Müasir yaradıcı mətnlərdə sərt, kobud və bəzən təhqiredici ifadələrin istifadəsi bəziləri tərəfindən “bədii azadlıq” kimi qəbul olunsa da, digərləri bunu cəmiyyətin əxlaq dəyərlərinə zərər verən bir amil kimi qiymətləndirir. Bu günlərdə Türkiyədə məşhur müğənninin mahnısına mətndəki vulqar və aşağılayıcı ifadələrə görə cinayət işinin açılması məsələni bir daha gündəmə gətirdi.
Ümumiyyətlə bədii azadlığın sərhədi hara qədərdir? Yaradıcı şəxs işlətdiyi ədəbi ifadələrə görə məsuliyyət daşımalıdırmı?
Azərbaycanda yeni nəsil şairlər sələfləri ilə müqayisədə daha cəsarətlidirlər – bəzən sözü başsız atlı kimi çöllüyə buraxırlar. Amma sözün də aşa bilmədiyi bir “qırmızı maneə” olmalıdır. Xüsusilə də gənc nəslin, hətta böyük çoxluğun maraqla dinlədiyi meyxanalarda buna daha çox diqqət yetirilməlidir.
Meyxana, özünəməxsus şifahi sənət növüdür: onun təməlində söz ustalığı ilə yanaşı, problemlərə satirik yanaşma da dayanır. Amma bəzən bu janrda sərt və təhqiramiz ifadələrin işlənməsi söz azadlığı ilə məsuliyyət arasındakı incə sərhədi keçir. Nəzərə alsaq ki, gənc nəslin maraq göstərdiyi bu incəsənət növü kütləyə daha çox yönəldiyindən, məsələ daha da ciddiləşir.
Meyxana insanın birbaşa ovqatından asılıdır
Mövzuyla bağlı Bizim.Media-ya danışan tanınmış meyxanaçı Namiq Məna bildirdi ki, bəzən deyişmə zamanı bir az səhlənkarlıq və asudəlik olur ki, bu da müəyyən çərçivəyə salınmalıdır, etik normalardan kənara çıxılmamalıdır:
“Şifahi xalq ədəbiyyatını götürsək, orda da aşıq deyişmələrində də “hərbə-zorbalar” olub. Amma meyxananın izləyici kütləsi daha çoxdur deyə məsuliyyət daşımaq lazımdır, qeyri-etik ifadələr arzuolunmazdır. Deyişmə ani olaraq çevik zəka tələb edir ki, qarşındakı rəqibi dinləyib ona cavab verəsən. Bu, çox çətin janrdır, insanın birbaşa ovqatından asılıdır. Auditoriyanın digər rəqibə olan alqışları insanı ruhdan da sala bilər. Bunlar hamısı əsas faktorlardı”.
N.Məna həmçinin vurğuladı ki, hər bir peşənin özünəməxsus “xəstəliyi” olduğu kimi, meyxanada da məclislər səbəbindən yuxusuz gecələr insanın həmin andakı əhvalına təsir edir.
“Buna baxmayaraq nümunəvi mətnləri olan meyxanalar da az deyil. Xüsusən vətənpərvərlik və digər milli dəyərlərlə bağlı meyxana nümunələrimiz var. Sadəcə deyişmə zamanı tələskənlik, bəzən səriştəsizlik və özünəhörmətdən irəli gələn bir şeydir ki, qarşısındakının kobud sözünü qəbul edə bilməyib ona cavab verirlər. Bu da bəzi hallarda qeyri-etik ifadələrin işlənməsinə gətirib çıxarır”.
Meyxanaçı deyir ki, tərəf-müqabilinindən də çox şey asılıdır. El şənliklərində bəzən 3-4 meyxanaçı birlikdə deyişir, belə məqamlarda işarələrlə bir-birini xəbərdar edirlər.
“Amma yenə də işlədilən sözün məsuliyyətini daşımaq lazımdır. El şənliklərində, insanların önündə qışqıra-qışqıra, sərt şəkildə meyxana deməyin əleyhinəyəm. Əksinə gülərüz deməlisən ki, xoş qarşılansın. Bir-birinə hörmətlə yanaşıb, sözün mahiyyətini anlamaq lazımdır”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 04.10.2025
Namiq Məna: “İnsanların önündə qışqıra-qışqıra meyxana deməyin əleyhinəyəm”
Hazırda oxunan: Namiq Məna: “İnsanların önündə qışqıra-qışqıra meyxana deməyin əleyhinəyəm”
Hazırda oxunan: Namiq Məna: “İnsanların önündə qışqıra-qışqıra meyxana deməyin əleyhinəyəm”
273792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.