“Sabah APA TV-dən sonuncu məzuniyyətimə çıxıram, bu gün isə sonuncu iş günümdür burada. 29 yaşımda gəldiyim “APA Group”dan 44 yaşımda ayrılıram”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində tanınmış jurnalist Cavid İsmayıl yazıb.
O, bu müddətdə vesti.az istisna olmaqla media qrupa daxil olan bütün saytlarda çalışdığını, üstəlik, televiziya təcrübəsi qazandığını deyib.
MÖVZU İLƏ BAĞLI:
Orxan Məmmədli APA TV-nin baş direktoru təyin edildi
“Tarix üzrə fəlsəfə doktoru olmaq yolundakı bürokratik əngəlləri də “APA Group” rəhbərliyinin verdiyi icazələr sayəsində aşdım. “APA Group”un rəhbəri Vüsalə Mahirqızına etimadına və uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm.
15 il ərzində bu kollektiv ikinci evimiz sayılsa da, əslində birinci evimizdən çox APA-nın ofisində olduq. Nurşən Quliyev başda olmaqla gözəl dostlar qazandıq. Sevincimizi bölüşdük, kədərimizə şərik olduq. Tarixi hadisələrə şahidlik edə-edə həm də onun xəbərini yazdıq, süjetini hazırladıq. Bu hadisələrin kulminasiyası isə Vətən Müharibəsi və Şuşa Zəfəri oldu”.
Cavid İsmayıl indiyə qədər çalışdığı bütün yerlərdən olduğu kimi, “APA Group”dan da halallaşaraq ayrıldığını bildirib:
“Vacib olan insani münasibətləri qorumaqdır. İş bitər, dostluqlar bitməz!”.
Bizim.Media