Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 23-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası veriləcək
Bizim.Media xəbər verir ki, bu barədə Prokurorluğun Mətbuat xidmətindən bildirilib. İmtahan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirlib.
Namizədlərin iştirakı ilə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında olub. İmtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 406 namizəddən 382 nəfəri imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış 181 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilib.
Bizim.Media