Son günlər yoluxma dinamikasının artması bir sıra ciddi çətinliklərə təkan verib. Koronavirusla bağlı test verən vətəndaşların nəticələrindən günlərdir xəbər çıxmır. Maraqlıdır ki, dövlət polinklinika və xəstəxanalarında test verən vətəndaşların cavabı özəl tibb müəssisələri ilə müqayisədə çox gecikir. Nəticələr bir həftə, bəzən isə 10-günə qədər gedib çıxa bilir. Üstəgəl koronavirus yaxmalarının götürülməsi üçün təcili tibbi yardım həkimlərini günlərlə gözləyən vətəndaşlar da az deyil.
Yoluxan, amma məsuliyyəti olmayan xəstələr isə rahat şəkildə çölə çıxırsa, bu yüzlərlə, hətta minlərlə insanı risk altında qoyur.
Özəl xəstəxanalarda isə testin cavabı 2 saata, ən geci isə günün sonuna qədər hazır olur. Eyni texnalogiyadan istifadə olunan test nümunələrinin nəticələrinin fərqli vaxtlarda verilməsi təzad və narazılıq yaradır. Rəsmi qurumlar bu durumu yoluxanların çoxluğu ilə əlaqələndirsələr də müstəqil həkimlər problemi işin təşkilinin düzgün qurulmamasında görürlər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, tanınmış həkim-radioloq Aydın Əliyev qeyd olunan problemlə bağlı hələ də xeyli vətəndaş şikayətlərinin olduğunu deyir:
MÖVZU İLƏ BAĞLI:
HƏKİMDƏN AÇIQLAMA - “Vaksinin sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz” - VİDEO
“Bu müddət ərzində həmin şəxs yoluxucudur. Məsuliyyətli şəxs olsa və virusla bağlı hansısa əlaməti hiss etsə, özünü təcrid edəcək. Amma bilirsiz ki, məsuliyyətli insanların da sayı çox azdır. İstənilən halda sözügedən problemi vətəndaşların üstünə yıxmaq düzgün deyil. Həmişəki kimi işin təşkilində problem var. Doğurdan da necə ola bilir ki, özəl xəstəxana testin cavabını bir neçə saatdan sonra verə bilir, dövlət vermir? Ola bilər deyərlər ki, test nümunələri çoxdur və çatdıra bilmirlər. Mən bununla razı deyiləm.
Çünki dövlət başçısı tərəfindən yetəri qədər vəsait ayrılıb və bunun üççün imkanlar yaradılıb. Avadanlıqların və işçilərin sayını artırsınlar, tibb personalının məvacibini qaydasında versinlər, o zaman hər şey gözəl olar”.
Həkimin fikrincə, işin təşkili düzgün qurulmadığı üçün bu cür problemlər yaranır:
“Türkiyədə 80 milyona yaxın insan var və o ölkədə yoluxanların evinə belə isti yeməklər çatdırılır. Necə ola bilir ki, Türkiyədə bunu təşkil etmək mümkündür, Azərbaycanda isə 5-6 milyonluq aktiv şəxs üçün alınmır? Reallığı deməsək və məsələyə obyektiv yanaşmasaq, heç bir problemi həll edə bilmərik”.
Alçina Amilqızı, Bizim.Media