27 ildir Rəhman atasının yolunu gözləyir. Bəlkə nə zamansa atasının çıxdığı qapıdan yenidən bir ümid işığı görünəcək. Qapı açılacaq və atası öz ailəsinə, isti ocağına qayıdacaq.
Bu gün 1994-cü ilin 8 mayında Ağdərə istiqamətində itkin düşən, igid əsgərimizdən biri Fəxrəddin Babayevin oğlu Rəhmanla atası ilə bağlı xatirələrinin sirr pərdəsini aralamağa çalışacağıq. Özünün dediyi kimi bəlkə orada ümid şamı hələ də sönməyib, işığı ilə ala-qaranlığı nurlandırmağa çalışır.
“Atamla bağlı yaddaşımda bir fraqment qalıb. Onu da dumanlı xatırlayıram. Yadımdadır ki, yanımda sarı paltolu bir hündür adam var və mən onun əlindən tutub, mağazaya gedirəm. Atamla bağlı xatırladığım yeganə xatirəm budur”.
Babayev Fəxrəddin Hacı oğlu 1961-ci il 13 fevralda dünyaya göz açıb.
Erməni mənfurlarının Azərbaycan torpaqlarına göz dikdiyi gündən, Fəxrəddin iki azyaşlı oğlanlarının gözünə dik baxa bilmir. Onun düşüncəsində bir sual dolanır “Axı, biz bu uşaqlara nə miras qoyub gedəcəyik?” Bu fikirlər onu Bakıda rahat buraxmır və o, xəstəliyinə baxmayaraq cəbhəyə yola düşür.
“Anam, əmim və dayılarım hər zaman danışırlar ki, atam çox vətənpərvər bir insan olub. Onun mədəsində problemi ilə bağlı həkimdən arayışı var idi.
Bu səbəblə atama cəbhəyə getmək qadağan edilib. Anam hər zaman deyir ki, xəstəliyi haqqında kağızı onun cibinə qoya bilmirdik. Atam sanki o kağızdan utanırdı, vicdanında onu ağır bir daş kimi daşıyırdı.
Ona görə də evdə onu bir küncə atmışdı ki, vicdan əzabından, ayaq bağından yaxa qurtarsın. Atam müharibəyə getmək üçün bu kağızı hərbi komissarlıqdan gizlədir. Sonra könüllü olaraq Qarabağa yollanır”.
Fəxrəddin Babayev cəbhəyə getdiyi ilk günlərdən öz şücaəti, qorxmazlığı ilə ad çıxarır. Bir çox döyüşlərdə fəallıq göstərərək adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdırır. O, Ağdərə uğrunda gedən qanlı döyüşlərdə cəsarətlə vuruşur. Sonuncu döyüşü isə Mərgüşəvan kəndi uğrunda olur. 1994-cü il 8 mayda girdiyi döyüşdən bir daha geri qayıtmır.
“Babam Hacı Babayev sonradan atamı çox axtarıb. Dəfələrlə o torpaqlara səfər edib ki, oğlundan heç olmaya bir xəbər ala bilsin. Aldığı yeganə xəbər isə atamın Ağdərədə döyüşə getdiyi və oradan qayıtmadığı olur.
O döyüşdən sonra ermənilər Ağdərəni işğal etdilər. Babamın son nəfəsinə qədər gözləri atamı axtardı. Əmilərim də onu çox axtardıb lakin ondan heç bir xəbər, heç bir iz tapılmayıb”.
Fəxrəddin Babayevin axtarışları uzun çəkib. Dəfələrlə ailəsindən DNA analizi götürülüb. Qızıl Xaç Komitəsində də axtarışları davam etdirib. Ancaq Fəxrəddindən bir xəbər çıxmayıb. Rəhman deyir ki, sonuncu dəfə 3 il bundan əvvəl də onlardan ağız suyundan nümunə götürülüb.
“Sonradan atamın itkin düşməsi ilə bağlı babama verilən arayışın əsasında atama şəhidlik statusu verildi”.
Rəhman deyir ki, Qarabağ zəfərinin sevinci ailəsində böyük coşğu ilə qarşılanıb. Qələbə sanki onların qəlblərinə su çiləyib.
“Bu bizə böyük təsəlli verdi, o zaman ürəyim rahatlandı. Beynimə ilk gələn fikir isə “Ata, qisasın alındı. Sənin qanın yerdə qalmadı” sözləri oldu. Çox istərdim atamın və digər qəhrəmanlarımızın qanı tökülən torpaqlara, azad olunmuş ərazilərimizə gedim. Gözlərimlə atamın, qəhrəmanlarımızın tarix yazdığı əraziləri seyr edim. Atamın qoxusunu orada sinəmə çəkib, təsəllimi bir az da dərinləşdirim”.
Rəhman deyir ki, atasının gedişini anası Nailə çox ağır yaşayıb, onun gözü hələ də açılan qapıdadır. Nailə xanım o ümidi hələ də ürəyinin ən dərin güşəsində qoruyub saxlayır.
“Yadımdadır, biz uşaq olanda anam hər zaman bizə deyirdi ki, sizin atanız bir gün mütləq qayıdacaq. O, hər zaman atamla yuxularında görüşür, səhər duranda ilk işi bizə yuxularını, atamın bu dəfə onun necə qonağı olması barədə danışır.
27 il keçib. Düzdür, ilbəil ümidlərimiz azalır. Ancaq bir onu bilirəm ki, bizim bir gözümüz hər zaman açılan qapılarda olacaq”.
Bir ailə bu gün də öz başçısını gözləyir. Ömür gün yoldaşı Nailə, oğulları Rəhman və Nazim hələ də ümidlə açılan qapılara tərəf boylanır...
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 14.09.2021
“Yanımda sarı paltolu hündür bir adam var...” – 27 ilin itkinindən SON XƏBƏR
Hazırda oxunan: “Yanımda sarı paltolu hündür bir adam var...” – 27 ilin itkinindən SON XƏBƏR
Hazırda oxunan: “Yanımda sarı paltolu hündür bir adam var...” – 27 ilin itkinindən SON XƏBƏR
36749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.