Xüsusi karantin rejimi dövründə həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa təxminən 1 ildir ki, qüvvədədir. Həftəsonları ictimai nəqliyyatın bərpa olunmaması istər sərnişinlər arasında, istərsə də yollarda ciddi çətinliklərə səbəb olub. Müşahidələr göstərir ki, ictimai nəqliyyatın şənbə və bazar günləri işləməməsindən ən çox aztəminatlı ailələr əziyyət çəkir.
Avtobusların işləməməsini fürsət bilən taksi sürücülərinin xidmət haqqını “kəlləçarxa” qaldırması, yollarda tıxac yaratmaları insanların əsəblərini əməlli-başlı tarıma çəkir. Vətəndaşlar məcburən 30 qəpiklik yolu 2-3 manata getməli olurlar.
Ötən ilin oktyabrından qüvvədə olan məlum qərarın götürülməsi bağlı çoxsaylı ictimai narazılıq və deputat çağırışları olsa da, məhdudiyyətlərin əsas hədəfi olaraq şəhərdəki sıxlığın qarşısının alınması vurğulanır. Halbuki məhz həftəsonları yollarda sıxlıq birə-beş artır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda əyani tədrisin bərpa olunduğu məktəblərin sayı AÇIQLANDI
Mütəxəssislərin təhlilinə görə həftəsonları ictimai nəqliyyatın məhdudlaşdırılmasının məntiqi izahı yoxdur və bununla yoluxma sayındakı azalmanı təmin etmək 1 il ərzində fayda verməyib. Buna baxmayaraq rəsmi qurumlar qadağanı ləğv etməkdə maraqlı görünmür.
Bu gündən etibarən yeni tədris ilinin ənənəvi üsulla təşkili qadağalarla bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
Şənbə günü dərsə tələsən şagirdlərin mənzilbaşına necə çatmaları, uzaq məsafələri qət edən hər kəsin şəxsi avtomobilinin və taksiyə verəcək pulunun olmaması məntiqi izahı olmayan məlum qərarın götürülməsini bir daha şərtləndirib.
Maraqlıdır, daim sərnişinlərin rahatlığının təmin edildiyini bəyan edən aidiyyəti qurumlar bu məsələdə çaba göstərmək niyyətindədirlərmi?
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında problemin onlara aid olmadığını deməklə kifayətlənib.
Qurum rəsmisi həftəsonları ctimai nəqliyyatın bərpasının Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olduğunu xatırladıb.
Təxminən eyni cavab “Bakı Metropoliteni” QSC-dən də verilib. Operativ Qəragah isə sözügedən məsələ ilə hər hansı müzakirənin aparıldığı haqda bu günə qədər heç bir mlumat açıqlamayıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin ötən il oktyabrın 31-dən etibarən ardıcıl həyata keçirdiyi həftəsonları ictimai nəqliyyatla bağlı qadağası noyabrın 1-dək qüvvədədir.
Alçina Amilqızı, Bizim.Media