“Gündə 10-15 ailə gəlir, uşaqları geyindirib gedirlər”.
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Məlum olub ki, avqust ayının son günlərini yaşamağımıza baxmayaraq, məktəbli formalarına təlabat çox aşağıdır.
Etibar Əzimovun sözlərinə görə, “20 yanvar”, “Koroğlu”, “Həzi Aslanov” stansiyalarının yaxınlığında yerləşən “Bravo” supermarketlərinə məktəbli formaları verilib: “Bizdə insanlar hər şeyi ən sonda etməyi xoşlayır. Hər kəs qərar gözləyir”.
Satış müdiri bildirib ki, Tikiş Evinin anbarlarında bütün ölçü və modellərdə kifayyət qədər məktəbli forması var:
“Lazım olan qədər də tikəcəyik. Bunun üçün parçalarımız var. Onları Türkiyədən gətirmişik”.
Qiymətlərin necə olacağına gəlincə, Etibar Əzimov bildirib ki, 2017-ci ildən məktəbli formalarının qiymətində hər hansı dəyişiklik yoxdur. Eləcə də model dəyişikliyi edilməyib:
“Təhsil Nazirliyi nə vaxt yeni modelləri təsdiq edəcək, o zaman da onların istehsalına başlayacağıq”.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlər koronavirusa qarşı peyvənd olunacaq?
Tikiş evinin təmsilçisi ənənəvi tədrisin bərpa olunacağını düşünür:
“Bir halda ki, Təhsil Nazirliyi bu il üçün təhsil planını təsdiq edib, deməli məktəblər açılacaq. Məktəblər mütləq açılacaq. Bütün dünyada məktəblər açılır, uşaqlar savadsız qalmayacaqlar ki... Təhsil hər şeydən vacibdir”.
Xatirə Nəsirli, Bizim.Media