Jurnalistikamızın ağdamlı qızları: “Sən azadsan Qarabağın Ağ Damı”

Jurnalistikamızın ağdamlı qızları: “Sən azadsan Qarabağın Ağ Damı”

Hazırda oxunan: Jurnalistikamızın ağdamlı qızları: “Sən azadsan Qarabağın Ağ Damı”

3147

Bu gecə hamımız sevinirdik, 27 ildən sonra Ağdama qayıtmışdıq. Amma ağdamlıların sevinci başqa idi.

Onlar bizdən fərqli 27 il öncəyə - uşaqlıq, gənclik illərinə, xatirələrinə, xəyallarına, yurd yerlərinə döndülər. 

Bizim.Media olaraq ağdamlı həmkarlarımızın sevinclərini, duyğularını oxucularımızla bölüşürük. 

Təsəllim odur ki, itirdiklərimin ruhu şaddır!

Mətanət Ağamirli, əməkdar jurnalist: Ağdam mənim üçün məsum uşaqlığım, qayğısız məktəbli illərim, böy atdığım böyüdüyüm obam-elim, itirdiyim doğmalarım, əzizlərimdir, vətənimdir!

Bu hissin qürurunu, sevincini izah etmək çox çətindir. Doğulduğun, böyüdüyün şəhərin işğaldan azad olunması nə qədər qürur verirsə, evini, məhəlləni viran görmək o qədər kədərlidir.

Bu günə şükür edərək, qayıdışımızın təntənəsini qeyd edib sevinirəm. Amma içimdə ağlar bir ikinci Mətanət var. İtirdiklərim, Ağdamdan kənarda torpağa verdiklərim!

Ağdam uğrunda döyüşlərdə itkin düşən, hətta cənazəsi gəlməyən, illər sonra şəhid statusu verilən qardaşım, atam-anam, dayım, qohumlarım-qonşularım.

Ağdam qayıtdı, amma Ağdamın həsrətilə itirdiklərim qayıtmır... Bir daha da geri gəlməyəcəklərini də bilirəm.

Təsəllim odur ki, itirdiklərimin ruhu şaddır!

Mənə elə gəlir ki, atam yenidən dünyaya gəldi.

Sevinc Vaqifqızı, əməkdar jurnalist: “Ağdamın işğaldan azad olunmasını, Azərbaycan əsgərlərinin ora girişini bu gecə diri gözlə gözləmişəm, bir saat yatmamışam.

Ağdam mənim dünənimdir, hər şeyimdir, əzizlərimin uyuduğu torpaqdır, atamdır. O atam ki, Ağdamın son gününə qədər könüllülərlə birlikdə döyüşdü.

Ağdamın işğalı günündə iyulun 23-də dünyasını dəyişib. Mənə elə gəlir ki, bu gün atam yenidən dünyaya gəldi, oyandı.

Bilirəm ki, bu gün Ağdamsız dünyadan köçən nə qədər ağdamlı varsa, hamısının ruhu şaddır. Mənim üçün dünyanın bundan böyük zəfəri, ömrümün bundan xoş xəbəri ola bilməz.

Ağdam bu gün mənim arxası qatda yatan, illərdir xəstəlikdən əziyyət çəkən anamın sevincidir.

Hamınıza söz verirəm, Allaha and olsun, torpağımı öpə, öpə, iməkləyə, iməkləyə evimə qayıdacam. 

Mənim uşaqlığım cəmi 5 yaşında bitdi.

Günay Elşadqızı, jurnalist (APA): “Mən Ağdamda 5 yaşıma qədər yaşamışam. Uşaq da olsam yadımdadır ki, çox böyük həyətimiz vardı.

Arada düşünürəm, bəlkə uşaq olduğum üçün gözümdə o qədər böyük qalıb. Anamdan soruşanda deyir ki, olduğu kimi xatırlayırsan.

Cənnət kimi idi bütün meyvə ağacları, güllər vardı. Gözümü yumanda həm öz evimiz, həm də ana nənəmin evi canlanır, xatırlayıram hər şeyi.

Həyətimizdəki ağ qabıqlı, şirin narı heç unutmuram, dadını da hiss edirəm. Mənim uşaqlığım cəmi 5 yaşında bitdi.

Deyə bilmərəm ağır köçkünlük həyatı yaşadım, amma digər uşaqlarla bizim həyatımız arasında adını qoya bilmədiyim bir fərq vardı.

Bütün hallarda məcburi köçkünlük dəhşətlidir, hələ uşaqlar üçün. Həyətdə uşaqlarla oynayanda, dava düşəndə “qaçqın, qaçqın” deyə çağırırdılar, o vaxt söyüş kimi gəlirdi.

Bu gün mənim böyüdüyüm gündü!

Günay Yelmarqızı, aparıcı (ATV): “Demişdim axı Azərbaycan əsgəri Ağdama qədəm qoyan gün mən böyüyəcəm. Bütöv olacam.

Bu gün mənim böyüdüyüm gündü! Sən azadsan Qarabağın Ağ Damı...Qarabağın mərkəzi. Qonaqpərvər insanları ilə bəxtəvər olan şəhər.

Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev...27 illik həsrətdən sonra biz sənə qayıdırq...

Biz daha gözəl evlər tikəcəyik səndə.

Dünyanın ən gözəl Ağdamın tikəcəyik! Yenə də ən gözəl evlər səndə olacaq. Yenə Ağdam Çay Evində çay içəcəyik. Yenə dünyada ikinci olan Çörək Muzeyimizə ziyarətçilər gələcək...

Qədim türk dilində “kiçik qala”dı Ağdam. Azadlığın mübarək mənim üçün Vətənin başlanğıc ünvanı.

Nə zamansa bu heyətlə bir də foto çəkdirəcəyik.

Vüsalə Məmmədova, aparıcı (İTV) isə bacıları ilə Ağdamda çəkilən uşaqlıq fotosunu paylaşıb və Ağdam sevinci ilə bu sözləri yazıb: “Həmişə qaçqın olmamışıq ha! Belə xarizmatik vaxtlarımız da olub!'' 

''Son illərdə Səadətlə Quzanlıdakı "Çay evi"nin qarşısında şəkil çəkdirdik, sonra baxdıq ki, ikimizin də üz-gözündən köçkünlük tökülür, paylaşmadıq''.

''Ürəyimiz götürmədi... Qismət olsa, nə zamansa bu heyətlə bir də foto çəkdirəcəyik”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO