5 il öncə BU GÜN – 7 oktyabrda şəhid olan QƏHRƏMANLARIMIZ - ADLAR

5 il öncə BU GÜN – 7 oktyabrda şəhid olan QƏHRƏMANLARIMIZ - ADLAR

Hazırda oxunan: 5 il öncə BU GÜN – 7 oktyabrda şəhid olan QƏHRƏMANLARIMIZ - ADLAR

274408

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 2020-ci il 7 oktyabr şəhidlərini təqdim edir:

Valeh Bədəlov 


1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 

2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib. Valeh Bədəlov 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. 2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib. 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Valeh Bədəlov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli idi. İki qızı yadigar qalıb.

Rasim Mustafayev 


28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1997-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbinə daxil olub. 2008-ci ildə məktəbi bitirib. Rasim Mustafayev Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rasim Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Rasim Mustafayev oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Rasim Mustafayev Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Vüsal Həsənov 


3 iyul 1997-ci ildə Bakı şəhərində anadan olub. 4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyüyüb. Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsilini alıb. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olub. Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal Həsənov 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub. 

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Vüsal Həsənov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Turqut Xəlilbəyli 


1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. 

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalı ilə, "Azərbaycan Bayrağı" ordeni təltif edilib. 

Taleh Mehtiyev 


28.10.2001-ci ildə Bakıda Sabunçu qəsəbəsində anadan olub. 25.05.2020-ci ildə hərbi xidmətə çağırılıb. Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində döyüşüb. 7 oktyabr 2020-ci ildə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Taleh Mehtiyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” "Vətən uğrunda" medalları ilə təltif edilib.

Aydın Rüstəmov 


17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub.Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib. 2015-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Avropa Texniki Universitetinə qəbul olub. 2019-cu ildə 4-cü kurs tələbəsi olarkən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılan Aydın Rüstəmov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsində iştirak edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə vuruşub.

Aydın Rüstəmov bu istiqamətində gedən döyüşlərdə yaralanıb, ona ilkin tibbi yardım göstərildikdən sonra döyüşə davam edib. 7 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra " Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”  medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Süleyman Qarayev 


1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. 2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Süleyman Qarayev 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub. 

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Süleyman Qarayev sentyabr ayının 21-dən könüllü olaraq hərbi təlimlərə qoşulub və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib.

Zaur İsmayılzadə 


1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə Şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil alıb. 

Zaur İsmayılzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsi ilə xidmətini davam edib.

2016-cı il Aprel döyüşlərində savaşıb. Zaur İsmayılzadə döyüş gedişatında ağır yaralanıb və səhhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan tərxis olunub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlamış və Azərbaycanda səfərbərlik elan edilib. Beləliklə, Zaur İsmayılzadə səfərbər olunub, 29 sentyabr 2020-ci ildə könüllü olaraq ordu sıralarında qayıdıb.

Zaur İsmayılzadə oktyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib.

İlkin Məmmədzadə 

1991-ci ilin 19 dekabrında Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıtdakı 42 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. 2012-ci ildə ali təhsilini qırmızı diplomla başa vurub. Daha sonra magistr təhsilinə yiyələnib.

O, həqiqi hərbi xidmətdən bir neçə il sonra, 2016-cı ilin iyun ayında leytenant rütbəsində ordu sıralarına qatılır (tağım komandiri vəzifəsində). Daha sonralar isə baş leytenant rütbəsi alıb.
İlkin Məmmədzadə 2020-ci ilin oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü dərəsi" adlanan ərazidə qəhrəmancasına şəhid olub.

O, 2020-ci ilin oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 15-də imzaladığı Sərəncamla İlkin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ayaz Əhmədov 


2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2007-2016-cı illərdə Ceyhun İbrahimov adına Ərəbcəbirli kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Göyçay Peşə Liseyində təhsil alıb. Ayaz Əhmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.

Ayaz Əhmədov 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb.

Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib. Azərbaycan Ordusunun əsgəri olan Ayaz Əhmədov 6 oktyabrdan 7 oktyabra keçən gecə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn oluunub. Ayaz Əhmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Telman Ələkbərov 


1991-ci il martın 30-da Bakı şəhərində anadan olub. Onun babası - mətnşünas Əli Fəhmi idi. Azərbaycan Ordusunun leytenantı olan Telman Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Telman Ələkbərov oktyabrın 7-də Ağdam rayonu istiqamətində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Telman Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə”, "Cəsur döyüşçü" medalı və  III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Əvəz Məmmədov 


2001-ci il iyunun 1-də Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. 2007-2018-ci illərdə S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Əvəz Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əvəz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əvəz Məmmədov oktyabrın 7-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əvəz Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Nicat Əlizadə 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində alıb. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirib.

Peşə təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonunda atıcı, sanitar təlimatçı kimi yerinə yetirən Nicat 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbristanlıqda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nicat Qorxmaz oğlu Əlizadə ölümündən sonra “Vətən uğrunda” , "Suqovuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib.

Mirzəcan Orucov 


2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub. Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Suqovuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Elnur Qədirli 


1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Elnur Qədirli 2020-ci il sentyabrın 29-da Hərbi Komissarlıq tərəfindən Vətən müharibəsinə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qədirli oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı itkin düşüb.

Elnur Qədirli  şəhid statusu alıb. O,  “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliib.

Cavanşir Həmidli 


20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinə qəbul olub. 2019-cu ildə universitetini bitirərək "Maliyyə" ixtisası ürə bakalavr dərəcəsi alıb.

Vətən qarşısında borcunu yerinə yetirmək üçün 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun "N" saylı "Həmlə" Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılaraq hərbi texnikanın və döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəməklə hərbi hissə rəhbərliyinin rəğbətini qazanıb.

Cavanşir Həmidli 07 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çayrud kəndində anadan olan əsgər Cavanşir Namik oğlu Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Murad Rəhimli 


1991-ci ilin 31 oktyabrında Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə ADPU-nun ekologiya fakültəsinə daxil olub. SOCAR-da atıcı işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib. 2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.

O, 7 oktyabrda Suqovuşanda şəhid olub. 8 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına əsasən Murad İlqar oğlu Rəhimli  ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi, 2 oğul övladı var.

Sübhan Məmmədli 


1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olub. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olub.

Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlayıb. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət edib. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 

2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirib. 2019-cu il 26 iyunda Baş Leytenant rütbəsinə yüksəlib. 2020-ci il oktyabrın 7-də düşmənlə döyüşdə, Füzuli rayonu ərazisində, yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı və "III dərəcli Rəşadət" medalı ilə təltif edilib.

Rəşid Həmidov


19.09.1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 9-cu sinifdən sonra o, Dəmir Yolu Texnikomuna daxil olub və tam kursu bitirib. Texnikomu bitirdikdən sonra 2019-cu ildə Hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşid Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Murovdağın, Suqovuşan (Tərtər)in və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Kazım Məmmədsalahov 


7 may 1989 Şəki rayonunun Qoxmuq kəndində anadan olub. Kazım Məmmədsalahov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında uzun müddət idi ki, müddətdən artıq hərbi xidmət edirdi.

Kazım Məmmədsalahov 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Toğrul Ağalarlı 


1995-ci il yanvarın 31-də Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Ağalarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Toğrul Ağalarlı oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra "Vətən uğrunda","Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO