Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov qəribə açıqlama ilə yenidən gündəmə gəlib. Bu dəfə o, qeyri-müəyyən şəxslər tərəfindən erotik görüntülərinin yer aldığı video kadrların yayımlanacağı ilə bağlı şantaj edildiyini bildirib.
Prezident Administrasiyasının keçmiş şöbə müdiri öz tvitter hesabında “tualetdə çəkilmiş və müxtəlif erotik videolarla bəzədilmiş” görüntülərinin yayılacağı ilə bağlı təhdidlər aldığını qeyd edib.
Əli Həsənov təhdidlərin konkret ünvanını qeyd etməsə də, bu işin şəbəkə mafiyasının işi olduğunu və məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdiyini vurğulayıb.
Hesab edək ki, Əli Həsənova qarşı həqiqətən bu cür şantaj kampaniyası aparılır və bəzi qüvvələr məqsədli şəkildə sabiq şöbə müdirini hədəfə almağa çalışır. Sözü gedən video görüntülərin çəkildiyi iddia edilən məkanı nəzərə alsaq, ortada Əli Həsənovun qorxması üçün heç bir səbəb yoxdur. Çünki hər kəs bu və ya digər formada tualetdən istifadə edir və burada çəkilmiş görüntülərin yayılması da heç kimdə təəccüb doğurmaz. Əli Həsənov da hamı kimi insandır və o da öz təbii ehtiyacları üçün tualetdən istifadə edir. Digər tərəfdən 61 yaşlı ahıl insanın bu cür görüntülərinin nə dərəcədə maraq doğuracağı da şübhəlidir.
Lakin Əli Həsənovun bu məsələyə ayrıca status həsr etməsi və həyəcan təbili çalması baş verənlərdən yetəri qədər narahat olduğunu göstərir.
O zaman sual yaranır. Əli Həsənovu narahat edən nədir? Əli Həsənov tualetdə nə edə bilər ki, bu əməlini kimlərsə onun əleyhinə şantaj vasitəsi kimi istifadə etsinlər?
Digər maraqlı məqam isə Əli Həsənovun bu paylaşımının KİVDF-dakı korrupsiya faktlarının ortaya çıxarıldığı son günlərdə baş verməsidir. Belə ki, Avqustun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində KİVDF sədri Vüqar Səfərlinin və onunla birgə həbs olunan 10 nəfərin korrupsiya əməlləri ilə bağlı araşdırma başladılıb. Qeyd edək ki, fondun sabiq icraçı direktoru Vüqar Səfərli və digər şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilirlər.
İstintaqa ifadə verən KİVDF əməkdaşları baş verən korrupsiya prosesində Əli Həsənovun əli olduğu və bu prosesin birbaşa Əli Həsənovun göstərişi ilə icra olunduğu ilə bağlı ifadə verdikləri qeyd olunur.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun işğal etdiyi “Azərbaycan Nəşriyyatı''ndakı son durum - Fotosessiya
18 milyon manat dövlət vəsatinin mənimsənilməsində Əli Həsənovla yanaşı, onun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyevanın da adı hallanır.
Bütün diqqətlərin Əli Həsənova yönəldiyi bir vaxtda erotik video söhbətlərinin ortaya atılması olduqca diqqət çəkir. Ola bilər ki, kimlərsə məqsədli şəkildə diqqəti Əli Həsənovun korrupsiya əməllərindən yayındırmağa çalışır. Sabiq şöbə müdirinin “şəbəkə mafiyası” adlandırdığı bu şəxslər fərqli mövzuları gündəmə gətirməklə Əli Həsənovu istintaqın nəticələrindən qorumağı hədəfləyirlər.
Əks təqdirdə Əli Həsənovu gücsüz, şantaj qurbanı şəxs kimi təqdim etməyin məntiqi nədir?
İndiki anda bu suallara konkret cavab vermək çətindir. Əli Həsənovun bu cür məsələlərdə təmkinli olmaq əvəzinə olduqca isterik şəkildə davranması da onun haqqındakı şübhələri daha gücləndirir.
Rəvan Əliyev, Bizim.Media