Özünü yandıraraq canına qəsd edən mərhum qazi Zaur Həsənov və onun intihara sövq edilməsində adı keçən Azərbaycan Həmkarlar İttifaqları Komfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sadə və kasıb birisi deyilmiş. İnternet resurslarında S.Mehbalıyevlə bağlı məlumatlar axtararkən qurumun saytına da baş vurdum. Əslində saytda insanların əmək hüquqlarının pozulması, son günlər işdən qovulmuş və etiraz aksiyasına hazırlaşan neftçilər barədə bir cümlə ilə belə rastlaşmadım. Amma saytda xeyli ilginc məlumatlar da varmış. Sən demə Səttar Mehbalıyevin sədri olduğu AHİK əməlli başlı imperiya imiş. Bunu yəqin etmək üçün üzağa getməyə ehtiyac yoxdur. Qurumun www.ahik.org rəsmi internet səhifəsində baxanda AHİK-nın birbaşa tabeçiliyində olan mal-mülkü və burada dövr edən milyonları görmək çətin deyil.
AHİK-in rəsmi orqanı da var, bu "Ülfət" qəzetidir. Bu qəzet S.Mehbalıyevin bəlkə də gəlir götürmədiyi yeganə «obyektdir».
Beləliklə, Azərbaycan Həmkarlar İttifaqlarının "Kurort" Səhmdar Cəmiyyəti mövcuddur. Bu cəmiyyət ictimaiyyətdə digər kurort və sanatoriyalara “putyovka” paylamaqla məşğuldur. Əslində “Kurort”un nəzdində xeyli müəssisə - “Naftalan”, “Bilgəh”, “Abşeron”, “Günəşli”, “Qaranquş” ,”Şıx”, “Pirşağı” və “Xəzər” sanatoriyaları, "Azgeokaptajminsu" Ekspedisiyası, "Avtonəqliyyat" müəssisəsi, "Azərkrortlayihə" institutu, Təchizat Birliyi, "Azərkurorttikintitəmir" Birliyi var.
AHİK birbaşa tabeçiliyində olan Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası və bu şuranın nəzidində "Xəzər" turist bazası, "Dostluq" turist bazası, Şəki "Soyuq bulaq" turist-ekskursiya birliyi, Mingəçevir "Günəşli" turist bazası, Hacıkənd "Göy göl" turist bazası, "Bakı-Tur" Turizm Agentliyi, "Turist" Avtobazası BİS, Təmir-Tikinti Sahəsi, Bakı Səyahətlər və Ekskursiyalar bürosu mövcuddur.
Bundan başqa AHİK tabeçiliyində olan "Azərbkolxozlararası Sağlamlıq" Respublika Birliyinın nəzdində Sənaye İstehsalatı və Texniki dəstləşdirmə idarəsi, "Şahdağ" istirahət evi, "Şəfa" müalicə-pansionatı var.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası da var. Bnunun nəzdində isə "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti, "Gənclik" Tələbə İdman Cəmiyyəti, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti, "Qarabağ" İdman Cəmiyyəti, "Zenit" İdman Cəmiyyəti, "Alpinist və Turizm" Respublika İdman Klubu, "Pəhləvan" Respublika İdman Klubu, "Şahmat və Dama" İdman Klubu və "Atilla" İdman Klubu var.
Qurumun Əmək və Sosial Münasibətlər Akademiyası da mövcuddur.
Məlum olduğu kimi Azərbaycanda müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurmların heç bir real səlahiyyətləri yoxdur. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətlərilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davranır. Amma bütün dövlət müəssisə və idarələrində həmkarlar təşkilatları var və bu təşkilatıar yalnız ora üzv qəbul edilənlərdən üzvlük pulu yığmaqla məşğuldurlar. Yeri gəlmişkən, burada da dövriyyə balaca deyilmiş. “Təzadlar” qəzetinin məlumata görə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hazırda özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. Nəzərə alsaq ki ölkədə orta aylıq əmək haqqı təxminən 394 manatdır, deməli, hər bir işçi ayda ən azı 2 manat üzvlük haqqı keçirir. Bu isə il ərzində 40 milyon manatdan artıq vəsait deməkdir.
Qarabağ əlili Zaur Həsənov özünə qıyandan sonra Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası “II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında” qərar qəbul edib. Bu qərarı da yuxarıda sözü gedən saytda açıqlanıb. Burada qeyd edilir ki, Z.Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 manat məbləğində aylıq yardım verilir. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100000 (manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində mülicəyə ehtiyacı olarsa bütün xərclər AHİK-in hesabına ödəniləcək. Amma Zaur sağalmadı, səngərdə düşmən gülləsinə can verməyən qazi paytaxtda dünyasını dəyişdi.
Z.Həsənovun məzarüstü abidəsi də S.Mehbalıyev tərəfindən götürüləcək. Bundan əlavə, hüzr mərasiminin keçirilməsi üçün ailəyə daha 10 min manat verilib. Bunu virtualaz.org saytına açıqlamasında Zaur Həsənovun atası Həsən Həsənov deyib: "Səttar Mehbalıyev Zaurun həyat yoldaşı və böyük qızını işlə təmin edəcəyini bildirib. Bizimlə söhbətində dedi ki, Zaurun problemləri ilə bağlı ətrafı ona doğru məlumat verməyib. Buna görə də bu işdə cavabdeh olanları cəzalandırıb”.
H.Həsənov qeyd etdi ki, Səttar Mehbalıyev tərəfindən pul verilməsi, ailənin problemlərinin həlli faciənin baş verməsində günahkar olanların cəzalandırılması tələbinə təsir etməyəcək: "Mən oğlumu itirmişəm, pul onu geri qaytarmayacaq. Verilən pul da Zaurun çayxanası üçün kompensasiyadır. Həmin çayxana dağıdılmasaydı, Zaur indi həyatda idi. İndi hər gün müxtəlif insanlardan zəng gəlir, Zaurun borclu olduğunu bildirirlər. Bütün borclarını ödəyirəm. Tək istəyim Zaurun ölümünə bais olanların cəzalandırılmasıdır”.
Qeyd edək ki, sosial şəbəkədə Səttar Mehbalıyevin Prezident Administrasiyasına çağırılaraq tənbeh edildiyi, bir neçə ay vaxt verildiyi haqda məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Səttar Mehbalıyevin biznes sahələrində yoxlamalara başlanılıb.






























































































