"Komandir əsgərləri sağalsın deyə şəhid oldu"  - FOTO 

Hazırda oxunan: "Komandir əsgərləri sağalsın deyə şəhid oldu"  - FOTO 

41049

Vətən Müharibəsinin tarix yazan igidlərindən biri - 22 il Azərbaycanın Silahlı Qüvvələrində qulluq etmiş, Xaçmaz sakini Tariyel Didarovdur.  

Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbini bitirən, Qazax, Tərtər, Füzuli rayonlarındakı və digər hərbi hissələrində qulluq edən mayor Didarov Silahlı Qüvvələrdən 2020-ci ilin fevral ayında tərxis olunub. Əhmədoba kənd orta məktəbində hərbi rəhbər işləməyə başlayıb. 

Vətən Müharibəsi başlayandan bir neçə gün əvvəl - sentyabrın 21-də təlimlərə qoşulub.

Müharibənin ilk günlərindən  döyüşlərə qatılan Tariyel Didarov oktyabrın 26-da Xocavəndin Qırmızı bazar qəsəbəsinin girəcəyində gedən döyüşlərdə ağır yaralanaraq hospitala göndərilib. Müalicədən sonra Xaçmaza əlil kimi qayıdan, hazırda bədənində 100-ə yaxın qəlpə gəzdirən Tariyel Didarov o qanlı-qadalı günlərin birinci ildönümündə  vaxtilə əsgəri olmuş şəhidlərin  rayonlardakı və Xaçmazdakı anım mərasimlərində iştirak edir, xatirələrini hörmətlə anır.

Mayor Tariyel Didarov Bizim.Media-ya müsahibəsində ağır yaralandığı şiddətli döyüşü xatırlayıb.  

Bildirib ki, müharibədə yaralı əsgərlərini qoyub səyyar hospitala getməkdən imtina edən baş leytenant rütbəli zabiti heç cür unuda bilmir:  

"Yaralılarımız çox idi. Həmin zabit komandir idi, təcili yardım avtomobilinə əvvəl yaralı əsgərlərinin yerləşdirilməsini istəmişdi. Özü isə Cəbrayıldakı hospitala aparılanda yolda keçindi. Bax, əsgərini qoyub qaçan ermənidən fərqli olaraq Azərbaycan hərbçisi özünü əsgərinin sağalması naminə belə şəhid edib. Tarixi qələbəni məhz belə fədakar zabitlərin sayəsində qazanmışıq". 

Xaçmazlı qazının ən  təsirli xatirəsi ağır yaralandığı 26 oktyabr döyüşündə iki hərbçi yoldaşının - Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin iki zabitinin yanındaca şəhid olması ilə bağlıdır:

"Qırmızı Bazar qəsəbəsinin girişində döyüş gedirdi. Həmin yüksəklikdən  Şuşa da görünürdü. Xocavəndə gedən yol da. Şuşa istiqamətinə gedirdik. Günorta saatlarında qəfildən  atılan mərmi nəticəsində mən və komandirimiz, polkovnik leytenant Anar Mirzəyev ağır yaralandıq. İki zabitimiz - Qaxdan olan Sadiq Məmmədov və İsmayıllıdan olan Xeyrulla İbrahimov gözümüzün qabağında qəhrəmancasına şəhid oldular. Hazırda Vətən Müharibəsi Qəhrəmanı olan Anar Mirzəyevlə mən dərhal hospitala  təxliyyə olunduq". 

Tariyel Didarov hazırda Xaçmazın Əhmədoba kənd tam orta məktəbində hərbi hazırlıq müəllimi kimi pedoqoji fəaliyyətini davam etdirir.

Mayor qazi Didarov Vətən Müharibəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü","Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO