Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Budaqovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 11 il 6 ay müddətə azadlıqdan məhrumetmə edilib.
İttihama görə, hadisə 27 fevral 2025-ci il tarixdə, saat 09 radələrində Masallı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Elnur Budaqov həyat yoldaşı, zərərçəkmiş Səmayə Budaqovaya (adı, soyadı şərtidir) ona xəyanət etməsindən şübhələnərək, bu səbəbdən onu öldürmək qərarına gəlib. O, bu məqsədlə özünə məxsus fərdi yaşayış evində arvadı ilə mübahisə edib. Bu zaman evdən götürdüyü mətbəx bıçağı ilə qadına hücum edib.
Təqsirləndirilən şəxs övladlarının gözləri qarşısında xüsusi qəddarlıq nümayiş etdirərək, Səmayənin bədəninin müxtəlif nahiyələrinə qəsdən ardıcıl bıçaq zərbələri endirib və nəticədə qadına ağır xəsarətlər yetirib.
Hadisə zamanı Səmayə Budaqova aldığı xəsarətlərdən öləcəyini bildirərək təqsirləndirilən şəxsdən aman diləyib, lakin o, cinayətkar niyyətindən dönməyib, xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirərək zərərçəkmişə daha çox ağrı və əzab vermək məqsədilə hücumlarını davam etdirib.
Bu zaman hadisəyə müdaxilə edən qızı Maya Budaqova (adı, soyadı şərtidir) atasının cinayət əməlini dayandırmaq istəyib. Lakin təqsirləndirilən şəxs əlindəki bıçaqla ona da sağ əlin IV barmağının dırnaq falanqasının kəsilmiş yarası şəklində olan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurma dərəcəsində xəsarət yetirib.
Daha sonra Elnur hadisə yerini tərk edib. Ana və qızı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb, göstərilən ixtisaslı tibbi yardım nəticəsində Səmayə həyatını itirməkdən xilas edilib. (Pravda.az)
Bizim.Media