“Məhkəmə mənimlə Əflan İbrahimov arasındadır. Amma o mənim ailəmi də bu işə qatır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Müstəqil Xalq Partiyasının (MXP) sədri Əflan İbrahimovu məhkəməyə verən sabiq deputat Gülər Əhmədova deyib.
Keçmiş millət vəkili əlavə edib ki, Əflan İbrahimov ona şər atıb, eyni zamanda ailə üzvlərini hədəf alıb:
“Bu etik deyil. Adam düşmənçilik edəndə də ədəbli edər. Mən onun ailə üzvlərinin adını çəkmirəm. O isə məndən fərqli olaraq bunu edir. Nə edim, indi mən də araşdırma aparıb onun ailəsini hədəfə götürüm? Bu etik deyil axı”.
MÖVZU İLƏ BAĞLI:
Hafiz Hacıyev Gülər Əhmədovanı müavin təyin etdi - ÖZƏL
Gülər Əhmədova həmçinin bu məsələdə media mənsublarını diqqətli olmağa çağırıb.
“Əflan İbrahimov deyir ki, Gülər Əhmədova, onun oğlu həbsdə olub deyə, xalqın adından danışa bilməz. Jurnalistlər də bunu yazır. Bu nə yanaşmadı axı?
Məndən başqa da məhkumluq həyatı yaşayan deputatlar, məmurlar olub. İndi həbsdə olanlar danışmamalıdı?! Media nümayəndələri diqqətli olmalı, onun hər dediyini yazmamalıdır. Üstəlik Əflan İbrahimov deyir ki, Gülər Əhmədova həbsdə olduğuna görə partiya sədrinin müavini ola bilməz. Onun özü də həbsdə olub axı. Bu məntiqlə Əflan İbrahimov da partiya sədri ola bilməz.”, – deyə keçmiş deputat vurğulayıb.
Qeyd edək ki, Əflan İbrahimov LAF TV-də çıxış edərkən Gülər Əhmədovanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin yaxın adamı kimi təqdim edib. Sabiq deputatın məhkəməyə müraciəti həm də bununla bağlıdır.
O bildirib ki, Əflan İbrahimovun dedikləri sadəcə böhtandır. “Məhkəmədə bu barədə ətraflı danışacağıq. Onun dediklərində zərrə qədər də həqiqət payı yoxdur”, – Gülər Əhmədova vurğulayıb. (Qaynar.info)
Bizim.Media