Məmmədovlara qarşı hücum əmrini kimlər verib?; Nəqliyyat nazirini bu dəfə qardaşı oğlunun dəbdəbəli həyatını ictimailəşdirməklə hədəfə çıxardılar; Ziya Məmmədovun müdafiə mövqeyi tutması təsadüfi deyil; prezidentin son müşavirəsi komanda daxilində kompromat savaşını qızışdırıb
2013-cü il prezident seçkilərindən sonra hakimiyyət daxilində kompromat savaşının yenidən qızışacağı ilə bağlı informasiyalar doğrulur. Hələ seçki ərəfəsi “Yeni Müsavat” komanda daxilində bəzi mühüm postlar uğrunda gizli mübarizə getdiyini qeyd edərək kompromat savaşının Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqindən sonra yenidən alovlanacağını yazmışdı.
Seçki başa çatdıqdan sonra prezident üç naziri işdən azad etdi. Səfər Əbiyev, Füzuli Ələkbərov və İsmət Abbasov (yalnız o, baş nazirin müavini kimi komandada qaldı) nazir kabinetini itirdi. Yeni komanda dəyişikliyində ən diqqət çəkən nəqliyyat naziri Ziya Məmmədovun mövqelərinin möhkəmlənməsi oldu. Nazir postunu saxlayan və hər an gözlənilən baş nazir dəyişikliyində ən real namizədlərdən olan Ziya Məmmədovun qudası, Hesablama Palatasının sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildi. Z.Məmmədovun möhkəmlənməsi komanda daxilində ona qarşı olan qüvvələri fəallaşdırdı. Təsadüfi deyil ki, seçkidən sonra ən çox hədəfdə məhz Z.Məmmədovdur. Maraqlıdır ki, indi nazirə olan hücumlar təkcə onun özü və oğlu ilə məhdudlaşmır. Hədəfdə nazirin qardaşları və ümumiyyətlə, vəzifədə olan bütün Məmmədovlardır.

Sanki “gizli bir əl” bu xəbərləri mütəmadi olaraq seçkidən sonra mövzu qıtlığı ilə üzləşmiş mediaya sızdırır. Z.Məmmədov əvvəllər də medianın tənqid hədəfində olub. Amma budəfəki dalğa o qədər güclüdür ki, Məmmədovların tənqidçi medianın və müxalifətin deyil, daha qüdrətli qüvvələrin qəzəbinə gəldiyini düşünməyə əsas verir.

Təkcə fevralın 12-də Z.Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlunun bahalı maşınları, nazirin keçmiş polis rəisi olan digər bir bacısı oğlu haqqında ifşaedici iddiaların yayılması, nəhayət, Fövqəladə Hallar Nazirliyinin Nəqliyyat Nazirliyinin idarələrində yoxlamalara başlaması haqda xəbərlər şübhələri daha da artırır.
Maraqlıdır ki, Məmmədovların “vurulması” prezidentin fevralın 5-də keçirdiyi müşavirədən sonra daha ciddi və ardıcıl xarakter almağa başlayıb. Prezidentin müşavirədə harın məmurlarla bağlı dediklərindən sonra Məmmədovlar məhz bu müstəvidə hədəfə çıxarılır. Nazirin qardaşı oğlunun dəbdəbəli maşınlarının (atası və özü sosial şəbəkələrdə paylaşılan avtomobillərin onlara məxsus olduğunu təkzib edirlər) fotosunun yayılması prezidentin komandasında ən həssas yanaşdığı məsələdir. Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlunun özünün facebook səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olmuşdu. Bu məsələ mətbuatın diqqətinə düşəndən sonra R.Nəbiyev işdən çıxarıldı. İndi nazirin qardaşı oğlunun da eyni motivlə gündəmə gəlməsi Məmmədovlara ciddi problem yarada bilər.

Məlumatlara görə, iqtidarda Z.Məmmədovun “vurulmasında” maraqlı olanlar çoxdur. Bu sırada Prezident Administrasiyasında rəhbərlikdən təmsil olunanlar da var, nazir postunda olanlar da. Z.Məmmədov da şübhəsiz ki, ona qarşı olan qüvvələrin və onu “vuran” KİV-lərin hansı dairələrə bağlı olduqları barədə xəbərdardır. Amma Z.Məmmədov hələ ki müdafiə mövqeyini tutur ki, bu da təsadüfi deyil.
Hakimiyyətə yaxın mənbənin iddiasına görə, Z.Məmmədov belə hücumları təkbaşına deyil, prezidentin dəstəyi ilə dayandırmağa üstünlük verir: “Onun oğlunun ada alması ilə bağlı Türkiyənin ”Hürriyet" qəzeti yazanda da Ziya Məmmədov onu hədəfə gətirənlərin kimliyini bilsə də, “cavab atəşi” açmadı. O, prezidentlə görüşdü və dəstək aldı. Bundan sonra ABŞ-da bütün lobbiçilik işinin kurasiyası nəqliyyat nazirinin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Azərbaycan-Amerika Alyansı”na həvalə edildi. Prezident seçkilərindən sonra onun qudasına nazir postu verilməsi Ziya Məmmədova olan inamı göstərdi".
Mənbə onu da deyib ki, Z.Məmmədova 5 fevral müşavirəsindən sonra hücumların artması komanda daxilində kompromat davasına yeni təkan verib: “Çünki prezident komandada yeni dəyişikliklər olacağının anonsunu verdi. İndi hədəfdə olan nazirlər diqqəti yayındırmaq üçün bir-birilərinə qarşı kompromatları tirajlamağa başlayıblar. Bu kompromat savaşında isə kimin ”yanacağını" bu cür materialların çoxluğu yox, prezidentin son qərarı müəyyən edir".
Ziya Məmmədov özü isə hələ ki susur.
Səbəbini yuxarıda dedik...































































































