Bəzi sürücülər avtomobillərinin şüşəsinə görünməni məhdudlaşdıran müxtəlif yazılar yazır, şüşəyə şüar və şəkillər vururlar. Avtomobillərinə şəhidlərimizin, milli qəhrəman və atributlarımızın şəkillərini, reklam lövhələri yerləşdirənlər də az deyil. Əslində bu, sürücülərin şəhidlərimizə və onların ruhlarına olan hörmətindən irəli gəlsə də, həssas məqamdan sui-istifadə edənlər də var.
Bəzən avtomobilin arxa və yan şüşəsini tamamilə örtən şəkillər təhlükəli vəziyyətə və qəzalara səbəb ola bilir.
Bundan əlavə şəhidlərimizin fotoları vurulan maşınlarla kobud qayda pozuntusu törədən, yol polisi tərəfindən saxlandıqda şəhidin şəklini gəzdiridiyinə görə cərimə yazılmamalıdır kimi özündən müştəbeh addımlar atan sürücülər də olur. Bəzən isə şəkilləri maşının elə yerlərinə vururlar ki, toz basır, külək qoparır, cırılır və ya gün dəyəndə solur.
Ümumiyyətlə, avtomobilə şüar, şəkil və ya lövhə vurmaq məsuliyyət yaradırmı?
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) İctimayyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Bizim.Media-ya açıqlamasında deyib ki, qanunvericilikdə hələki məsuliyyət yaradan tərkiblə bağlı məlumat yoxdur:
“Əgər söhbət müharibə iştirakçısı və şəhidin xatirəsinin əziz tutulmasından gedirsə, bu şəkli vururuq, gəzdiririk, amma qulluq edə bilmirik. O tozlanır, çirklənir, cırılır. Bütün şəhidlərimizin reklam olunmasının tərəfdarıyam. Amma müqəddəs bildiyimiz bu şəhidlərin fotolarının xalça üzərində həkk olunmasını, evlərdə, görünən yerlərdə asılmasını və nümayiş olunmasını daha məqsədəuyğun bilirəm. Nəqliyyat vasitələrinin üzərində də gəzdirilməsinə sözümüz yoxdur. Amma bəzi məqamlar var ki, nəzərə almaq lazımdır. Məsələn, yük maşını arxasına hansısa bir şəhidin şəklini vurub. Bu tozlanır, yağış altda qalır, çirklənir və cırılır. Yaxud KAMAZ markalı yük avtomobilinin üstünə hansısa şəkil vurulur. Üstünə isə qum, su vurulur və sürtülür. Siz görün o KAMAZ gedəndə hansı mənzərə yaranır.
Çox həssas mövzudur. Demirəm ki, sürücü cəza almalıdır və ya inzibati məsuliyyətə cəlb olunmalıdır. Xeyr... Ancaq mental xüsusiyyətlərimiz var. Şəhidlərimizə hörmət əlaməti olaraq bunları düşünməliyik. Bir də elə etmək lazımdır ki, görmə məsafəsini məhdudlaşmasın”.
Vaqif Əsədov sürücülərə müraciət edərək avtomobillərində gəzdirdikləri şəhid fotolarına hörmət və qayğı ilə yanaşmalarını tövsiyyə edib:
“Niyyətiniz, məramınız və düşüncəniz nədirsə, onu qoruyun. Bu gün şəhidlər hər birimizin ailə üzvüdür. Onlar bu millətin, xalqın şəhidləridir və milli atributlarımızdrlar. İstəyim odur ki, istənilən şəhidin harada fotosu varsa, ona layiq olduğu qayğını göstərək. Onun cırılmamasına, solmamasına və incinməməsinə yol verməməliyik”.
Qeyd edək ki, avtomobilin qarşısında, arxasında reklamın vurulmasına icazə verilmir.
Avtomobillərə reklam vurulması Dövlət Yol Polisi ilə razılaşdırılmalıdır. Reklamla bağlı texniki şəhadətnamə alınmalıdır. Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi ilə tənzimlənir.
Belə ki, "428.5 maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Alçina Amilqızı, Bizim.Media