İşğaldan azad edilmiş Füzuli şəhərində ucaldılacaq Zəfər abidəsi azadlıq uğrunda 44 günlük Vətən müharibəsinin rəmzi olacaq.
Bizim.Media xəbər verir ki, möhtəşəm sütunlar üzərində yaradılacaq bu monumental kompozisiya 44 günlük Vətən müharibəsinin rəmzi olacaq və Füzulinin azad edilməsi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə həsr ediləcək.
Əsərin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyev AZƏRTAC-a müsahibəsində bu kompozisiyasının yaradılması ideyası və onun xüsusiyyətləri barədə söhbət açıb.
“Monument üç hissədən – podium, lövhə və sütunlardan ibarətdir. “44” simvolu 44 sütundan ibarət olacaq. Bu sütunların hər biri müharibənin bir günündə Azərbaycan Ordusunun qazandığı qələbələrin rəmzi olacaq.
Memorial lövhədə Füzulinin azad edilməsi uğrunda ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş döyüşçülərin adları lazer üsulu ilə yazılacaq. Kompozisiyanın hər bir elementində tətbiq ediləcək texnoloji yeniliklər bu monumentin ideyasını daha da gücləndirəcək”, - deyən Rəşad Mehdiyev bildirib ki, monumentin betondan hazırlanacaq sütunları Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qələbəsinin fundamentallığının rəmzi olacaq.
Bizim.Media