Dünyada olduğu kimi Azərbaycanda da ekən nikah və zorakılıq məsələsi aktual olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi formalaşmasına mane olur, psixologiyasını ciddi risk altına qoyur. Həmçinin gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına alır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda boşanmaların sayı artdı – STATİSTİKA
Bizim.Media Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Sevil Rəsulzadə ilə bu mövzuda söhbətləşib.
- Erkən nikahla bağlı rəsmi statistika əldə etmək olmur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı təxmini statistika aparırmı? Məsələn 2020-ci ildə nə qədər erkən nikah baş verib?
- Erkən nikah bu gün də aktual olaraq qalır və cəmiyyətimizi narahat edir. Çünki ailə genofondumuza ciddi təsir edir. Bəli, uşaq evliliyi ilə bağlı statistika qeydə alınmır. Bu isə rəsmi rəqəmləri əldə etməkdə çətinlik yaradır. Sadəcə bu rəqəmləri 15-18 yaş arası olan analar tərəfindən doğulan uşaqların sayına əsasən müəyyənləşdirmək mümkün olur. 2011-ci ildə erkən nikaha girən qızların sayı ən yüksək göstəricidə olub. Bu izdivacdan 4292 uşaq dünyaya gəlmişdisə, 2019-cu ildə erkən nikaha girən 18 yaşadək olan qızlardan doğulan uşaqların sayı 2320, 2020-ci ildə isə 1917 olub. Bu da 2 dəfədən çox azalma deməkdir.
- Erkən nikahdan dolayı problem yaşayan qız və oğlanların faiz nisbəti nə qədərdir?
- 2019-cu il ərzində nigahların rəsmi qeydə alınmış bəylərin sayı 1, gəlinlərin sayı isə 366 olub. 2020-ci ildə isə oğlan qeydə alınmayıb. Qızlarınsa sayı azalaraq, 165 nəfər təşkil edib. Buradan da demək olar ki, erkən nigaha daha çox qızlar məruz qalır.
- Bəs, buna yol açan səbəblər nədir? Valideynlər niyə övladlarının tez ailə qurmasını istəyir?
- Azərbaycanda hələ də keçmişə bağlı streotiplər qalır. Bununla mübarizə aparmağın yeganə yolu isə maarifləndirmə və ictimai qınaqdır. Bəzi valideynlərin düşüncəsində qız hələ də yük hesab olunur. Qızlarını daha tez ərə verməklə hesab edirlər ki, bu yükdən qurtulacaqlar. Təcrübədə elə valideynlər var ki, erkən yaşdakı qızlarını imkanlı oğlanlarla ailə qurmağa təhrik edirlər. Bəhanə kimi də qızlarının gələcəyini düşündüyünü qeyd edirlər. Anlamırlar ki, onları təhsildən yayındırmaqla, həm sağlamlıqlarına, həm də gələcək həyatlarına ciddi təhlükə yaradırlar. Digər səbəb hamiləlik məsələsidir. Bu, baş verəndə də çalışırlar ki, qızlarını tez ərə versinlər. Bəzən qızın öz istəyi də bu məsələdə yer alır. Ailə həyatına özünü hazır hiss edir və valideynlərinə bu barədə bildirir. Valideyn isə gələn elçiyə razılıq verməzsə, qızının qoşulub qaçmasından ehtiyatlanır. Vacib səbəblərdən biri isə ailəsində zoraklığa məruz qalmış bəzi qızların qurtuluşlarını tez ərə getməkdə görmələridir. Bu istiqamətdə Komitə tərəfindən mütəmadi sorğular aparılır. Məsələn, Komitənin və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu aparılıb. 100 respodentin 87-si erkən yaşda ailə quranlar olub ki, 9 faizi şəxsi istəkləri ilə bu izdivaca razı olduqlarını bildiriblər. Çoxluq isə valideynləri tərəfindən erkən nikaha məcbur edildiklərini söyləmişdilər. Bəzilərinin fikrincə, ailələrində gec nikaha daxil olmağa pis baxılır”.
- İstər rəsmi, istərsə də qeyri-rəsmi bütün hallarda qızın 16 yaşı tamam olmayıbsa, onunla cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Komitə olaraq bu yöndə maarifləndirmə işləri aparırsınızmı?
- Təbii ki, cinayətdir. Cinayət Məcəlləsinin 176-1 maddəsi "Qadını nikaha məcburetmə" kimi təsbit olunub. Əgər bu əməllər nikah yaşına çatmayan şəxslərə qarşı törədilirsə, bu zaman valideynləri 3 min manatdan-4 manatadək cərimə, eləcə də 4 ilədək azadlıqdan məhrum etmə gözləyir. Bəzi valideynlər arasında “övlad mənimdir, mən bilərəm, qərarını özüm verirəm” kimi fikirlərə rast gəlirik. Amma məsuliyyətlərini dərk etmirlər. Təcrübədə də görürük ki, erkən yaşda ailə quran qızların çoxu təhsillərini yarımçıq qoyurlar. Ya ailə ilə bir arada təhsillərini davam etdirmək üçün imkanları olmur, ya ərləri icazə vermir. Komitənin 11 uşaq və ailələrə dəstək mərkəzlərində təlimlər keçirilir. Həmçinin pandemiyadan irəli gələrək onlayn təlimlərimiz var. “Uşaq evliliyi cinayətdir”, “Uşaqlığımızı əlimizdən almayın” və digər mövzularda bukletlər çap etdirmişik. Onları da əhali arasında paylayırıq.
- Müşahidələr və təhlillər göstərir ki, erkən nikaha təhrik edilən övladlarına görə valideynlər cinayət məsuliyyətinə cəlb olunmurlar. Varsa da inzibati təhbeh cəzasıdır və bu say çox kiçik rəqəmdir. Erkən nikahlara bu səbəb də yol açırmı?
- Əlbəttə ki, heç bir cinayət cəzasəz qalmamalıdır. Belə faktlar aşkarlanarsa onlarla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür və cinayətkəar məsuliyyətə cəlb olunur. Təssüf ki, bəzən bu hadisələr ailədə gizli saxlanılır.
- Nikah yaşı bir qədər də coğrafi şəraitdən asılı olan məsələdir. Daha çox erkən nikah problemi cənub bölgələrində yaşanır. Bunun bir izahı varmı?
- Cənub bölgəsi ilə bağlı biz daha çox əvvəllər danışırdıq. Erkən nikahla bağlı konkret rayon adı çəkə bilmərik. Amma son illərin nümunəsinə görə Bakı kəndlərində, Dağlıq Şirvan və Aran rayonları, Gəncə-Qazax bölgəsində, Aran və Lənkəran iqtisadi rayonlarında erkən nikah halları baş verməkdədir. Tam statistika aparılmadığı üçün bu da dəyişir.
- Məişət zorakılıqlarında erkən nikah faktorunun rolu nə qədərdir?
- Erkən nikah özü bir zorakılıqdır. Ailədə baş verdiyi üçün məişət zorakılığının birbaşa nəticəsi olaraq qiymətləndirilir. Erkən yaşda ailə quranlar iqtisadi baxımdan asılı olur, xarakteri tam formalaşmır, ailənin yükünü tam dərk edə bilmir və s. Məişət zorakılığı fiziki, iqtisadi, cinsi və psixoloji olmaqla növlərə bölünür. Çox vaxt ailə psixoloji cəhətdən övladına təsir edir və travma yaşadır. Övladı isə düşünür ki, bəlkə ərə getdiyim ailə mənim üçün daha yaxşı olar. Qızların istəyi ilə ailə qurmasının içində bu faktor da rol oynayır. Qeyd edim ki, 2019-cu ildə Komitəyə məişət zorakılığı ilə bağlı 256, 2020-ci ildə isə 178 müraciət daxil olub.
- Son zamanlar ailədə zorakılıq görən və erkən nigaha məcbur edilən qızların bu vəziyyətlərdən canlarını qurtarmaları üçün LGBT-yə qoşulması bildirilir. Bu barədə sizdə faktlar varmı? Ümumiyyətlə, bu iddia ilə bağlı araşdırma aparılırmı?
- Komitə olaraq məişət zorakılığı halları ilə bağlı araşdırmalar və təhlillər aparırıq. Dediyiniz faktla bağlı komitəyə hər hansı müraciət daxil olmayıb.
- Erkən nikaha görə digər ökələrlə müqayisədə hansı sıradayıq?
- Bu elə bir problemdir ki, bütün cəmiyyətləri narahat edir. Əgər biz region ölkələrindən danışsaq, deyə bilərik ki, ölkəmiz bu faktlara görə aşağı sıradadır.
- Təzadlı bir məqam da var. Mətbuatda bəzən kişilərin də qadınlar tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı məlumatlar oxuyuruq. Bu istiqamətdə hər hansı faktların araşdırılması tərəfinizdən aparılırmı?
- Zorakılığın cinsi yoxdur. Təcrübədə görürük ki, kişilər daha çox psixoloji zorakılığa məruz qalır. Bunun nəticəsi hətta fiziki zorakılıqla sonlana bilər. Qeyd edim ki, pandemiya dövründə apardığımız təhlilə əsasən müəyyən etdik ki, zorakılığa məruz qalanların 15 faizi kişi olub.
- Apardığınız mübarizə tədbirləri nəticəsində erkən nikahdan geri çəkilənlər olubmu? Nümunə varmı?
- Bəli, olub. Məsələn, bu il Lənkəran, Masallı, Şəkidə belə bir hadisə baş vermişdir. 15-16 yaşında qızlar erkən nikaha təhrik edilirdi. Həmin hadisələr də anında və yerində həll edildi. İstər zorakılıq, istərsə erkən nikah, ümumilikdə bu tip halları bilən və görən insanlar öncə sosial şəbəkələr üzərindən paylaşım edirlər. Lakin nəzərə almaq lazımdır ki, qurumlara müraciət etsələr, o daha tez tədbir görüləcək. Onsuz da məlumat verən şəxsin anonimliyi qorunur. Komitə kiçik qurumdur, ölkə üzrə 11 mərkəzi var. Əgər bizə müraciət olunmursa, bütün respublika üzrə baş verənlərə necə nəzarət edə bilərik? Odur ki, vətəndaşlar bizə güvənərək könül rahatlığı ilə müraciət edə bilərlər.
Alçina Amilqızı, Bizim.Media