proses T.Qurbanovun dindirilməsi ilə davam etdi. P.Həşimlinin vəkili Bəhruz Bayramov T.Qurbanovdan konkret jurnalistin ona pul verməsi ilə bağlı ittihamda yer alan epizodu soruşdu. T.Qurbanov dedi ki, P.Həşimli ona maşının içində 10 min və 5 min manat pulu bağlamada verib. Vəkil isə bu puldan ona 3 min manat çatması ilə bağlı daha öncə verdiyi ifadəni xatırladıb, “niyə onu maşında saxlayırdın” deyə sual verdi. T.Qurbanov “pulu iş görəndən sonra xərcləyərlər” cavabını verdi.
B.Bayramov həmçinin T.Qurbanovdan həyat yoldaşının harada çalışdığını soruşdu. Təqsirləndirilən şəxsin “”İmperial" restoranında" cavabından sonra P.Həşimli bildirdi ki, bu restoran MTN-in Gəncə İdarəsinin rəisinin qardaşına məxsusdur və bu, təsadüf sayıla bilməz.
T.Qurbanovun bu qeydə münasibət bildirməməsindən sonra vəkil onun guya P.Həşimlidən silah qarşılığında 15 min dollar alması məsələsini bir daha dəqiqləşdirdi: “Bütün təqdimat və qərarlarda göstərilir ki, 12 min dolları Pərviz ona Gəncədə verib. Sonra gəlib silahları təhvil verəndə 3 min dollar mükafatını alıb. Amma ifadəsində göstərir ki, ümumən 15 min dollar alıb. Bu qədər yanlışlıq, ziddiyyət protokollarda qeyd olunsun”.
T.Qurbanov P.Həşimlinin “biz necə həbs olunduq” sualına cavabda bildirdi ki, hadisə günü P.Həşimliyə zəng edib: “Mən Pərvizə zəng etdim. Pərviz ofisdə olduğunu və mənim yuxarı çıxmağımı istədi. Mən isə işim olduğunu və onu aşağıda gözlədiyimi dedim. Pərviz maşına oturan kimi onu tutdular”.
Jurnalist isə onun yalan danışdığını dedi. P.Həşimlinin sözlərinə görə, onu avtomobildə yox, yolun kənarında həbs ediblər. O, T.Qurbanovun böhtanı ilə üzləşdiyini dedi. Hakim də T.Qurbanova yalan ifadə verməməsi ilə bağlı xəbərdarlıq etdi.
Bu zaman P. Həşimlinin vəkili ilə T. Qurbanovun vəkili Anar Rüstəmov arasında mübahisə yarandı. B.Bayramov həmkarının vəkil geyimində olmadığını hakimin diqqətinə çatdırdı: “Sonuncu məhkəmə iclasında vəkil geyimində olmadığım üçün mənə xəbərdarlıq edilmişdi. Amma Təvəkkül Qurbanovun vəkili formada deyil. Bu məsələyə aydınlıq gətirilməsini istəyirəm”.
Bundan sonra vəkillərin arasında mübahisə yarandı. Hakim vəkillərin mübahisəsini sakitləşdirdi və A.Rüstəmova vəkil geyimində olmadığı üçün xəbərdarlıq etdi.
T.Qurbanov isə P.Həşimliyə bir neçə sual verdi. Onun “AXCP Rəyasət Heyətinin üzvü kimi sənin hakimiyyət məmurları Cavid Qurbanov, Əli Nağıyevlə nə əlaqən var” və “MTN-in səninlə nə ədavəti, ziddiyyəti var” suallarından birincisini hakim çıxardı. P.Həşimli isə AXCP Rəyasət Heyətinin üzvü olmadığını, 2000-ci ildən Milli Məclisdən jurnalist kimi reportajlar, eksklüziv xəbərlər hazırladığını dedi: “Mənim nazirliklərdə, hətta MTN-də də informasiya mənbələrim olub. Eksklüziv xəbərlərimi hər zaman yaymışam və buna görə imzam mətbuatda seçilib. Cavid Qurbanovu deputat kimi tanımışam, o, əslən Kəlbəcərdəndir. Bir çox deputatla əlaqəm olub. Onlardan biri də Cavid Qurbanovdur. Cavid Qurbanovla deputat-jurnalist münasibətlərindən kənar hər hansı münasibətim olmayıb. Əli Nağıyevlə heç bir münasibətim olmayıb. Onu tanımamışam. Əli Nağıyevin qardaşı Vəli Nağıyevi tanımışam, onunla münasibətim olub”.
Hakim MTN-i müdafiə etdi: “Lazım olsa, MTN öz qəzetini çıxarar”
MTN-in ona qarşı qərəzli münasibətinə toxunan P.Həşimli bildirdi ki, sözügedən qurum öz nəzarətindəki bəzi “reket” qəzetlərə onun, habelə Ə.Nağıyevin barəsində həqiqətə uyğun olmayan məlumatların yazılmasını sifariş edib. Hakim P.Həşimlinin dediklərinə etiraz edərək “MTN istəsə, öz qəzetini buraxar. Sizin sübutunuz varsa ki, hansısa qəzet MTN-in nəzdindədir, bunu təqdim edin” dedi. P.Həşimli isə MTN rəhbərliyinin özünə rəqib gördüyü məmurları vurdurmasının fakt olduğunu vurğuladı.
T.Qurbanov isə hakimin suallarına cavabda bildirdi ki, P.Həşimli ilə aralarında silah söhbəti 2013-cü ilin sentyabrında baş tutub. Təqsirləndirilən şəxs qanunsuz silah alveri ilə məşğul olmasını “maddi imkansızlıq”la əlaqələndirdi.
Bundan sonra B. Bayramov vəsatətlə çıxış etdi. Vəkil T.Qurbanovun üzərində olan pul əsginazlarında P.Həşimlinin barmaq izinin olub-olmaması barədə ekspertizanın keçirilməsi barədə vəsatət verdi. Lakin hakim vəsatətə növbəti məhkəmə prosesində baxılacağını dedi.
“Şahiddən gələn araq iyinə görə burda otura bilmirəm...”
Proses şahid ifadələrinin dinlənilməsi ilə davam etdi. Zaur Abdullayev adlı şahid T.Qurbanovun maşınında keçirilən axtarış tədbirləri zamanı hal şahidliyi etdiyi üçün məhkəmənin suallarını cavablandırdı. Z.Abdullayev bildirdi ki, MTN-in həyətində T.Qurbanovun kül rəngli maşınında sürücü oturacağının altından 2800 dollar çıxıb. Bundan başqa, kserokopiyası çıxarılmış və sellofana bükülmüş şəkillər olub.
P.Həşimli isə hakimə müraciət edərək “cənab hakim, mənimçün maraqlıdır, sərxoş vəziyyətdə olan birinin verdiyi ifadə nə dərəcədə etibarlıdır” deyə soruşdu: “Ondan gələn araq iyinə görə burda otura bilmirəm”.
Şahid martın 12-də axşam bir məclisdə içki içdiyini dedi. Hakim isə bildirdi ki, araq içmənin bir həddi var. Anlaqsız vəziyyətə çatana qədər içmə həddi var: “Amma bu adam danışır, fikrini ifadə edə bilir”.
Vəkil B.Bayramov şahidin istintaqa verdiyi ifadədə həmin şəkillər barədə hissənin elan edilməsini istədi. Hakim sözügedən hissəni elan edəndə bəlli oldu ki, Z.Abdullayev o şəkillərin əntiq əşya şəkilləri olduğunu bildirib. Vəkilin “siz ümumiyyətlə, əntiq əşyanın nə olduğunu bilirsiz” sualına cavabda şahid aşağıdakıları dedi: “Niyə tanımıram? Əntiq əşya bahalı əşyadır da. Şəklə baxıb bilmək olur. Məsələn, mən qəzetə baxıb İlham Əliyevin şəklini görsəm, biləcəm ki, o, mənim canım prezidentimdir”.
“Qızımın ağladığını görüb, protokolu imzalamaqdan imtina etmisiz...”
Şahid Osman Qasımov isə ifadəsində P.Həşimlinin evində aparılan əməliyyat-axtarış tədbirləri ilə bağlı danışdı. Bildirdi ki, Biləcəri İcra Nümayəndəliyində məsləhətçi vəzifəsində çalışır və MTN əməkdaşları P.Həşimlinin evini - Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi ərazisini- tanımadığı üçün ona müraciət edib, ardınca da əməliyyatda hal şahidi olmasını xahiş ediblər. Şahid bildirdi ki, axtarış əməliyyatı zamanı heç bir zorakılıq olmayıb: “Qapını döydülər. Evin xanımı açmadı. Amma sonradan qapı açıldı, evə içəri qapıdan girildi”.
P.Həşimli: “Siz orda reşotkanın qoparılmasını, pəncərənin qırıqlarını gördünüzmü?”
Şahid: “Xeyr. Cəhd etdilər ki, qapını açmasaz, reşotkanı qırıb pəncərədən girə bilərik. Amma buna ehtiyac qalmadı, qapıdan girdilər”.
P.Həşimli: “Yoldaşımla uşağı harda gördüz?”
Şahid: “Elə otaqda”.
P.Həşimli: “Yoldaşım və uşaq qorxudan ağlayandan sonra siz protokola qol çəkməkdən imtina etmisiz. Sonra qolunuzdan çəkib geri qaytarıblar...”
Şahid: “Mən orda bir müsəlman və bir vətəndaş kimi dedim ki, əgər evdə kobudluq olsa, mən protokola imza atmayacam. Bunu sizin evdəkilər də eşitdi. Amma hər şey axıra qədər normal olduğu üçün imza atdım”.
Şahidin bu sözlərinə P.Həşimli “bu qədər şərəfsizlik olmaz” deyə cavab verdi.
Məhkəmədə iki xanımın etirazı: “Pərvizin 5 yaşlı qızı bu şahidin qabağında mələdi”
Hakimin xəbərdarlığından sonra zalda əyləşən AXCP üzvü Kəmalə Bənənyarlı kəskin etiraz etdi. O, hakimləri qeyri-obyektivlikdə və insanlara qarşı ədalətsiz hökmlər çıxarmaqda suçladı. Onu zaldan çıxardılar. Hakim bu olayın aktlaşdırılmasını tələb etdi.
B.Bayramov isə şahiddən istintaqa verdiyi ifadənin detallarını dəqiqləşdirdi: “Burda deyirsiz ki, evə girəndə heç bir təzyiq olmadı. Amma istintaqda demisiz ki, pəncərənin barmaqlıqları qırıldı. Hansı ifadəni təsdiqləyirsiz?”
Şahid isə dedi ki, pəncərənin barmaqlıqlarını qırmaqla evin xanımına qapını açması üçün təzyiq göstərilib: “Hər iki ifadəmi təsdiqləyirəm”.
Şahid ifadəsini yekunlaşdırıb zaldan çıxanda P.Həşimlinin axtarış zamanı evdə olan xanım qohumlarından biri ayağa durub şahidin üzünə tüpürdü. Üzünü hakimə tutan xanım bildirdi ki, bu şəxs yalan ifadə verir: “Bu adam evdəki Quranı görəndən sonra dedi, gedirəm. Pərvizin 5 yaşlı qızı onun qabağında mələdi. Utanmır indi gəlib burda belə danışır? Tələb edirəm, məni də şahid kimi dindirin”.
Proses martın 18-də, saat 10.30-da davam edəcək.






























































































