Xəbər verildiyi kimi ötən gecə koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov hələki dəfn edilməyib.
Bizim.Media-ya bu barədə danışan oğlu Ramiz İbrahimov atasının nəşinin hələ də 1 saylı Klinik tibbi Mərkəzin (Semaşko) morqunda olduğunu deyib:
“Atamın meyiti hələ də morqdadır. Onun dəfn edilməsi üçün yer ayrılmayıb. “Neftçi” klubuna, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına, eləcə də, Milli Olimpiya Komitəsinə bununla bağlı müraciətlər etmişik. Amma heç bir cavab ala bilmirik. Atamın harada və nə vaxt dəfn ediləcəyinə dair məlumat verilmir”, - deyə Aydın İbrahimovun oğlu əlavə edib.
Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat Xidmətinin rəisi Sərxan Musalı isə saytımıza açıqlamasında Prezident Aparatından xəbər gözlədiklərini qeyd edib:
“Gənclər və İdman Nazirliyi bununla bağlı Prezident Aparatına müraciət ünvanlayıb. Aparatdan cavab gözlənilir. Hansı qərar veriləcək, hansı məkanda yer veriləcək, onu bilmirik. Hələki gözləyirik”.
Xatırladaq ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi” Peşəkar Futbol Klubuna rəhbərlik edib.
O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.
Alçina Amilqızı, Bizim.Media