“Elnur iki həftədən çoxdur ki, süni tənəffüs aparatının dəstəyindədir. Hazırda vəziyyəti stabil-ağırdır. Hələ ki, ciyərində həkimlərin gözlədikləri irəliləyiş yoxdur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında koronavirusdan əziyyət çəkən tanınmış jurnalist Elnur Əşrəfoğlunun qardaşı Rəşad Şükürov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Elnur Əşrəfoğlunun vəziyyəti PİSLƏŞDİ - Xəstəxanadan açıqlama
O, qeyd edib ki, qardaşının müalicəsi davam edir.
“Çox təəssüf ki, Elnurun orqanizmi güclü deyil, əks halda bu ona tez toparlanmaqda yardımçı olardı. Onun Yaponiya səfərindən sonra immun sistemi çox zəifləmişdi, sonradan isə o, koronavirusa yoluxdu. Həm də bir böyrəyinin olmaması da onun üçün təhlükə yaradır. Sevindirici xəbər odur ki, hazırda böyrəyi normal fəaliyyətə başlayıb. Bildiyiniz kimi xəstəliyinin ilk dönəmində böyrəyi fəaliyyət funksiyasını itirmişdi”.
R.Şükürov Elnurun hazırda huşsuz vəziyyətdə olduğunu, ancaq onda fasilələrlə ayılmaların baş verdiyini qeyd edib.
Sonda jurnalistin qardaşı Elnur Əşrəfoğlunun sağalması üçün əllərindən gələn köməkliyi ailədən əsirgəməyən Heydər Əliyev Fonduna və “Yeni klinika”nın bütün tibb personalına da öz minnətdarlığını bildirib.
Vüsalə Balayeva, Bizim.Media