Ömrünü səliqəli yaşayan ADAM - 55 yaşlı cavan, Rafiq Həşimov - FOTOLAR

Ömrünü səliqəli yaşayan ADAM - 55 yaşlı cavan, Rafiq Həşimov - FOTOLAR

Hazırda oxunan: Ömrünü səliqəli yaşayan ADAM - 55 yaşlı cavan, Rafiq Həşimov - FOTOLAR

32206

Azərbaycan Televiziya məkanının əsas simalarından birinin, aparıcı, ssenarist, rejissor, əməkdar artist Rafiq Həşimovun bu gün 55 yaşı bitir. Son zamanlar ekranda daha az görünən aparıcı indi həm də Azərbaycan Televiziyasının sədr müavini kimi fəaliyyət göstərir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox hekayələrin müəlifi olan Rafiq Həşimov Bizim.Media-nın “Bir sual, bir cavab” rublikasının qonağıdır. 

- Üzeyir Hacıbəyovun “50 yaşında cavan” əsərinə istinad edərək, Sizə belə bir sual ünvanlamaq istəyirik. Rafiq Haşımov 55 yaşında kimdir? Bu vaxta qədər nə edib və bundan sonra nə etmək istəyir?

“Çox çətin sualdır, mənim əzizim.

Adam özünün nə etdiyinə necə qiymət verə bilər...

...Doğulana-1966-cı ilin 11 avqustuna qədər qoca dünyada hər şey deyilib-yazılmışdı...Mənim onlardan xəbərim yox idi...

...Sonralar-uşaqlıq, yeniyetməlik, gənclik...və hər mərhələdə “NİYƏ?” sualı...



O sual ki, indiyə qədər məni müşaiyət edir...

Çünki, anlayırsan - “bu dünyada nə sual, nə də ona cavab var. Var olan tapmacadır, sirrdir.”

Uşaqkən 20-ci əsrin sonu haqqında düşünəndə mənə elə gəlirdi ki, “2000-ci ildə “Böyük adam olacağam...” - Gəlib həmin rəqəmə çatanda anladım ki, “hər şey geridə qalıb-uşaqlıqda...”  Uşaqlıq haqqında haçansa xatırlamışdım...(əlavə edirəm kiçik yazını...)

Eh, Uşaqlıq! Uşaqlıq!

Hər şey orada qaldı. Mənimçün həmişə böyük qalan valideynlərimin cavanlığı, gəzdiyim cığırlar, məktəb yolu, dostlarım, hər şey...



Necə xoşbəxt idik, ilahi! Hər şey gözəl idi.

İndi bizə pis görünən hər şey çox gözəl idi...

Yazda qoyunları qabağımıza qatıb çölə otarmağa aparardıq. Ətri indi də yaddaşımdan silinməyən yovşanlı düzlər, təzə-təzə torpaqdan aralanan novruzgülülər, sarı-çəhrayı-ağ çöl, çəmən çiçəkləri... Yemlikdən ağzımızın qıraqları yaşıl-göy rəngə batırdı. Gözümüz yerdə dombalan axtarırdı.

Çatlamış alanəm torpağın qoxusu hələ də burnumdadır...Sonradan oxuyacağıq ki, adam torpaqdan yaradılıb. Onda--uşaqlıqda biz torpağın üstündəydik, ayaq üstə, ona yuxarıdan baxardıq...

Uşaqlıq!

Evimizdən o vaxt bizə çox uzaq görünən, amma əslində yüz əlli-iki yüz metr aralı xırda sıra-sıra təpəlikləri aşa-aşa ötüşmək, tövşüyə-tövşüyə arxadan sənə çatana baxa-baxa yüyürmək, sonra da təngnəfəs çömbəlib nəfəs dərmək bizə hələ gələcəyi xatırlatmırdı...



Qoyun otaranda hərdən uzanıb göyə, ötən buludlara baxar, bu tavanın o qədər də uzaq olmadığını düşünər, amma nədənsə əlimizin ona çatmadığından təəccüblənər, ayağa durub göylə yerin birləşdiyi üfüqə baxar, haçansa ora gedəcəyimizə qərar verərdik...

Ah, biz necə də xoşbəxt idik!.. Bilsəniz, necə xoşbəxt idik biz!..

Biz uşaqlar üçün hamı dost idi. Biz o dəqiqə dost olurduq. Bunu bütün dünyaya sübut etmək üçün qol-boyun gəzərdik. Birimiz yıxılanda o birimiz ona dayaq olurduq. Ya da mümkün olmayanda ikimiz də torpağa dəyirdik. Sonra gülüşərək dizimizi çırpıb yenidən qol-boyun olurduq. Beləcə üfüqə doğru gedirdik. Və o xəttə əl vuracağımıza inanırdıq, möhkəm inanırdıq. Uşaq inamıyla.

Ah, necə də inamlı və xoşbəxt idik biz!

...İndi geriyə baxanda anlayıram ki, şükürlər olsun Allaha, bu illər ərzində əldə etdiyim iki əsas var - İNAM və SEVGİ…

Arzum, diləyim, istədiyim odur ki, bu qazancı nə qədər ömür yazılıbsa, sona kimi qoruya bilim…Uşaq kimi…”

Rafiq Həşimova yubiley yaşı münasibəti ilə Bizim.Media kollektivi adından təbriklərimiz çatdırırıq və onun həyatını əks etdirən bir neçə fotonu da diqqətinizə təqdim edirik.

3 yaşlı Rafiq Həşimovdan oğlu, 3 yaşlı İbrahim Həşimliyə qədər 55 illik ÖMÜR! 









Xatirə Nəsirova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO