İnsanlar bəzən bütün imkanlarına baxmayaraq, həyatda xoşbəxtliklərini tapa bilmirlər. Onlar həyatda xəyallarının arxasınca gedərək, arzularının reallaşdırdıqdan sonra da xoşbəxtlik şərbətini içə bilmirlər. Onlara elə gəlir ki, hər bir arzularının bir çatışmayan tərəfi olur. Ancaq həyatın hər anını dəyərləndirib, əllərində olan bütün nemətlərinə şükr edib, daxili rahatlıq tapsalar bu çox asan başa gələr.
İnsanları bu ketoqoriyada iki hissəyə bölmək olar: Realist və utopiklər.
Bəs, xoşbəxtlik bu insanların hansının daha tez nəsibi olur?
MÖVZU İLƏ BAĞLI:
Bu çiçəkləri evinizdə saxlayın - Şans, bərəkət gətirir...
Psixoloq Cahan Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, realist insanlar xoşbəxtliyi daha tez əldə edirlər. Xəyallara inanan insalar isə...
“Realist insanlar qarşılarına əlçatan məqsədlər qoyurlar və bu istəklərinə çatmaq üçün daha çox çalışmağa can atırlar. Məsələn, dükanda adi satıcıdırsa, qarşısına məqsəd qoyur ki, bir müddətdən sonra administrator vəzifəsinə yüksəlsin. Çox vaxt bu onlarda alınır. Ancaq real olmayan məqsədlərə köklənən, xəyallarla yaşayan insanlar isə buna nail ola bilmir və bu da onlarda bir növ həyata küskünlük yaradır. Çünki onlar pilləkanı bir-bir deyil, birdən qalxmağa çalışırlar”.
Psixoloq həmçinin qeyd edir ki, xəyallara inanan insanlar sadəcə, arzularını düzgün formalaşdırmır və beləliklə hər bir situasiyada da özlərini bədbəxt, bəxtsiz sayırlar.
“Biz hər zaman ağılnan düşünüb, arzularımızı da ona görə formalaşdırmalıyıq. Qeyd edim ki, həyatda mümkün olmayan heç nə yoxdur. Lakin arzularımıza daha doğru səmtdən fokuslanmalıyıq. Əgər bu gün sən əsgərsənsə, düşünməməlisən ki, 1 ildən sonra general rütbəsinə yüksələcəksən. Bunun üçün səbrlə çalışıb, illərlə əziyyət çəkməlisən ki, məqsədinə çata biləsən. Onda insan daxili rahatlıq hiss edəcək. Hər işə pozitiv və inamla yanaşmaq lazımdır”.
Mütəxəssis deyir ki, utopik insanlar bəzən boş xəyallarına daha çox enerji sərf edirlər, bu da onları depresiyaya qədər gətirib çıxarır.
“Peşəkar iş təcrübəmdən deyə bilərəm ki, bu cür insanların əksinə həyatda reallaşdırmalı olduqları çox işləri olur. Lakin “burunlarının uclarındakı” reallıqları görməyib, sanki səmalara qalxmaq istəyirlər. Ancaq onlar həyatda realist olsa, daha çox nailiyyətlər əldə edə bilərlər. Bu da bir növ qurduqları o xəyallara yetişmək üçün onlara vasitəçi ola bilər. Ancaq əfsuslar olsun ki, onlar bunu anlamır, ya da gec anlayırlar”.
Sonda C.Əliyeva cəmiyyətimiz arasında daha çox realist insanların olduğunu da vurğulayıb. Onun fikrincə, bu gün gənc nəsil daha çox real arzularına köklənirlər.
“Bu çox sevindirici haldır. Mən düşünürəm ki, bu daha doğru yoldur. Bununla insanlar daha tez formalaşıb, özlərini istədikləri yerdə daha tez görərlər. Çünki xəyalpərəst insanlar hər zaman depressiv auralı olurlar. Bunun isə nəticələri intihara qədər gətirib çıxara bilər”.
Çalışın, hər zaman kiçik toxunuşlardan belə xoşbəxt olmağı bacarasınız...
Vüsalə Balayeva, Bizim.Media