Mötəbərliyinə şübhə etmədiyimiz bir mənbədən yeni təhsil naziri Mikayıl Cabbarov barəsində təqdirəlayiq bir məlumat əldə etmişik. Moderator.az-a verilən xəbərdə deyilir ki, bu il müəllimlərin qurultayının seçkilərdən qabaq, sentyabr ayında keçirilməsi üçün Prezident Administrasiyası tərəfindən göstəriş verilməsinə baxmayaraq cəmiyyətdə müəllimlərin nüfuzunun qaldırılmasının qayğısına qalan yeni nazir bu tədbirin dekabradək ertələnməsinə qərar verib. Nazir fikrini belə əsaslandırıb ki, onsuz da seçkilərin keçirilməsi məsuliyyəti hər zaman əsasən pedaqoji heyətin üzərinə düşür və müəllimlər onsuz da öz işlərinin öhdəsindən layiqincə gəlirlər: “Odur ki, onların seçkiöncəsi qurultay keçirərək prezident İlham Əliyevi dəstəklədiklərini bəyan etmələri cəmiyyətdə birmənalı qarşılanmaz.”
Göründüyü kimi nazir çox incə bir məqamı tutaraq
müəllimlərin cəmiyyətdəki nüfuzunun qaldırılması üçün Prezident
Administrasiyasına müqavimət göstərərək əslində özünü zərbə altında qoyub.
Təbii ki, onun bu qərarı heç bir halda prezident İlham Əliyevə dönük çıxması
kimi qiymətləndirilə bilməz. Ən azı ona görə ki, prezident ona çox böyük etimad
göstərərək nazir postuna təyin edib.
Xatırladaq ki, son vaxtlar az qala ölkədəki bütün
dövlət qurumları, ictimai təşkilatlar tələmtələsik öz yığıncaqlarını keçirərək
İlham Əliyevi dəstəkləyən bəyanatlarla çıxış etmək yarışına girmişdilər. Ancaq
nazir yuxarıda iddia olunan səbəbdən bu yarışa qoşulmaq istəməyib.
Qeyd edək ki, müəllimlərin qurultayı 5 ildən bir
keçirilir və 13-cü qurultay 2008-ci ilin 22 sentyabrında baş tutmuşdu.




























































































