Son günlər ölkənin epidemioloji durumu yenidən gərginləşib. Əvvəlki mərhələlərdən fərqli olaraq indi yoluxma məktəbyaşlı uşaqlar və gənclər arasında daha ciddi şəkil alıb. Yeni tədris ili başlayandan isə yoluxma sürətlənib. Artım tendensiyası məktəb və ali təhsil ocaqlarında daha çox müşahidə olunur. Əhali arasında koronavirus epidemiyası ilə yanaşı ölkədə həm də müşayiət olunan mövsümi qriplərlə bağlı nahatlıq yaranıb.
Əlamətləri oxşar olan hər iki virusun yayılması insanları çaşqın duruma salıb. Bu azmış kimi güclü dalğa xəbərləri də çoxalmağa başlayıb.
Nəzərə alsaq ki, fevral ayının 8-dən ölkədə vaksinasiya prosesi başlayıb və artıq 3-cü dozun tətbiqinə başlanıb. Azərbaycanda 4 milyondan çox insan hər iki doz üzrə peyvəndlənib. Bununla belə pandemiya bağlı ilə hələ də güclü dalğa xəbərdarlıqları proqnozlaşıdırılır.
Maraqlıdır, irəlidəki vaxtlarda peyvəndlənən Azərbaycanı nə gözləyir?
MÖVZU İLƏ BAĞLI:
Yoluxanların sayı yenidən artdı - GÜNLÜK STATİSTİKA
Azərbaycan Tibb universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək kateterizasiyası və angioqrfiya laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov Bizim.Media-ya açıqlamasında bildirib ki, yoluxma daha çox məktəblər açılandan sonra sürətlənib:
“Yoluxmanın artmasına digər səbəb toyların keçirilməsi və nəqliyyatın daha geniş istifadəsidir. Düzdür, əslində peyvəndlənmədən sonra yoluxma artmamalı idi. Hazırda əhalinin 40 faizi peyvəndlənib. Ən azı 60-70 faiz vaksinasiyadan keçməlidir ki, kollektiv immunitet yaransın. Hələlik biz bu saya çatmamışıq. O baxımdan ehtiyatı əldən verməmək lazımdır. Təkrar yoluxmada artım və yeni dalğa da ola bilər”.
Yenidən qapanmalara gediləcəyi ilə bağlı məsələyə gəlincə, həkim bunu xəstəxanalara olan axınla əlaqələndirib:
“Qapanmalarla bağlı qərar yoluxmanın dinamikasından deyil, xəstəxanalara axının çox olması ilə verilə bilər. Əgər görsələr ki, xəstəxanalarda yer və çarpayı çatışmazlığı var, o zaman məcbur qapanma qərarına gedilə bilər”.
Alçina Amilqızı, Bizim.Media