Azərbaycan 44 günlük Vətən savaşı ilə 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Biz bu qələbəmiz ilə 30 illik kədərimizə son qoyub, öz əzəli torpaqlarımız qayıtdıq.
Möhtəşəm qələbəmiz, bizi xalq olaraq, dəmir yumruqda birləşdirib, bizə sevinci, əsas da qələbə hissini bəxş etdi.
MÖVZU İLƏ BAĞLI:
“Vətən yaxşıdır” - 44 günlük müharibənin ƏBƏDİ DƏRSLƏRİ
Nəhayət ki, biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıtdıq.
Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti qəbullandırmağı bacardı.
İndi Qarabağ yenidən qurulur...
Bu gün Qarabağın qurulmasında Azərbaycan yüksək performans göstərməyi planlayır. Bu qayıdış planı tamam fərqli bir layihə olacaq. Qarabağda ən gözəl quruculuq işləri aparılaraq, dünyanın həm mədəni, həm siyasi, həm də yeni texnologiyaları özündə ehtiva edən möhtəşəm bir məkana çevriləcək. Qarabağ dünya üçün elə bir diqqət mərkəzinə çevriləcək ki, onun nəbzi orada atacaq.
Burada şəhər və kəndlərin ən son texnologiya ilə qurulmasından tutmuş, bağların ağacların ən son texnologiyalarla suvarmasına qədər xırda detallar belə nəzərdən qaçmayıb.
Ağdam...
Hazırda demək olar ki, yerlə-yeksan olunmuş Ağdamın gələcək ərazisi iki dəfə böyüyəcək. Zamanında ərazisi 700-800 hektar olan Ağdam şəhəri indi iki dəfə böyüyəcək. Ağdama məxsus, 1700 hektara daxil bəzi ərazilər bağlara veriləcək.
Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur.
Şəhər sakinlərinin üçdə biri fərdi evlərdə yaşayacaq.
Şəhərdə nəqliyyat infrastrukturu əsas üstünlüyü piyadalara verəcək. Baş planda əsas hərəkət vasitəsi kimi velosipedlər xüsusi yer tutacaq. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər.Bundan başqa şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq həmçinin relslər olmadan təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də nəzərdə tutulub.
Təhsil Nazirliyi isə Ağdamda müasir tələblərə cavab verın innovativ 15 məktəb inşa edəcək.
Ağdam şəhərinin yeni nəzərə çarpacaq xüsusiyyətlərdən biri onun "intensiv, müasir bağlar" və əlçatan yaşıl zonalara sahib olması olacaq. Turistlər və yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər.
Maraqlı olan daha bir məqam Ağdamda bitkilərin seçimi ilə bağlıdır. Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq.
Ağıllı şəhər konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibi olacaq.
Zəngilan və Cəbrayılda ağıllı kənd...
Demək olar ki, bütün Qarabağın planında Ağdamın baş planında olduğu kimi bütün quruculuq işləri ən son texnologiyalarla tikiləcək və Qarabağ dünyada analoqu olmayan müasir bir məkana çevriləcək.
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi icra ediləcək. Burada da şəhərlər, kəndlər dünyada analoqu olmayan yeni stildə, çağdaş 21-ci əsrin tələblərinə uyğun quruculuq işləri aparılacaq.
“Ağıllı kənd”in komponentlərindən biri yaşayışda smart texnologiyalar və süni intelektdən istifadədir. Bundan başqa "Ağıllı kənd"in sakinləri yüksək sürətli internetdən, distant səhiyyənin üstünlüklərindən istifadə edəcəklər. İstehsal prosesində innovativ texnologiyalardan istifadə olunacaq ki, bu, daha səmərəli istehsaldır. Texnologiyadan istifadə etməklə daha məsuldar bitkilər, tərəvəzçilik, bağçılıq məhsulları əldə olunacaq.
Qədim Xudafərin körpüsü öz qədimliyini qoruyaraq, bərpa olunaraq yeni dünyanı qədim irsi ilə birləşdirən bir körpü rolunu oynayacaq. Qarabağ dünyanın ən kreativ, ən yaradıcı quruculuq məkanına çevriləcək.
Yeni hava limanları...
Füzuli, Laçın və Zəngilan hava limanları...
İşğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Bu ərazilərdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq.
Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan turist səfərlərini asanlaşdıracaq. Zəngilan Hava Limanı isə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eyni olacaq.
Qarabağ özünün qədim simasını qoruyub saxlamaqla yanaşı ən son texnologiyaların quruculuq sisteminə çevriləcək. Ən əsası isə Azərbaycan bir daha bu layihələr ilə dünyaya qüdrətini göstərmək imkanı əldə edəcək.
Ağdam - Bərdə dəmir yolu...
Ümumi uzunluğu 45 km olan Bərdə-Ağdam dəmiryol xəttinin layihələndirilməsi isə Qarabağa yeni nəfəs verəcək.
Ümumiyyətlə, bu dəmiryolları bir çox ticarət yolları üçün əlverişli şərait yaradacaq. Qarabağda Azərbaycan Asiya ilə Avropanı birləşdirəcək.
Şuşa dünyanın ən müasir yaşayış modelinə çevriləcək...
Mədəniyyətin, məhəbbətin beşiyi Şuşa...
İşğaldan azad edilmiş bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşaya yenidən həyat qayıdır.
Şəhərdə ən müasir məktəblər, mədəniyyət mərkəzləri qurulacaq. Bütün bunlar insan təfəkkürünün fantaziya və yaradıcılığı ilə vəhdət təşkil edəcək. Şuşa yeni texologiyalrın tətbiqindən dünyanın ən gözəl tikinti mərkəzinə çevriləcək.
Qarabağ yeni dünya ilə qədim dünyaya gedən yol olacaq. Qarabağ yeni dünyaya açılan bir qapı, iki sivilizasiyanı qovuşduran bir körpü olacaq.
Müasir qurulan Qarabağda yetişən nəsildə fərqli yetişdiriləcək. Bu şəraitin içində böyüyüən gənc nəsil müasir dövrün çağırışlarına uyğun yetişəcək.
Yeni qurulan Qarabağda Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar hətta ermənilər belə yaşamaq istəyəcək.
Sonda ermənilər də Azərbaycan xalqının necə sülhməramlı və inovator xalq olduğunu görmək şansını əldə edəcək desək heç də yanılmarıq.
Biz Qarabağı yenidən qururuq.
Biz Xocalını, Xocavəndi, Xankəndini də quracağıq.
Biz qayıtdığımız torpaqlarımıza yeni nəfəs, yeni ruh bəxş edəcəyik.
Azərbaycan, yeni Qarabağın mübarək!
Vüsalə Balayeva, Bizim.Media
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır