Qida rasionumuzun əsasını təşkil edən məhsullardan biri də şəkər tozudur. Bu gün Azərbaycan bazarlarında istehlakçılara müxtəlif adda və keyfiyyətdə şəkər tozu təklif olunur. Hansı ki, onların arasında istər yerli istehsal, istərsə də idxal məhsullarına rast gəlinir.
Son vaxtlar şəkər tozunun keyfiyyəti ilə bağlı ictimaiyyətdə çoxsaylı şikayətlər eşidirik. Xüsusilə çəkilə satılan şəkər tozunun tərkibinin keyfiyyətsiz olduğu iddia olunur. Əvvəl çayı şirin etmək üçün cəmi 3 çay qaşığı şəkər tozu kifayət edirdisə, indi 5-6 qaşıq tökülsə də, şirin olmur.
Halbuki mütəxəssislərin dediyinə görə şəkərin tərkibindəki şəkərlilik səviyyəsi tam olaraq 99,9 faiz olmalıdır.
MÖVZU İLƏ BAĞLI:
Supermarketlərdə qəbz fırıldağı: "ƏDV-ni geri almaq üçün kod verilmir"- ŞİKAYƏT
Bəzi istehlakçılar şəkər tozuna ağ rəngdə hansısa qatqı və ya maddənin qatıldığını da iddia edirlər. Onların dediyinə görə şəkər tozunu bir qədər yüksəkdən tökəndə ağ toza bənzəyən qatqını çox rahatlıqla görmək mümkündür. Bəzi iddialara görə ağ maddə heyvan sümüyünün əzməsidir ki, bu da orqanizmdə ciddi fəsad və təhıükələrə yol açır. Ekspertlərin fikrincə, şəkər tozunun şirinliyinin azalması məhz onun istehsalında yol verilən saxtakarlıqlarla bağlıdır.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında şəkər tozu ilə bağlı onlara hər hansı şikayət və müraciətlərin daxil olmadığını deyib:
“Şəkər tozu ilə bağlı problemə əsasən xaricdən gətirilən şəkər məhsullarında rast gəlmək mümkündür. Yerli şəkər istehsalı tam standartlara uyğun şəkildə həyata keçirilir. Xarici ölkələrdən gətirilən şəkərlərdə isə söylədiyini problemlərin olması istisna deyil. Şəkər tozu ilə bağlı bizə şikayətlər gəlmir. Amma kəllə qəndlə bağlı kifayət qədər müraciətlər oxuyuruq”, deyə Eyyub Hüseynov əlavə edib.
Statistika Komitəsinin məlumatına görə 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 169,6 min ton qənd və şəkər tozu istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qənd və şəkər tozu 79,3 faiz artıb.
Məlumat üçün bildirək ki, şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur.
Dünya üzrə istehsal olunan şəkərin 45 %-i şəkər çuğundurundan, 55 %-i isə şəkər qamışından alınır. Yəni dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu isə şəkər çuğundurunun payına düşür.
Şəkər tozu nisbi rütubəti 70 faizdən çox olmayan anbarlarda 0-200 C-də uzun müddət saxlanıla bilər. Şəkər tozunun digər mallarla birgə saxlanması qadağandır. Bu məhsulun sахlаnılmаsı zаmаnı əsas təhlükə onun nəmliyə məruz qаlmаsıdır. Ona görə də şəkər tozunu nəmliyi 60 faizdən çox olan yerdə saxlamaq olmaz.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəfələrlə şəkər tozu ilə bağlı maarifləndirmə aparılıb.
Agentlik istehlakçılara şəkər tozu alarkən nələrə diqqət yetirməli olduqlarını tövsiyyə ediblər:
“Şəkərin normadan artıq qəbulu sağlamlığımız üçün təhlükəlidir. Təsadüfi deyil ki, şəkər tozunu “ağ ölüm” də adlandırırlar. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə də artıq çəki və diabetin yaranmasına səbəb olur. Eyni zamanda xroniki xəstəliklərə yol açır. Şəkərdən həddən artıq istifadə immun sistemini zəiflədir, nəticədə orqanizm xəstəliklərə qarşı mübarizədə müqavimətini itirir. Mütəxəssislər orqanizmin şəkərə olan tələbatını təbii qidalardan almağı tövsiyə edirlər. Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə və kənar qatışıqların olub-olmamasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır. Rəngi ağ, sarımtıl, parıltılı olmalıdır. Dadı təmiz şirin olmaqla, kənar dad və iy, keyfiyyətli şəkər tozu suda tam həll olmalı və çöküntü verməməlidir”, deyə qurumun məlumatlarında qeyd olunur.
Alçina Amilqızı, Bizim.Media