Narkomaniyanın yayılmasının geniş vüsət aldığını Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayının artması da təsdiq edir. Məlumat üçün bildirək ki, hazırda Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası şəxslərin sayı isə 12969-dur. Ötən il isə bu rəqəm 32 min 921 nəfər olub.
Narkomaniya ilə bağlı ciddi kriminoloji tədqiqatlar aparılmasa da, müstəqil ekspertlər “ağ ölüm”ün aktiv olduğu bölgələri araşdırıb. Narkomaniya üzrə ekspert Emil Maqalov Bizim.Media-ya açıqlamasında narkotik istifadəçilərinə Bakı (kəndləri), Sumqayıt, Gəncə, Hacıqabul və Lənkəranda daha çox rast gəlindiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ
“Hazırda paytaxt rayonları arasında narkotikdən istifadə halları təxminən bərabər bölüşdürülür. Sadalanan digər bölgələrdə də narkomaniya geniş yayılıb. Narkomaniyanın böyük şəhərlərdə yayılması səbəbi kütləvi əhali ilə bağlıdır. Kiçik şəhərlərdə isə asudə vaxtın təşkilinə görə əsaslandırılır. İşsizlik, savadsızlıq, səhv təbliğat mexanizmləri də bu məsələdə böyük rol oynayır”.
Emil Maqalovun sözlərinə görə antinarkomaniya ilə bağlı tədbirlər əsasən şəhərlərdə, yaxud rayonların dövlət qurumlarında olur:
“Tində qalan və buna ehtiyacı olan adamların isə bundan xəbəri olmur. Xüsusilə buna ehtiyacı olmayanları belə tədbirlərə dəvət edirlər. Risk qruplarına malik gənclər isə maarifləndirici tədbirlərdən uzaqda qalır. Bundan əlavə tədbirlərdə iştirak edənlərin yanında əyləşən gənclər ya danışa bilmir, ya da radikal fikirlər səsləndirir. Bu səbəbdən rayon və kəndlərdə durum acınacaqlıdır”.
Alçina Amilqızı, Bizim.Media