Tofiq Yaqublunun xanımını, qızını və vəkilini Şəkidən Bakıya gətirən avtomobil yanvarın 21-i axşam İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb. Müsavatçının xanımı Maya Yaqublu, qızı Nərgiz Yaqublu, vəkili Xalid Bağırov və avtomobili idarə edən Müsavat fəalı Çingiz Əli xəsarət alıblar.
Maya Yaqubluya kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozu qoyulub. Onun boyun fəqərələrində sınıq-çıxıq da var. Çingiz Əli kəllə-beyin travması alıb, nəticədə baş beyni orta dərəcədə əzilib. Nərgiz Yaqublu, Xalid Bağırov isə yüngül yaralanıblar.
Yanvarın 23-də Tofiq Yaqublunun qızı Nigar Yaqublu “Media forum” saytına açıqlama verib. O deyib ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Çingiz Əlinin vəziyyəti normaldır: “Çingiz bəyin huşu özündədir. Üç-dörd gün reanimasiya şöbəsində qaldıqdan sonra palataya köçürüləcək. Anam isə əməliyyat olunmalıdır. Anamı əməliyyat edəcək cərrah bu gün ərzində gəlib vəziyyətə baxacaq və əməliyyatın harada keçirilməsinə qərar verəcək”.































































































