Xürel kəndinin ilk ŞƏHİDİNİN evində - Ailəsinin indi bir arzusu var... - REPORTAJ

Xürel kəndinin ilk ŞƏHİDİNİN evində - Ailəsinin indi bir arzusu var... - REPORTAJ

Hazırda oxunan: Xürel kəndinin ilk ŞƏHİDİNİN evində - Ailəsinin indi bir arzusu var... - REPORTAJ

28888

Valideynlərimizdən sonra hər birimizin boynunda haqqı olan  şəhidlərimizə borcluyuq. Elə bir haqq ki, ömrümüz boyu onların borcunu verə bilmərik. Vətən yolunda öz canını fəda etmiş  belə şəhidlərdən birinin ailəsindəyəm. Qusarın Xürel kəndinin 20 yaşlı şəhidi Ənvər Vadimoviç Şıxəliyevin doğulub boya -başa çatdığı, əsgər etdiyi evdəyəm. Söhbət ortaqlarım şəhidimizin anası Kəmalə xanım, babası Şair Şıxəliyevlərdir. Ondan ağızdolusu, qürurla və həsrətlə danışırlar. Ənvər əsgərliyə 2019-cu ilin iyunun 2-də yollanıb.

İlk aylar Gəncədə, sonra isə Cəlilabadın Göytəpə şəhərindək hərbi hissədə qulluq edib. Ana danışır ki, Vətən müharibəsi başlayanda Ənvərdən xəbərimiz olmayıb, ta özü zəng eləyənə qədər:



"Ənvər oktyabrın 5-də zəng elədi. Sonra 12-də,16-da, son dəfə 24-də danışdıq. Oktyabrın 30-da onun şəhid olmağı xəbəri çıxdı. Noyabrın 1-də isə dəfn etdik". Nə qədər ağır itki  yaşasalar da, Şıxəliyevlər ailəsini nikbin və gözütox gördüm. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan ailənin maddidən çox mənəvi dəstəyə ehtiyacı var. Şəhidin anası bildirir ki, "istərdik ki, Xürel kənd tam orta məktəbinə oğlumuzun adı verilsin. Ənvər Vətən müharibəsində Xürel kəndinin yeganə şəhididir. Bununla bağlı  qurumlara da müraciət  etmişik. Nazirlər Kabinetinə və Qusar icra hakimiyyətinə də müraciət edilib. Başçı Şair Alxasov deyib ki, məsələyə baxacağıq".



20 yaşlı Vətən şəhidi olan nəvəsi haqda iftixarla danışan baba Şair Şıxəliyev hesab edir ki, Azərbaycan Milli Ordusunda Xüsusi təyinatlı əsgər kimi qulluq etmiş Ənvərin adının kənd məktəbinə verilməsi onun özünə yox, gənc nəslə daha çox  lazımdır.

Qoy gənc nəsil görsün ki, Ənvər kimi igid oğullar müharibədə  necə vuruşub, necə canından keçib.



Şair kişilə söhbətimizdə qəfildən söyləyəndə ki,  mən ermənilərdən ikinci zərbəni  aldım Ənvər şəhid olanda, şoka düşdüm. Baba söylədi ki,1918-ci ildə ermənilər Quba qəzasına basqını zamanı Qanlı dərədə gedən döyüşdə babam Abdrahman Şıxəliyev də həlak olub. Bir əsrdən sonra indi də nəvəm ermənilərin güçlə Azərbaycanı çəlb etďiyi Vətən mühàribəsində  şəhiflik zirvəsinə ucaldı. Belə bilirəm ki, daha 3-cü zərbə olmaz. Bəli, Şair kişi, olmaz. Bizim qətiyyətli Ali Baş Komandanımız İlham Əliyev və qalib Ordumuz  3-cü zərbənin qarşısını alıblar.

Düzü, baba Şair Şıxəliyevdən babasının 1918-ci ildə Qanlı dərədə ermənilər tərəfindən öldürülməsini eşidəndə şok oldum.

Çünki 2007-ci ildə Qubada kütləvi məzarlıq aşkarlananda mən bu mövzunu çox araşdırmışam. Onda ANS televiziyasında işləyirdim. Araşdırmam nəticəsində Qubanın Dugah kəndi ərazisindəki  Qanlı dərədə Qusardan və Qubadan nə qədər dinc insanın əliyalın halda ermənilərin qarşısını kəsdiyini, silahlı ermənilərlə qeyri-bərabər döyüşdə öldürüldüklərini eşitmişdim. İndi Vətən şəhidimiz olan, babası Ənvərin adını daşıyan igid Ənvərimizin ulu babası Abdrahman Şıxəliyev də Qanlı dərə qurbanlarından biri imiş...



Şıxəliyevlər ailəsinin yeganə oğlu ,iki bacının qardaşı olan Ənvər Şıxəliyev Vətən müharibəsində əsl şücaət və qəhrəmanlıq göstərib.

Füzulidən Şuşayacan gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 29-da Şuşada  ürəyindən vurulub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham  Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Vətən uğrunda","Kəlbəcərin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilən Ənvər Vadimoviç  Şıxəliyev  Xürel kəndinin Qarabağ münaqişəsində verdiyi ilk şəhiddir. Ənvərin anası  Kəmalə xanım oğlunu itirməmişdən əvvəl qardaşı Şıxrəhimin oğlu Cumartın şəhid xəbərini eşidib.Deyir ki,Ənvərlə Cümart bir gündə-2 iyun 2019-cu ildə əsgərliyə gediblər. Gülə-gülə, sevinə -sevinə getmişdilər, böyük arzuları vardı...Yeri gəlmişkən, Ağdərədə şəhid olan Cumart Əlimuradov Qusarın Urva kəndində dəfn edilib və kəndin Vətən müharibəsində ikinci şəhididir. Tolerant, çoxmillətli  Azərbaycanın Vətən müharibəsində tarix yazan şəhidləri arasında neçə-neçə, yüzlərlə azsaylı xalqların nümayəndələri də var. Haqqında bəhs etdiyim 20 yaşlı Ənvər Şıxəliyev və dayısı oğlu Cumart Əlimuradov ləzgi xalqının nümayəndələri idilər.



Doğma Vətənimiz  Azərbaycan üçün "uf"demədən canından keçən unudulmaz şəhidlərimiz, ruhunuz şad olsun!

Şıxəliyevlər ailəsinin arzusuna gəlincə, Qusar İH başçısının müavini Elman Mustafayev bildirdi ki, şəhid adlarının əbədiləşdirilməsi Nazirlər Kabinetinin mövcud qərarına əsasən tənzimlənir. 



Ümid edək ki, Xürel kənd məktəbinə şəhid Ənvər Şıxəliyevin adının verilməsi məsələsi qanunvericiliyə əsasən müsbət həll ediləcək.

Aytəkin Alxaslı, Bizim. Media










 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO