“Mərkəzi Bankın yeni hesablamasına əsasən, Bakıda orta aylıq əmək haqqı ilə mənzil almaq üçün təxminən 18 ildən çox fasiləsiz işləmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu göstərici bir çoxlarına iqtisadi qanunlara zidd kimi görünsə də, əslində bunun aydın iqtisadi səbəbləri mövcuddur.
Ekspertin sözlərinə görə, ilk növbədə, əhalinin iri şəhərlərə, xüsusən Bakıya axını mənzilə olan tələbatı xeyli artırır. Bu, bazarda qiymətlərin yüksəlməsinə təzyiq göstərən əsas amillərdən biridir.
“Əsas səbəblərdən biri isə kapitalın istiqamətlənməsi ilə bağlıdır. Belə ki, mövcud şərtlər altında əldə edilən vəsaitlərin əhəmiyyətli hissəsi istehsal, ixrac və real sektora yönəlmək əvəzinə, daşınmaz əmlak bazarına yönləndirilir. Yəni, bu vəsaitlər iqtisadiyyatın dəyər yaradan sahələrində dövriyyəyə daxil olmur”.
E. Əmirov bildirib ki, bəzi hallarda alıcılar daşınmaz əmlakı birbaşa öz adlarına yox, qohumların və ya tanışların adına rəsmiləşdirirlər. Nəticədə, bəzi yaşayış komplekslərində mənzillər yaşayış üçün yox, kapitalın saxlanılması vasitəsi kimi istifadə olunur. Bu da gecələr həmin binalarda işıqların çoxunun sönük qalması ilə özünü büruzə verir.
“Mənzil bazarındakı qiymət artımı iqtisadi qanunların pozulması ilə deyil, kapitalın dövlət və ya özəl investisiya sahələrinə yönəlməməsi, yəni kapitalın təbii dövriyyəsinin pozulması ilə izah olunur. Deməli, əhali gəlirləri ilə mənzil qiymətləri arasındakı bu ziddiyyət iqtisadi qanunların pozulması deyil, kapitalın təbii dövriyyəsinin pozulmasıdır. Qısası, bizdə mənzillər yaşayış üçün yox, pulun qorunması üçün alınır”.
Bizim.Media