Şimal bölgəsi rayonlarında mal-qara arasında dabaq xəstəliyi yayılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmazdan sonra Qusar rayonunda da heyvanlar arasında dabaq xəstəliyi yayıldığı barədə məlumatlar var.
Çəkiliş qrupumuz Qusarın Ləzə kəndində olarkən burada heyvanlar arasında xəstəlik müşahidə edildiyini öyrənib. Hətta sakinlərin öz mal-qarasını həyətlərində və tövlədə açıq şəkildə saxladıqlarını da müşahidə edib. Dağ kəndində maldarlıqla məşğul olan sakinlər mövcud vəziyyətdən narahat olduqlarını deyiblər.
Məsələ ilə bağlı Qusar Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin rəisi Yusif Xəncəlov saytımıza açıqlamasında heyvanlar arasında qismən xəstəlik yayıldığını təsdiqləyib. Amma o, "düzdür, heyvanlar arasında infeksiya var, dabaq xəstəliyi olduğunu demək olmaz" deyə qeyd edib. Yusif Xəncəlov rayonda peyvəndləmə işlərinin aparıldığını deyib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini əvəzi Yusif İbrahimov isə sorğumuza dabaq xəstəliyi haqqında ətraflı və ümumi cavab verməklə kifayətlənib. Bildirib ki, heyvanlarda fermerlər dabaq xəstəliyinə şübhəli əlamətlərlə rastlaşdıqda dərhal baytar həkimlərinə, ərazi üzrə Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarələrinə, AQTA-nin regional idarələrinə məlumat verməlidir.
Yusif İbrahimovun sözlərinə görə hazırda bölgələrdə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri epizotik tədbirlər planına uyğun olaraq davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu