Baş həkim qəzaya düşən müsavatçılarla bağlı açıqlama verdi

Baş həkim qəzaya düşən müsavatçılarla bağlı açıqlama verdi

Hazırda oxunan: Baş həkim qəzaya düşən müsavatçılarla bağlı açıqlama verdi

40283
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov avtomobil qəzasına düşərək xəsarət alan Müsavat başqanının müavini Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu və müsavatçı Çingiz Əlinin durumu haqda açıqlama verib.

Yanvarın 22-də “Media forum” saytına danışan baş həkim bildirib ki, qəza zamanı Çingiz Əli kəllə-beyin travması alıb, nəticədə baş beyni orta dərəcədə əzilib: “Xəstələr Respublika Neyrocərrahiyyə Xəstəxanasına İsmayıllı rayonundan gətirilib. Çingiz Əliyə yolda ağrıkəsici, yuxu dərmanları vurulub. İndi özünə gəlib, huş əlamətləri var, durumu sabitləşməyə doğru gedir. İndiyədək yuxuda olması həm qəza nəticəsində aldığı zədənin fəsadıdır, həm də xəstəxanaya gətirilən zaman ona vurulan yuxu dərmanları və ağrıkəsicilərə görədir. Artıq qismən ayılıb, deyilənləri anlayır, reaksiya verir. Hələlik onun əməliyyat olunmasına ehtiyac duyulmur. 

Beynində ciddi qansızma, qan laxtalanması yoxdur. Ona görə də əməliyyata ehtiyac duymuruq. Amma travma yenidir, xəstə səhər tezdən bütün müayinələrdən keçirilib. Vəziyyətində hər hansı dəyişiklik olsa, əlavə müayinələr aparılacaq. Xəstə ciddi nəzarət altındadır”. 

Baş həkimin sözlərinə görə, müayinədən sonra Maya Yaqubluya kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozu qoyulub: “Onun boyun fəqərələrində sınıq-çıxıq da var. Sınıq-çıxıq altıncı və yeddinci fəqərələrdə qeydə alınıb. Belə diaqnoz qoyulan xəstələr üzərində cərrahiyə əməliyyatı aparılır. Maya Yaqublu əməliyyat olunacaq. İndi əməliyyata hazırlıq görülür. Əlavə müayinələr aparılacaq. 

Hazırda Maya Yaqublu məhdud formada hərəkət edə bilir. Xəstənin durumunun ağırlaşmasını önləmək və tam hərəkət etməsini bərpa etmək üçün əməliyyat vacibdir. Boyun fəqərələrində olan sınıq-çıxıqlar onun onurğa beynini sıxır. Onurğa beyni azad etmək lazımdır. Boyun ciddi nahiyədir, hər zaman pisləşmə ola bilər”. 

Kabus Dadaşov bildirib ki, cərrahiyə əməliyyatını Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri edəcək: “Yüksək peşəkarlığa, böyük təcrübəyə malik həkimlərimiz və hər cür şəraitimiz var. Özüm xəstələrə nəzarət edirəm. Səhiyyə Nazirliyi xəstələrin durumu haqda məlumatlandırılıb. Nazirliyin rəhbərliyi xəstələrə xüsusi diqqət göstərilməsi və sağlamlıqlarının bərpa olunması üçün lazım olan bütün işlərin yüksək səviyyədə görülməsi haqda tapşırıqlar verib. Biz də həmin tapşırıqları yerinə yetiririk”. 

Müsavat başqanının müavini Tofiq Yaqublunun ailə üzvlərini və vəkilini Şəkidən Bakıya gətirən avtomobil yanvarın 21-i axşam İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb. Tofiq Yaqublunun xanımı Maya Yaqublu, qızı Nərgiz Yaqublu, vəkili Xaliq Bağırov və avtomobili idarə edən Müsavat fəalı Çingiz Əli xəsarət alıblar.a
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO